Düz İlqarlı...

Düz İlqarlı...
Ötən ayın ortalarında "İdman Azərbaycan” telekanalında efirə gedən "İdman və Media” proqramında qonaq idim. Avrokuboklara qatılan klublarımızın hazırlıqlarından, etdiyi transferlərdən danışırdıq, dəyərli həmkarım Rəşad Rafiqoğlu ilə fikirlərimizi bölüşürdük. 

Verlişin həmin buraxılışı "Qəbələ”nin çətin günləri ilə üst-üstə düşmüşdü. Roman Qriqorçuk birdən-birə əsas heyətin üzvü sayılan 9 futbolçunu yola salmalı olmuşdu. Yenilərin düşərgəyə qoşulması isə biz arzuladığımız sürətlə reallaşmırdı. Üstəlik, proqramın başladığı dəqiqələrdə məlumat almışdıq ki, "Qəbələ” Avstriyada çıxdığı növbəti yoxlama görüşündə də məğlub durumdadı. Belə bir vəziyyətdə "qırmızı-qaralar”ın təkcə Avropa Liqasında yox, elə ölkə çempionatında da işıqlı gələcəyi ilə bağlı danışmaq, pozitiv fikirlər səsləndirmək hünər tələb edirdi. Mən o hünəri özümdə tapdım. Amma pafossuz, əsaslandırılmış fikirlərlə.

Dedim ki, Roman Qriqorçuk öz işini bilən məşqçidi. Komandanı "söküb-yığırsa” bundan narahat olmamalıyıq, onun bir bildiyi mütləq var. Bu əminliyin səbəbi təkcə ukraynalı çalışdırıcının məharətinə bələd olmağımdan deyildi. Həm də onun ətrafında çalışqan və öz işini yaxşı bacaran insanların varlığına əminliyin göstəriciydi. Səbuhi Səfiyarlıyla Zaur Əzizov futbolçu seçimində sərraf olduqlarını çoxdan isbatlayıblar. "Qəbələ”nin illərini bu işə həsr etmiş əməkdaşlarının seçimlərində yanılmayacaqlarına inanmağa dəyərdi. 

Sözlərimin davamında İlqar Qurbanovun transferinə də toxunmuşdum. Yaxşı məktəb keçmiş İlqar Azərbaycan futbolunun son illərdə yetişdirdiyi ən istedadlı isimlərin başında gəlir. Baxmayaraq ki, AFFA-nın ögey münasibəti, "boz bina”dan dəstək görən əcnəbi məşqçilərinin qeyri-obyektiv seçimi nəticəsində millinin qapıları onun üzünə açılmır. "Qarabağ”da sərgilədiyi oyun, universallığı, vacib anlarda verdiyi dəqiq ötürmələr və vurduğu qollar onun istedadının göstəricidi. Yaşının da ən yaxşı vaxtıydı. Belədə onu heyətinə qatan Qriqorçukun yanılmayacağına, "Qəbələ”nin bu keçiddən yetərincə fayda götürəcəyinə şübhə etməyə dəyməzdi. Dünən bütün sözlərim öz real təsdiqini tapdı.

"Zirə”nin "Astra” ilə oyununa canlı baxmaq üçün Mərdəkana getdiyimdən "Qəbələ”ni tam izləməyə imkanım olmadı. Amma ürəyim və qulağım Polşada, "qırmızı-qaralar”ın yanında idi. Sağ olsunlar, bizi sevindirdilər, ümidlərimizi doğrultdular. Bakıdakı oyunda məhsuldar ötürmə müəllifi olan İlqarın tam zamanında vurduğu qol oyunun axarını dəyişdi. "Qəbələ” yersiz həyacandan, mütləq qol vurmaq tələbinin yükündən qurtuldu. Əvəzində polşalılar irəli atılmağa, oyun planını pozmağa məcbur oldular. Ozobiçin qolları isə artıq bizim üçün bir mənəvi ehtiyaca, uğur talismanına çevrilib.

Bu hələ başlanğıcdı. "Qəbələ”nin yolunun ardıcıl 3-cü dəfə qruplara qədər uzanacağına inanıram. Bu komanda uğuru haqq edir. Peşəkar davranışıyla, düzgün seçimiylə çoxlarına nümunə olan "Qəbələ” sevinməyə və bizi sevindirməyə layiqdir. Davamı mütləq gələcək, Yunanıstanı bir daha fəth edəcəyik. İrəli, düz İlqarlı "Qəbələ”!

Amal ABUŞOV


Xəbər lenti