Dünya çempionatında 8 medal

Dünya çempionatında 8 medal
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə yeniyetmələrin dünya çempionatı keçirilib. Çempionatda iştirak edən yığma komandamızın üzvləri ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.

Sport7.az xəbər verir ki, ilk olaraq sərbəst güləşçilərin mübarizəsi ilə başlayan çempionatda yığmamız məşqçi Vahid Məmmədovun rəhbərliyi altında mübarizə aparıb, 2 qızıl və 1 bürünc medalla komanda hesabında 4-cü olub. Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə bürünc medal qazanıb. Turan Bayramov həm də ötən ay keçirilən Avropa çempionatının qalibi olaraq yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Məşqçilər Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında beş idmançı ilə dünya çempionatına qatılan yeniyetmə qızlarımız çempionatı 1 gümüş medalla başa vurublar. Turnirdə 43 kiloqram çəki dərəcəsində mübarizə aparan Şahanə Nəzərova yalnız final görüşündə məğlub olaraq çempionatı ikinci sırada tamamlayıb.

Böyük məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında 7 güləşçi ilə yarışa qatılan yunan-Roma yığmamız 1 gümüş və 3 bürünc medal qazanıb. Yalnız final görüşündə uduzan Sərxan Məmmədov (110 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Qurban Qurbanov (45 kq), Həsrət Cəfərov (51 kq) və Adəm Hacızadə (60 kq) qazandırıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.
 
Sport7.az

Xəbər lenti