Durundanın durub getməsi - Bizə nə qaldı?

Durundanın durub getməsi - Bizə nə qaldı?
Ukraynalı gimnast Marina Durunda şəxsi "İnstaqram" səhifəsində Azərbaycandan getdiyini açıqlayıb. Marina son 5 il ərzində "milliləşdirilmiş" idmançı kimi Azərbaycan gimnastikasının şərəfini qorumağa çalışmışdı. Bu müddətdə onun elə də fantastik uğurlar qazandığını söyləmək çəkindi. Ciddi yarışlarda cəmi bir medal Durundanın karyerası haqda tərifli sözlər deməyə imkan vermir. Avropa çempionatının bürünc medalından savayı Marinanın kolleksiyasında gözədəyən medal və ya mükafat yoxdu.

Hə, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından sonra Durundanın adı xeyli məşhurlaşdı. Qısa müddət ərzində 5 dəfə fəxri kürsüyə qalxmağı bacarması Durundanın fantastik uğuru yox, İslamiadada yarışan gimnastların səviyyəsinin aşağı olması demək idi. Təsadüfi deyil ki, IV İslam Həmrəyliyi Oyunlarından az sonra Durunda Macarıstanın paytaxtı Budapeştdə heç nəylə yadda qalmadı. Və başa düşdü ki, sakitcə getmək lazımdı.

IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Durunda karyerasını bitirdi, özü də 19 yaşında. Bundan sonra onun yarışmaq, məşq etmək, gərgin qrafikdə yarışması üçün motivasiyası qalmamışdı. İslamiadada yarım milyon manatdan çox mükafat qazanan ukraynalı xanım özünə niyə əziyyət versin?! Heç olmasa qazandığı pulları Bakıda xərcləmək belə istəmədi. Başını götürüb, getdi. Gedərkən bizi tərifləməyi, təşəkkür etməyi unutmadığı üçün də sağ olsun.

Durunda getdi və gedərkən özüylə yaxşı pullar apardı. Sağlığına qismət. Avropanın azı 2-3 şəhərində mənzil ala, kiçik biznes sahələrinə yatırım qoyub, ömrünün qalan hissəsini rahatlıqla yaşaya bilər. Bu faktın özü çox vacib iki məqamı bir daha isbatlayır: 

Əvvəla, fantastik mükatlar idmançı karyerasını məhv edir, onun qazandığı başgicəlləndirici pullardan sonra yarışmağa motivasiyası qalmır. Elnur Məmmədlinin, Toğrul Əsgərovun timsalında bunu görmüşdük. Düzdü, onlar Olimpiya çempionu olduqdan sonra pulun əsarətinə düşmüşdülər. Durunda isə 4 illiyin mötəbər yarışıyla heç müqayisəyə gəlməyəcək bir oyunların qalibi olmaqla milyonçuya çevrildi.

İkincisi isə, "milliləşdirilmiş" idmançıların bizə heç bir faydasının toxunmamasıdı. Durunda getdi, Azərbaycan idmanı ondan nə qazandı? Heç nə. Burda yaşayıb, yeniyetmə və uşaqların inkişafı üçün məşqçiliyə başlamaq, Azərbaycan gimnasitikasının gələcəyi üçün əmək sərf etmək ağlının ucundan belə keçmədi. 

Atalarımız nahaq yerə deməyiblər ki, qaranquş gəldi-gedərdi, sərçələrin qiymətini bilməliyik.

Amal ABUŞOV


Xəbər lenti