Əfqan Talıbovdan geniş analiz:

Əfqan Talıbovdan geniş analiz: "Qarabağ" Albaniya komandasına məğlub olmayacaq"

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Əfqan Talıbov klublarımızın avrokuboklardakı şanslarını incələyib.

Hər bir komandanı analiz edən Talıbov Sport7.az-a açıqlamasında onların üstün və zəif cəhətlərini bildirib: "Ümumi toplanış mərhələsini nəzərdən keçirəndə, yoldaşlıq görüşlərinin nəticəsinə əsasən komandanın hazır olub-olmadığını görürsən. Yoldaşlıq görüşlərinin nəticəsi istənilən kimi alınanda komandada əhval-ruhiyyə yaxşı olur. Məsələn, "Səbail" yldaşlıq görüşlərində qol vura bilmədi. Hücumda problemlər oldu, müdafiədə səhvlər buraxdılar. Ancaq, "Partizani" ilə oyuna gedən "Qarabağ"ın əhval-ruhiyyəsi yaxşıdı. Hazırlıq mərhələsindən birbaşa ora yollandılar. Yoldaşlıq görüşlərindəki nəticələr, əhval-ruhiyyə həm də heyətin düzgün formalaşması üçün vacibdi. Oyun alınmayanda, səhvlər olanda məşqçilər korpusunun da başı qarışır. Digər tərəfdən, iki oyunun nəticəsi, yəni özgə meydança amili də mövcuddu. "Səbail" diqqətli olmalıdı, ev oyununda top buraxmaq məsələsi var. Müdafiədə səhvə yol verməməlidilər".

Əfqan bəy ilk oyunlarda "Qarabağ"ın və "Neftçi"nin məğlub olmayacağını düşünür: "Fikrimcə, "Qarabağ" Albaniya komandasına məğlub olmayacaq. O cümlədən, "Səbail"in futbolçuları istəkli olduqlarına görə uduzmayacaq. "Qəbələ" hələ ikinci mərhələdən yarışa qoşulacaq. Bizim flaqmana gəlincə, "Vorskla" ilə oyuna baxdım. "Qarabağ"ın "Şerif"lə oyununu da izləmişdim. Moldova çempionatının və bizim Premyer Liqanın 4-cü pilləsini tutan komandalarını eyni səviyyəli hesab etmək olar. Amma "Neftçi" həqiqətən də güclənib və məncə, "Sperantasa" səddini keçəcək. Moldovada çempionatın davam etməsinə və rəqib formada olduğunu deməsinə baxmayaraq, "Neftçi"də əhval-ruhiyyə yaxşıdı. Çünki yoldaşlıq oyunları və təlim-məşq də bunları göstərib. Monrozun transfer ediblər, Dario Federiko qayıdıb, Mustivar, Baqali Dabo hələ oynamır. İkinci oyuna onlar da hazır ola bilərlər. "Neftçi" səfərdən sərfəli nəticə ilə qayıdacaq. Hələ düşünürəm ki, komanda Moldovada qələbə qazanacaq. "Qarabağ"ı maraqlı oyun gözləyir. "Partizani" ilə oyunda üstünlük müəyyən qədər bizim komandamızdadı. Qol vurmasa da "Qarabağ" uduzmayacaq. Çünki onların "Qarabağ" qədər təcrübələri yoxdu".

Mütəxəssis "Qəbələ" haqda bunları söylədi: "Son vaxtlar gürcüləri üstələmişik. İkinci yer tutan və ya çempion komandalarımız gürcülərlə yaxşı oynayıb. "Qəbələ" Tiflis "Dinamo"su ilə oynaya bilər. Məncə, komanda ona qədər formada olacaq və müqavimət göstərə biləcək. Hardasa "Dinamo"nun faiz nisbətilə 60-ın 40-a üstünlüyü var. Çünki birdən-birə "Qəbələ"ni xeyli futbolçu tərk edib. Dəyişikliklər çox olub. Yoldaşlıq matçlarında heyəti bərpa edəcəklər. Ancaq qüvvələri azalıb. Söhbət məsələni həll edə biləcək futbolçulardan gedir. Bu gün bütün dünya sistemli futbol oynayır. Hətta Peru da Braziliyaya qarşı oynayır. Sistemli futbol göstərir ki, hamı qaçır və düzgün oynayır, az səhvlərə yol verirlər, komanda şəklində həm hücum həm də müdafiədə güclü çıxış edirlər. Ona görə də sistemli oyunla yanaşı fərdi ustalığı ortaya çıxan futbolçular lazımdı. "Neftçi" də bu üzdən güclənib. Komanda hücumda daha çox olanda, müdafiənin üzərinə çox güc düşmür və az səhv buraxırlar. Sonrakıları bilmirəm, lakin ilk mərhələ klublarımız üçün normal keçəcək". 

Əfqan bəy "Səbail"in şanslarını dəyərləndirərkən, heyətində çıxış edən dünya ulduzu Maykl Esyen haqda da fikirlərini bildirdi: "Səbail" Avroliqa ailəsinə ilk dəfə daxil olur. Bu üzdən həddindən artıq istəkli oynayacaqlar, ona görə də ehtiyatı əldən vermək olmaz. Esyenin təcrübəsi var. Dani Alveşə baxdıq, 35 yaşı var, o səviyyədə, özü də kənar müdafiəçi kimi oynadı. Esyenin mövqeyi elədi ki, yaşı çoxdu, amma çətin durumlarda, onun böyük təcrübəsindən istifadə oluna bilər. Hazırlıq dözvrünü "Səbail"lə birlikdə keçiribsə, təcrübə sözünü deyir. Bilirsiz niyə? Çünki başqa futbolçular, məsələn Rahid Əmirquliyev, Ağabala Ramazanov həm millidə həm də avrokuboklarda oynayıb. Amma biri də var, lap yüksək səviyyəli təcrübə. Yəni, ÇL-i qazanmaq, qrupda oynamaq, Qana millisi səviyyəsində oynamaq. Ona görə də Esyeni elə-belə saymaq olmaz. Nə qədər zəif olsa da təcrübəsi ilə lazım olan anda komandaya kömək edə bilər. Soyuqqanlığı ilə komanda yoldaşlarına həm də meydanda öz tövsiyəsini verə bilər. Bu baxımdan lazımlı oyunçudu. Ancaq hazırda hansı formadadı, əsas heyətdə oynayacaq ya yox, bunu deyə bilmərəm".

Yaxın keçmişdə komandalarımız həm Avrolianın, həm də Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Bəs hazırkı durumda necə, hansısa klubumuzdan qru mərhələsi tələb etmək mümkündü?: "Neftçi" ilk mərhələni keçsə Tula "Arsenal"ı ilə qarşılaşacaq. Rusiya klubları ildən ilə "artırır". Həm maliyyə baxımından inkişaf edir, həm də güclənir. Düzdü, "Böyük beşlik" ölkələrini, yaxud Hollandiyanı deməyək. Ancaq Rusiya futbolunda fiziki güclə yanaşı, eyni zamanda oyun üslubu da dəyişir. Avropa stilində oynayırlar. "Neftçi" "Arsenal"ı keçsə, heyəti gücləndirib, bəzi problemləri də həll etsə qrup mərhələsinə düşə bilər. Ancaq o biri klubları da izləyirik, çempionat, rəqabət həddindən çox güclənib. Ona görə də bu il azarkeşlər heç kimi məcbur etmir ki, qrupa düşsün. "Səbail"dən o qədər də tələb etmək mümkün deyil. Çünki ilk dəfə çıxış edəcək. Bununla yanaşı nailiyyət əldə etməli, bir-iki mərhələ keçməlidi ki, komandada əhval-ruhiyyə düzəlsin, reytinqi yüksəlsin, normal və güclü klubların sıralarına daxil olsun. "Qəbələ"nin maliyyə durumu zəifləyib, futbolçuların böyük hissəsi getdi. Hazırda Qriqorçukun vaxtındakı kimi, qrupa düşəcək duruma malik deyil. Bu çox çətindi. Təbii ki, iki komandadan "Neftçi" və "Qarabağ"dan qrup mərhələsinə düşmələrini gözləyirəm, çünki o gücə malikdilər. Baqali Dabo və digərləri də qoşulandan sonra "Neftçi"nin hücum xətti güclənib. Digər komandalar 1 hücumçu axtarır. Ancaq "Neftçi"də 4 hücumçu var. Deməli komanda sürətli, hücumameyilli oyun nümayiş etdirməli və qrupa düşməlidi. "Sperantsa"nın gücü nəsə etməyə çatmaz, ona görə də bu rəqibi saymıram. "Neftçi" inamlı oynasa elə Moldovada qalib gəlib qayıdacaq. Ancaq qrupa düşmək üçün "Arsenal"ı keçməlidi. "Qarabağ"ın işi çətinləşib. 3-cü mərhələdə lap çətin rəqib düşəcək. Məsələn, elə götürək BATE-ni. Avropa ailəsinə daxildi, güclü reytinqi var. Düzdü 4-5 nəfər komandanı tərk edib. Amma təcrübəsinin hesabına oynayır və yenə də güclüdü. Oyunçu gələndə hiss edir ki, bu komandada Avropa ab-havası var və daha inamlı oynayır. "Səbail"lə "Qəbələ" üçün çətin olacaq. Lakin "Neftçi" ilə "Qarabağ"ın qrupa düşmək şanslarını görürəm".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR