Dostuma məktub...

Dostuma məktub...
Salam, əziz dostum Hüseyn Cəbrayıloğlu. Necəsən? Bizə doğma olan Lənkəranda havalar necə keçir?

Yəqin ki, payızın nəfəsi hiss olunur, yağışlar tez-tez yağır. Bu yaxınlarda oxudum ki, sularınız kəsilib, özü də bir neçə günlük. Bilirəm ki, çətindi. Havalar soyuyanda işıqlar da sönməyə başlayar, qazlar kəsilər. Dözmək lazım, axı biz dözümlü xalqıq. Yağış yağar, çaylarda su çoxalar. "Azərsu” da həmin suyun lilini təmizləyər, evlərə göndərər. Sonrası da asandı.

Bilirəm, təəccüblənirsən. Adətən belə yazıları sən qələmə alardın, biz də sənin dostuna yazdığın məktubları həvəslə oxuyardıq. Bu aralar ənənəni pozumusan. Dostun da darıxır, biz də. Ona görə də mən sənə yazıram. Həvəsin olanda sən də dostuna yaz, bizə də surətini göndərərsən. Hələlik isə bu məktubumu oxu.

"Xəzər Lənkəran”ın kölgəyə çəkilməsindən sonra dadı-duzu qaçan Azərbaycan futbolunu diqqətlə izlədiyinin fərqindəyəm. Ürəyindən qara qanlar axsa da, vəziyyətlə barışmaq çətin olsa da, izləyirsən, baxırsan, ara-sıra da "Komanda.az”a köşələr yollayır, "feysbuk”da fəallıq edirsən. Köşələrinə söz ola bilməz. Amma bir şeydən narazıyam ki, son yazında mətbuatın da bostanına daş atmışdın, qələmə əhlini Rəşad Sadıqova (həm də "Qarabağ” və Qurban Qurbanova) loyallıq etməkdə günahlandırmışdın. Başqalarının əvəzinə narahatçılıq keçirmək, kiməsə görə sinəmi irəli vermək vərdişini çoxdan tərgitmişəm. Amma atdığın daşdan özümə də pay götürdüm, zərbədən canım ağrıdı. Bəlkə də bu gün bu məktubu qələmə almağımda həmin o daşın da rolu var.
Lənkərandan Azərbaycan futbolunun necə göründüyünü səndən yaxşı bilən olmaz. Çoxdandı oralara yolum düşmür. Bir gün mütləq Pərvin Kazımoğlunu da götürüb, sənə baş çəkəcəm. Onda sənin gözünlə Lənkərandan futbolumuza doğru baxarıq. Bakıdan Azərbaycan futbolunun görüntüsü çox ürəkağrıdıcıdı. Vəziyyət o qədər pisdi ki, mənim kimi mübariz, yazmağı, sancmağı, "hodri meydan” deməyi sevən biri də əl-qolunu yanına salıb, təslim olmaqdadı. Biz bu futbolu düzəldəcək, düz yola qaytaracaq gücdə deyilik, dostum. Bizi zəiflədiblər, parçalayıblar, yorublar. Heç azarkeşlərin də, oxucuların da vecinə deyil. Futbolumuz hansı vəziyyətdədisə, idman mətbuatımız da, azarkeşlərin futbola yanaşması, onun üçün keçirdiyi həyacan da eyni gündədi. Yəni, bərbad!

Problemlər xirtdəyə kimidi. Amma bir şeydən əmin ola bilərsən ki, Azərbaycan futbolunun Rəşad Sadıqov, Qurban Qurbanov və ya "Qarabağ” adlı problemi yoxdu. Rəşaddan, Qurbandan və ya "Qarabağ”dan tənqid yazmaqla, onları göydən yerə vurmaqla müsbətə doğru heç nə dəyişməyəcək. Əksinə, Rəşad da bezəcək, Qurban da. "Qarabağ”ın zəifləməsindən isə Azərbaycan futbolu heç nə qazanmayacaq. Bəli, onlar da ideal deyillər, səhvləri olur. Zaman-zaman deyirik, yazırıq. Düşünmə ki, nəyisə bir az başqa formada və yaxud da başqa vaxt deyiriksə, bunda şəxsi münasibətlər rol oynayır. Özün də bilirsən ki, nə Qurbanovdan əvvəl, nə də o gələndən sonra AFFA ilə "ulduzum” barışmayıb, milli komanda ilə yol yoldaşlığım olmayıb. Səfər hərisliyi, pul həvəsi bizə güc gəlsəydi, əvvəl ordan başlayardıq, AFFA ilə münasibətləri qaydasına salardıq, dostum.
 
Şair demişkən, neynəyək bir başqa şəhərimiz yox... Sevsək də, sevməsək də, reallıq belədi. Bizim başqa Qurbanımız, Rəşadımız, "Qarabağ”ımız yoxdu. Onsuz da badalaq atırlar, arxadan zərbə vururlar, ləkələməyə, gözdən salmağa çalışırlar. Bütün bu zərbələrin içində birini də biz vursaq, vicdanımız sızlamazmı? Təqvimi götürüb, hesablayaq. Görək bu yay Rəşad Sadıqov və ya Qurban Qurbanov toplanışlarda, məşqlərdə, meydanlarda, təyyarələrdə daha çox vaxt keçiriblər, ya öz evlərində?! Bu yay üç həftə Almatıda oldum. Gəzdim, dincəldim, yedim-içdim. Həyat gözəl idi. Bir daha əmin oldum ki, həyatda gəzməkdən, istirahətdən gözəl heç nə yoxdu. Tələsən yerin olmur, heç kimin qarşısında da məsuliyyət daşımırsan. Onlar bunu istəməzdimi? Bilirəm, kimsə bu yerdə "Əşi, pul qazanırlar” deyəcək. Amma onlar da bilməsə, illərini futbolun içində keçirən biri kimi sən bilirsən ki, Qurbanov da, Sadıqov da indiyə qədər futboldan yetərincə qazanıblar. Deməli, onları bu işə qol qoymağa vadar edən səbəb bu deyil. Hər nədisə, bizə qalan "İşiniz avand olsun” deməkdi.

Bəlkə də mövzu bir az köhnəlib, tənqidlərin səngiyib. Mətbuatı ittiham etdiyin o yazının üzərindən də çox keçib. Dünən gecə "Vorskla” ilə oyunun ardından yazdığın bir şərhi gördüm və sənə məktub yazmağa qərar verdim. Çox da uzunçuluq etməyim, oxuyanda yorulmayasan. Qismət olsa, davamını növbəti məktubda yazaram.

Özünə yaxşı bax, Lənkərana salamlar. Bu gün doğum gününü qeyd edən Ülvi balanı da təbrik edirəm. Hələlik, dostum!

Hörmətlə: Amal ABUŞOV

Xəbər lenti