De Byazi üçün tələm-tələsik toplanış, yaxud AFFA-nın “Brejnev taktikası”

De Byazi üçün tələm-tələsik toplanış, yaxud AFFA-nın “Brejnev taktikası”

Amal ABUŞOV

Deyəsən, Canni De Byazi Azərbaycanda gördükləriylə təsəvvür etdiklərinin, ona deyilənlərin tərs mütanasib olduğunun fərqinə varıb. Çünki dünən "CBC Sport”a qonaq olan italyan mütəxəssis bir çox sirli məqamlara üstüörtülü ehyam vurdu və açıq dillə dedi ki, Azərbaycan futbolunun inkişafı təkcə millinin baş məşqçisindən asılı olan məsələ deyil.

Hələlik Bakının gözəllikləriylə başı qatılan italyan çalışdırıcıya futbol adına göstərməyə nəsə yoxdu. Millimizin baş məşqçisi cəmi iki yoxlama görüşünü izləyib ki, orda da legionerlərin çoxluq təşkil etdiyi, yerlilərin səviyyəsinin yüksək olmadığı aksiomadı. Təsadüfi deyil ki, dünənki "Təkbətək”də də De Byazi azərbaycanlı futbolçuların İtaliyaya transferi barədə sualdan ustalıqla yayındı. Adam açıq dillə dedi ki, siz və sizin futbol hələ Avropadan çox uzaqdı. 

De Byazi bir çox məsələləri ümumi toxundu. Elə peşəkarlıq da bunu tələb edir. Əvvəlki yazılarımın birində "sehirli çubuq” məsələsindən yazmışdım. Bəli, məşqçilərin əlində "sehirli çubuq” olmur. Onlar bir andaca futbolun səviyyəsini dəyişdirə, ortaya böyük futbolçu çıxara bilməzlər. Özü də Azərbaycan kimi seçim imkanın kiçik olduğu bir ölkədə. Olan-qalan futbolumuzun da axırına koronavirus pandemiyası çıxıb. Ölkədə 6 aya yaxındı ki, rəsmi oyun keçirilmir. Ötən mövsüm yarımçıq qalıb, yeni mövsüm başlamayıb. Heç avrokuboklara hazırlaşan klublarımız belə normal hazırlıq keçib, heyəti komplektləşdirməyiblər. Belədə AFFA İtaliyadan dəvət etdiyi, xilaskar gözüylə göstərdiyi mütəxəssislərin qarşısına hansı futbolla, hansı futbolçularla çıxacaq?!

Elxan Məmmədovun dühası burda da işə yarayıb. Dünən tez-tələsik De Byaziyə göstərmək üçün "material” tapıblar. AFFA-nın rəsmi saytı yazır ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi dünən "Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində olub. Baş məşqçi 19 və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının məşqini izləyib. Söhbət hansı futbolçulardan, hansı toplanışdan gedir?! Heç kim bilmir. Çünki U-19 və U-17 millilərinin toplanışının keçiriləcəyi ilə bağlı əvvəlcədən heç bir məlumat verilməyib, komandaların heyəti açıqlanmayıb. Belədə De Byaziyə kimi göstəriblər? Mart ayından bəri heç bir çempionatda oyun keçirilməyibsə, U-19 və U-17 komandalarına futbolçu seçimi necə aparılıb?

Adamın yadına bir lətifə düşür. Qatar meşənin yaxınlığından keçir, içində də Lenin gedir. Yanacağın bitdiyini ona deyən kimi, baltanı götürür və deyir ki, birlikdə odun qırmağa gedək, qatar üçün yanacaq gətirək. İllər sonra Stalinin sərnişin kimi getdiyi qatar həmin yerdə eyni səbəbdən dayanır. Qəddar Stalin "əmr edirəm, 1 saata bu qatarı işə salın” deyən kimi hərə əlinə bir balta götürüb meşəyə qaçır. Ay ötür, il dolanır. Brejnevin konyak içə-içə getdiyi qatar yenə həmin meşənin yaxınlığında dayanır, dahi rəhbərə "yanacağımız bitib” məlumatı gəlir. Leonid İliç də əlini yelləyib göstəriş verir: "Qəti qorxusu yoxdu, relsləri döyəcləyin, pərdələri yelləyin. Qoy hamı elə bilsin ki, qatar yoluna davam edir”. İndi Azərbaycan futbolunu idarə edənlər də Brejnevin taktikasına əl atıblar. Bu gedişlə mənzilbaşı uzaqda deyil...
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR