"Don"dan-dona...

"Sumqayıt" - "Qəbələ" matçını izləyəndə dənizdən gələn küləklə elə mehribanlaşmışdım ki, sabahsı gün Lənkərana yollanmaq üçün ondan güclə ayrıldım. Adı el arasında soyuqdəymə olsa da, bunu öz-özlüyümdə "futbol xəstəliyi" adlandırmışdım. Sağalmaz, çarəsi olmayan, tapılmayan xəstəlikdi. Allah şəfasını verməsin...

Adətən sağalmaz xəstəliyə tutulanlar ölümünün son anlarında xoşbəxt yaşamaqla keçirir. Heç kim onların xətrinə dəymir, kimsə üzmür. Xəstənin isə yaradılan şəraitə görə xoşbəxt olmaması, azca da olsa dirçəlməməsi, yenidən həyata bağlanmaması mümkünsüzdür. Demişdim axı, biz də futbol xəstəsiyik... Sağ olsun, Peşəkar Futbol Liqası! Hər dəfə bizi ən yaxşı, ən bahalı dərmanla təmin etməkdən çəkinmir.

Biz xəstələrin xoşbəxtliyi, həm də onların mutluluğudur. Belə bir xəstənin "Böyük oyun"dan gözəl nə dərmanı ola bilərdi ki?

Düzü, Bakıdan Lənkərana 5 saata yaxın yolun necə gəlib, necə keçdiyini bilmədim. PFL-in "Xəzər Lənkəran" - "Neftçi" matçını işıqlandırmaq məqsədi ilə cənuba apardığı jurnalistlər arasında "Mafia" kimi tanınan oyun başımızı yaman qatmışdı. 3 "Mafia" və onların rəhbəri olan "Don"u tapmaq elə də asan məsələ deyil. Çünki bu elə bir oyundu ki, qardaş, yaxın, dost bildiyin şəxslər də, özünü ələ verməmək üçün aktyorluq qabiliyyətini işə salır, yalan danışmağa məcbur olur və beləliklə özündən şübhələri yayındırmağa çalışır. Bu, sadəcə, "Böyük oyun"dan öncəki adi bir oyun idi. Oyun başa çatandan sonra isə yenə dostluqlar, xoş münasibətlər davam edir.

Lənkəran hər nə qədər çayı ilə tanınsa da, şəxsən mənim üçün əsl futbol şəhəridi. Oyundan öncə kassalar önündə 7-dən 77-ə olan şəhər sakinlərini görmək də bunun əyani sübutu idi. Təəssüf ki, daxili çempionat oyunlarında hər dəfə bu mənzərəyə rast gəlmək olmur. Və... "Xəzər Lənkəran" Mərkəzi Şəhər Stadiona toplaşan 9 minə yaxın azarkeşin bir istəyi var idi - o da əzəli rəqibi "Neftçi"ni məğlub görmək.
 
Liderlər qrupunun uzaqlığında qalan komandaların dueli olduqca maraqlı alındı. Futbolçuların tez-tez mübahisə etməsi, burun-buruna gəlməsi hər nə qədər intizamsızlıq olsa da, "Böyük oyun"un bəzəyidi. "Neftçi" fanatlarının olmadığı məkanda lənkəranlı azarkeşlər rəqibini təzyiq altında saxlamağı bacardı. Amma bu, heç bir fayda vermədi. Heyət baxımından üstün olan bakılılar 8 il sonra Lənkəranda qalib gəlməyi bacardı.

Bu qələbə "Neftçi" rəhbərliyini, xüsusən də icraçı direktor Elnur Məmmədovun yaman sərxoş etmişdi. Media nümayəndələri ilə əl sıxıb görüşən Məmmədov öz aləmində, öz çapında, düşüncəsində etdiyi zarafatdan da çəkinmədi. "A, bizi yerli-yersiz tənqid edən jurnalistlər də burdadı ki" deyən cənab Məmmədovun komandası sanki "Barselona"ya qalib gəlmişdi. Deyəsən, Elnur bəy bundan öncəki turda "Rəvan"a rüsvayçı məğlubiyyəti, komandanın hazırda turnir cədvəlində YERİNİ və Müşahidə Şurasının YERSİZ qərarlarını unudub. Biz jurnalistlər yalnız oyun vaxtı "Don Mafia" oluruqsa, Məmmədov yalnız qələbə qazandıqları zamanı DONA girə bilir. Nə edək, o da bu cür xəstədi də... Allah şəfa versin!

EMİN SƏFƏROV, BAKI - LƏNKƏRAN - BAKI

Xəbər lenti