"Dənizlini oteldən çıxmağa məcbur etdilər... Azarkeşlərdən üzr istədi" - RUBRİKA

"Danışan xatirələr" rubrikamız davam edir. 

Bu gün seçdiyimiz 2 müsahibimiz futbolda üzləşdikləri maraqlı xatirələrini bizimlə paylaşacaqlar. 

İlkin Baba (Jurnalist): "Mənim əsas işim efirdə olduğu üçün, yaşanan maraqlı məqamlar da məhz radioda olur. İki məqam xüsusilə yadımdadır. Bir dəfə hal-hazırda "Neftçi" komandasının məşqçisi olan Füzuli Məmmədov qonağım idi. Həmin vaxt "Səbail"də işləyirdi. Mövzu uşaq futbolu idi. Söhbət elə gətirdi ki, dediyim fikir onun xoşuna gəlmədi (onu əsəbləşdirmək üçün demişdim) və ayağa qalxdı, qulaqlıq taxılı halda yanıma gəldi və "sən haqsızsan, sən düz demirsən" dedi. Çaşıb qalmışdım, həqiqətən gözlənilməz oldu. Amma buna baxmayaraq onu sakitləşdirdim və birbaşa efirə "əsəbləşməyin müəllim, zəhmət olmazsa əyləşin" dedim. O vaxtdan bütün əməkdaşlarımız məqam düşən kimi deyirlər ki, sənə Füzuli kimi qonaq lazımdır ki, bəlkə səni susdura bilə. 

Bir dəfə isə hazırda MOİK-in baş məşqçisi olan Azər Bağırov verilişdə qonağım idi. Avropa Liqasının oyunları keçirilən ərəfədə mövzumuz da klublarımızın çıxışı idi. Verilişin axırında Azərdən təxmini hesablarını soruşdum, o da dedi. Növbəti həftə yenidən Azər Bağırovu dəvət etdim. Əslində məqsədli şəkildə çağırmışdım. Çünki dediyi proqnozların hamısı səhv gəlmişdi. Veriliş başladı, hesabları dedim, Azər də dedi ki, hə, mən dediyim kimi oldu. Amma gözləmədiyi bir şey var idi. Rejissorumuz Anar Məmmədovla ötən həftənin verilişindəki Azərin proqnozlarını montaj edib, efirə hazırlamışdıq və yayımladıq. Ondan sonra Azər bir müddət verilişə gəlmədi.

Yaşadığım maraqlı və qalmaqallı hadisələrdən biri 2014-cü ildə Lənkəranda olub. Mustafa Dənizli "Xəzər Lənkəran"ın baş məşqçisi olan vaxt, komanda doğma azarkeşlər qarşısında məğlub oldu. Ölkə kubokunun yarımfinal mərhələsinin "Qəbələ" ilə cavab oyunu idi. İlk oyun Qəbələdə keçirilmişdi və "Xəzər Lənkəran" 3:0 məğlub olmuşdu. Cavab oyunu 1:1 bitdi. Həmin vaxt mən həm də "futbol11.az" saytında işləyirdim. Oyundan sonra lənkəranlı azarkeşlər komandanın məskunlaşdığı otelə hücum etdi, darvazanı açıb, həyətə girdi və Dənizlini istefaya səslədi. Mən "Xəzər Lənkəran" azarkeşlərinin gözündəki qəzəbi ilk dəfə orda gördüm. "Dənizli istefa", "Rednik" şüarları ilə Mustafa Dənizlini oteldən çıxmağa məcbur etdilər. O da başqa yol olmadığını görüb, çıxdı və azarkeşlərə hesabat verib, üzr istədi.
 

Anar Şabanoğlu (Jurnalist): "Futbol+”də işləyən vaxt "Dinamo”nun kapitanı Paşa Əliyev hansısa oyunda əvəzlənəndən sonra kapitan sarğısını yerə atmışdı. Mən bu anın həm fotosunu çəkmişdim, həm də baş məşqçi Babək Alxasovdan açıqlama almışdım. Babək müəllim məşqçiliyə yeni başlayırdı, Paşa isə "Dinamo”nun lideri, ağsaqqal futbolçusu idi. Babək müəllimm dedi ki, Paşa cəzalanacaq. Yazı qəzetdə çıxandan sonra Babək müəllim baş məşqçi postundan getdi. Sonra ona zəng edib dəfələrlə üzr istədim ki, bilsəm belə olar, heç nə yazmazdım. 

Ümumiyyətlə, qalmaqallardan, konfliktlərdən, dava-dalaşdan uzaq adamam. Amma nə qədər uzaq olsan da gəlib tapır. "Neftçi”-"Pünik” oyunundakı bayraq olayından mətbuatda çox yazılıb. Yəqin ki, həyatımın ən böyük qalmaqalı və davası o olub.

Röya Kərimli
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR