Əfran İsmayılov: "İlk dəfə millidə bir kluba qarşı oynayacağam" - MÜSAHİBƏ

Əfran İsmayılov:
 
Milli komandamızın və "İnter" klubunun yarımmüdafiəçisi Əfran İsmayılovla dünən söhbət etmək qərarına gəldik. Bunun üçün "İnter"in məskunlaşdığı "Teatro Butik" otelinə yolumuzu saldıq.

Sport7.az adıçəkilən otelin restoranında gerçəkləşən müsahibəni təqdim edir.

- AZAL ilə görüş haqda nə deyə bilərsən?
- Ən formada olan komandalardan biri bu dəqiqə AZAL-dır. Bizi maraqlı oyun gözləyir. Səfərdə oynadığımız üçün çətin qarşılaşma olacaq. Amma çalışacağıq ki, maksimum xal qazanaq. Hamı görüşün mahiyyətini dərk edir. "İnter"in AZAL-la oyunları həmişə çətin olub. Oranın stadionu da çox bərbad vəziyyətdədir və "İnter"inkindən çox geri qalır. Hamı şərait hamı üçün eynidir. "Qəbələ" ilə "Neftçi"nin də oyunu var. Düzdür, diqqətimizi öz oyunumuza yönəltsək də, fikrimizin bir hissəsi onların qarşılaşmalarında olacaq. Çünki onlar da bizim əsas rəqiblərimizdir.

- Komandanızın son transferi serbiyalı Voyislav Stankoviç oldu. O artıq komandaya uyğunlaşıbmı?
- Onun artıq komandaya uyğunlaşdığını demək olar. Çünki gələn kimi "Bakı" ilə matçda əsas heyətdə meydana çıxıb sonadək oynadı. Ayağı da düşərli oldu və biz rəqibimizi böyük hesabla məğlub etdik. Məşqlərdə də canla-başla çalışır. Görürsən ki, ağıllı, yaxşı oyunçudur. İnşallah, onun komandaya xeyri dəyəcək.

- Əvvəllər o, Bakıya Serbiyanın "Partizan" klubu ilə gəlib. Bu haqda bilirdin?
- Yox. Onun əvvəllər Belqrad klubu ilə Bakıya gəlməsindən məlumatım yox idi. Amma onu bilirdim ki, o bizim kluba "Partizan"dan gəlib. Açığı, Stankoviçlə elə bir ünsiyyətim də yoxdur ki, bu haqda danışaq. O, rus dilində də elə yaxşı bilmir.

- "Qarabağ"la aranızda 7 xallıq fərq var. Çempionluq ümidləriniz nə yerdədir?
- Çempionluq şanslarımız hələ də qalır. Demək olar ki, heç nə itirilməyib. Çempionat hələ qabaqdadır. Əsas öz oyunumuzdur. "Qarabağ"la şəxsi 2 oyunumuzda qələbə qazansaq, çempionluq şanslarımız yenə yüksək olacaq.

- Millimizin Antalya toplanışına çağırılmısınız. Fevralın 24-də Ukraynanın "Şaxtyor" klubu ilə görüşəcəksiniz. Həmin matç haqda nə deyə bilərsən?
- Bizə də çox maraqlı gəldi ki, Çempionlar Liqasında "Bavariya" ilə qolsuz heç-heçə edən komanda sonra Türkiyədə bizimlə oynayacaq. Yoxlama oyunu olsa da, çox çətin rəqibdir. Milli komandada yeni məşqçinin rəhbərliyi altında ilk matçımız olacaq. Bu oyunda istəyirik ki, qalib gələk. Əvvəl millimiz Ukraynanın bir başqa klubu "Metallist"lə gücünü sınayıb. Amma onda mən yığmanın heyətində olmamışdım. İlk dəfə millidə bir kluba qarşı oynayacağam.

- Robert Prosineçkinin ilk açıqladığı siyahıda yer almağın gələcəkdə də milliyə çağırılacağına ümid yaradır?
- Çox sevindirici haldır. Sağolsun ki, bizə dəvət göndərib. "İnter"dən "Qarabağ" sayda futbolçu çağırılıb. Bu onu göstərir ki, Prosineçki Berti Foqtsdan fərqli olaraq, oyunlarımızın hamısını özü və köməkçiləri vasitəsilə izləyir. Baş məşqçinin üstünlüyü ondadır ki, Bakıda qalır, oyunları izləyir, futbolçular və mətbuatla daim ünsiyyətdə olur. Bu, sevindirici haldır və təki sonadək belə olsun. İnanıram ki, hamı ondan razıdır. Biz də çalışacağıq ki, onun etimadını doğruldaq.

Səbuhi TOFİQOĞLU

Xəbər lenti