Dünya çempionatında finalın adı: Argentina - İspaniya

Dünya çempionatında finalın adı: Argentina - İspaniya

Kişi basketbolçuların dünya çempionatında finalçılar müəyyənləşib.

Birinci yarımfinal görüşündə İspaniya və Avstraliya milliləri üz-üzə gəlib. İlk periodun sonlarından etibarən Avstraliya üstünlüyü ələ alıb və xal fərqini son saniyələrə kimi qoruya bilib. Lakin sonluq dramatikliyi ilə seçilib. Nəticədə 71:71 hesablı bərəbərlik qeydə alınıb və qalibi müəyyənləşdirmək üçün overtayma ehtiyac duyulub. İlk overtaymda da bərabərlik pozulmadığından, növbəti 5 dəqiqəlik hissə oynanılıb. Bu səfər "matadorlar" məsələni həll edib. Xüsusilə də Serxio Yulun üçlükləri həlledici olub. 95:88 hesabı ilə qələbə qazanan İspaniya finala çıxıb.

Mark Qazol 33 xalla komandasının qələbəsində əsas pay sahibi olub. Avstraliyanın heyətində Patrik Mills 34 xalla qarşılaşmanı tamamlayıb.
 
İspaniyanın finaldakı rəqibi isə Argentina yığması olacaq. Serxio Ernandesin yetirmələri başdan-sona üstün oynadıqları matçda Fransanı 80:66 hesabı ilə məğlub ediblər. Veteran basketbolçu Luis Skola 28 xal, 13 ribaundl dabl-dablını rəsmiləşdirib və komandasının qalibiyyətinin əsas səbəbkarlarından olub. Fransada Frank Ntilikina və Evan Furnye 16 xalla yadda qalıblar.


Dünya çempionatı

Çin

Yarımfinal

İspaniya - Avstraliya - 95:88 (overtaym)
 
Argentina - Fransa - 80:66


Argentina - İspaniya finalı sentyabrın 15-də Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Hər iki komanda bir dəfə dünya çempionatının qalibi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR