Elbrus İsmayılov: "Bəzi futbolçularımız futboldan sonra əlavə işlərlə məşğul olurlar"

Elbrus İsmayılov:
Bir müddət öncə "Şahdağ"ın stadionunda təmir-bərpa işlərinə start verildi. Təbii ki, bunun səbəbi sponsorlarının komandanı həvəskar deyil, peşəkar liqada görmək istəyidi. Bu da o anlama gəlir ki,  baş sponsor "Azərenerji" istəyini reallaşdırmaq üçün işlərə başlayıb.

Amma "Azərenerji"nin himayəsi altında daha bir klub var ki, vaxtilə Azərbaycan futbolunun yaxşı arasında olub. Söhbət Mingəçevir təmsilçisi "Energetik"dən gedir. Hər halda bu klubun da tarixi və futbol ənənələri infrastrukturu mövcuddu. Amma komanda hazırda həvəskarlar liqasında çıxış edir. Bəs "Azərenerji" Mingəçevir təmsilçisinə də müjdə veribmi? Ümumiyyətlə "Energetik" də bu və maksimum gələn mövsümdən birinci divizionda görə bilərikmi?

Bu kimi suallara klubun vitse-prezidenti Elbrus İsmayılovdan cavab almağa çalışdıq. Elbrus bəy Sport7.az-a açıqlamasında həm komandanın durumuna toxundu həm də gələcəklə bağlı suallarımıza cavab verdi:

"Komandamız hazırda çıxış etdiyi qrupda birinci yerdədi. Ayın 13-də Qəbələdə Şəki komandası ilə oynayacağıq. Düzdü o da öz qrupunda birinci yerdədi. Oyunları haqda da məlumatımız yoxdu. Onlara hörmət etmək lazımdı, amma qələbə qazanmağa çalışacağıq. Şansları 50-nin 50-yə dəyərləndirərdim. 

Keçənilki heyətimizi qoruyub saxlamışıq. Vüsal İsmayılov "Ağsu" və "Qaradağ Lökbatan"da çıxış edirdi. Sentyabrdan isə bizimlədi. Martda isə Goranboydan olan Ceyhun Əhmədovu da kluba dəvət etmişik. Habil Məmmədli əsgərlikdən gəlmişdi. Yanvara qədər komandamızda oynadı. Sonra səhv etmirəmsə "Bakı"nın həvəskarlardan ibarət komandasına keçib. Yəni komandamızı tərk edən odu. Qalanları yerindədi. Başqa da ki, problem yoxdu. Maaşlar az olsa da vaxtında verilir. Futbolçular 150-160 manat arası maaş alır. Əvvəlkinə baxanda bir qədər artım var. Bəzi futbolçularımız da futboldan sonra əlavə işlərlə məşğul olurlar. Vüsal İsmayılov zavodda işləyir. Bir neçəsi də "Play Station" işlədir.

Rəhbərliklə danışmamışıq. Yəqin ki, çempionatdan sonra danışıqlarımız olacaq. İmkan olar buraxarlar birinci diviziona, alınmasa da nəbilim. Hamısına rəhbərlik razılıq verməlidi. Mətbuatdan oxuyuruq ki, Qusarda stadionun təmirinə başlanılıb. "Şahdağ" da birinci divizionda oynamağa istəklidi. Hər şeyi nəzərə alıblar. Yəqin ki, bu il onlara şərait yaratsalar, gələn il bizə də yol açılar. Gəlib stadionumuza baxarlar. Təmir işləri apara, birinci diviziona getməyə şərait yarada bilərlər. Əslində  Mingəçevirdə də pis şərait yoxdu, normallaşdırmaq olar. Yalnız futbolçu baxımından çətinlik çəkirik. Qusara baxmayın, həm Sumqayıta, həm Bakıya yaxındı. Futbolçular dəvət etmək onlar üçün daha rahatdı. Biz mərkəzdən uzaq olduğumuz üçün futbolçu gətirib, yerləşdirib qidalandırmaq baxımından çətinlik çəkirik. Bunlar problemdi. Yəqin ki, Qusarda belə şərait yaradacaqlar. Əvvəl də komandaların qalması üçün orda mehmanxana vardı. Ola bilsin ki, bazanı tikəcəklər və futbolçular gəlib qala biləcək. Mingəçevirdə də əvvəl bazamız olub, amma indi qaçqınlar yaşayır. Bir qədər maliyyə lazımdı. Qusar başlasın ki, bizim də sözümüz olsun. 

Komanda ilə bağlı hələ ki, yay planlarımızı hazırlamamışıq. Hazırda "pley-off" oyunları haqda düşünürük. Yer tutsaq birinci diviziona buraxılmaq haqda rəhbərlik qarşısında məsələ qaldırarıq. Tələb olunan lisenziya şərtlərini də yerinə yetirsələr oynaya bilərik. Gələn ildən "Region Liqası"nın formatı dəyişdirilməsi mümkündü. Çünki səhv etmirəmsə aprelin 19-da Gəncədə zonalar üçün toplantı keçirdilər. Orda elan etdilər ki, gələn ildən yarışa qatılmaq istəyənlər AFFA-ya müraciət etməlidilər. Qeydiyyatdan keçəndən sonra iştirak edə bilərlər. ola bilsin gələn ildən zonaları birləşdirib qrupları 8 komandalı, çempionatı isə 2 və ya 4 dövrəli etsinlər. Bu komandaların sayından asılı olacaq. Əsas odu komandamız yaşasın. Gələcəkdə imkan olar iddialı kluba çevrilərik".

Sport7.az

Xəbər lenti