Depressiyanın şərtləndirdiyi sonluq və geri dönüşün xəbərçisi mental güc - Tayqer Vuds qayıtdı

Depressiyanın şərtləndirdiyi sonluq və geri dönüşün xəbərçisi mental güc - Tayqer Vuds qayıtdı

İdman dünyasında günün əsas hekayəsi - Tayqer Vudsun "US Masters"i qazanmasıdı. Bu, onun ümumi meycorlarda 11, sözügedən yarışda isə 14 il sonra ilk qələbəsidi.

2017-ci ildə Tayqer dünya reytinqində 1199-cü pillədə idi. Son illərdə sağlamlığı, xüsusilə də psixoloji vəziyyət ilə bağlı problemlər səbəbindən onu yarışlarda görmək mümkün olmurdu. Hazırda isə 43 yaşlı qolfçu Professional Qolfçular Assosasiyasının (PGA) reytinqində 12-ci sıraya qədər irəliləyə bilib.

Xəyanət səbəbilə həyat yoldaşından ayrılan, müxtəlif vaxtlarda seks asılılığı və depressiyaya görə reabilitasiya mərkəzlərinin yolunu tutan, bir zamanlar qolf karyerasının sonuna yaxınlaşan Vuds özündə güc taparaq qayıtdı və özünü bir daha sübut etdi. Ardı-arası kəsilməyən problemlər dalğasının ardından belə bir dönüş idmançının mental gücünün göstəricisidi. Bu mənada idman psixologiyası üzrə məşhur isimlərdən, sabiq qolfçu Den Abrahamsın kitabından Tayqer Vudsla bağlı hissəni məhz bu gün paylaşmaq yerinə düşər deyə düşünürəm:

"Tayqer Vuds inanılmaz dərəcədə güclü idman imicinə malik örnəklərdəndi və bu imicin dəyişməsi və ya zərər görməsi ancaq fövqəladə hadisələrdən sonra baş verə bilər.

Məncə, Tayqer yeriyən psixolojik fenomendi. Böyüdükcə atasından aldığı təhsil bu mənada onun üçün ilham mənbəyi idi. Tayqer 6 yaşı olanda pozitiv şüuraltı mesajların müşayiəti altında yuxuya gedərmiş. Hər gecə yatanda atasının (Örl Vuds) onun yastığının altına qoyduğu kasetə qulaq asardı. "Dağları yerindən oynadacaqsan"; "Ən yaxşı" olacaqsan" - bu və bənzər ifadələrlə bol kasetdən söhbət gedir. Bu amil onun karyerasında böyük bir fərq yaradıbmı? Bilmirəm, ancaq bir şeyi danmaq olmaz: bütün bunlar uzun müddət zehni baxımdan ən güclü idmançı hesab olunan birinin "səyahəti"nin başlanğıc nöqtəsi idi.

"Bütün oyunlarda özümü favorit hesab edirdim" - Tayqer Vuds.

12 yaşında Tayqer ona təsəvvürün və xəyal qurmağın sirlərini öyrədən Cey Brunza adlı idman psixoloqu ilə müntəzəm olaraq görüşməyə başlayır. Tayqerin əfsanəvi konsentrasiyasının formalaşmasına yardımçı olan metodların təməli məhz həmin illərdə atılırdı.

Örl Vuds hər gün Tayqer ilə virtual qolf oynayırdı və bunu etməklə yanaşı, hər dəfə oyun zamanı onun konsentrasiyasını pozmaq üçün müxtəlif vasitələrə əl atırdı. Məsələn, qolf çubuğunu qaldırdığı anda öskürürdü və ya Tayqer topa vurmaq istəyəndə əlindəki çubuqları bir-birinə vururdu. Örl Vuds ölümü ərəfəsində verdiyi açıqlamalarından birində bunların Tayqeri çox əsəbiləşdirdiyini, ancaq eyni zamanda, onun bunların professional qolf dünyasına qədəm qoymamışdan öncə fokuslanma bacarığını mənimsəmək adına önəmli çalışmalar olduğunu bildiyini demişdi.

"Əvvəlcədən qolfda bu qədər uğur qazana biləcəyimi bilirdim" - Tayqer Vuds.

Beləcə, Tayqer dinlədi, öyrəndi və bəlkə də, professional qolf tarixinin ən güclü qolfçu imicini formalaşdırdı. "Mən Tayqerəm və qələbə qazanacam. Qorxun, məndən çox qorxun" - ən yaxşılarla yarışdığını, onları məğlub etdiyini görürdü və təxminlərimə əsaslanaraq sizi əmin edə bilərəm ki, kursa ayaq basanda beynində bu düşüncələr var-gəl edirdi. Və, həqiqətən də, düşündüyünü edir, qələbələri sıralayırdı - azından 2009-cu ilin dekabrında baş verən hadisələrə qədər.

Mən də qolfla məşğul olmuşam. Tayqer mənim qəhrəmanımdı. Qəti şəkildə deyə bilərəm ki, məqsədim onu professional baxımdan tənqid etmək deyil. Ancaq mən bu kitabı yazanda Tayqer artıq özündən əmin, uğurlarına müvafiq təkəbbürə sahib sabiq qolfçu deyildi. İnsanlar baş verən enişi bərbad fiziki forma və ya vuruş texnikasındakı dəyişikliklərlə əlaqələndirə bilərlər. Hər ikisi qulağa məntiqli gəlir. Ancaq məncə, ittihamlar və ardınca evliliyi boyunca pis davanışlar nümayiş etdirdiyini qəbul etməsi Tayqerin qolf imicinə təsirsiz ötüşmədi və hadisələrin davamında performansına zərər vurdu. Eyni dərəcədə baş verənlər digər professional qolfçuların onunla bağlı fikirlərini də dəyişdi. Artıq onu həm meydançanın daxilində, həm də kənarında mükəmməl şəkildə işləyən qolf mexanizmi kimi görmürlər, artıq ən böyük turnirlərdə onunla yarışa biləcəklərinə inanırlar...

Hazırda Tayqer Vudsun qarşılaşdığı problemlər zehnini pozitiv və inamlı formada bəsləmədiyin zamanlarda başına nələrin gələ biləcəyinə dair bir örnəkdi. Onun son bir neçə il ərzində yaşadığı çətinliklərin bənzərlərini yaşayanlar üçün yuxarıda qeyd etdiyim şeyi bacarmaq isə çox çətindi. Ancaq məncə, Tayqer bu mübarizəyə hazırdı".

Mənbə: Den Abrahams - "Soccer Tough: Simple Football Psychology Techniques to Improve Your Game"
 





OXŞAR XƏBƏRLƏR