Əliyev, Dibirhacıyev və Məhəmmədov Azərbaycana medal qazandırdı - YENİLƏNİB

Əliyev, Dibirhacıyev və Məhəmmədov Azərbaycana medal qazandırdı - YENİLƏNİB

Bu gün Bakı-2015-də sərbəst güləş yarışları başa çatacaq. 

Sport7.az xəbər verir ki, baş tutacaq 4 çəki ilə pəhləvanların mübarizəsi də yekunlaşacaq.
 
İlk gündə 2 qızıl və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz bu gün də bütün çəkilərdə təmsil olunub.  
 
Kişilər, sərbəst
61 kq
Avropa Oyunlarını V pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin ardınca qardaşı Hacı Əliyev də işğalçı ölkənin təmsilçisi ilə qarşılaşıb. Avropa və dünya çempionumuz ilk cəhdindəcə Volodya Franqulyanla münasibətinə aydınlıq gətirib və o da qardaşı kimi erməniyə öz gücünü göstərib. 1/8 final mərhələsinə təsadüf edən görüşdə Hacı Volodyanı 7:0 hesabı ilə darmadağın edib.
 
Əliyev 1/4 finalda Slovakiyanı təmsil edən Nikolay Bolotnyukla güləşib. Dünya çempionumuz bu dəfə də xalçadan qalib ayrılıb. O, Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. Həmyerlimiz finala gedən yolda Aleksandr Boqomoyevlə (Rusiya) üz-üzə gəlib. O, təcrübəli rəqib qarşısında ilk xalı qazansa da, qələbəni rəqib bayram edib - 5:2.

Məğlubiyyətə baxmayaraq, Əliyev bürünc medal uğrunda mübarizəni davam etdirib. Rəcəp Aktaş Minurla (Türkiyə) qarşılaşan həmyerlimiz rəqibinə heç bir şans verməyib (10:2) və Avropa Oyunlarını III yerdə bitirib. Bununla da yığmamızın hesabındakı medalların sayı 24-ə çatıb.
 
70 kq
Avropa çempionumuz Ruslan Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılıb. 27 yaşlı güləşçimiz bu mərhələdə Polşanı təmsil edən rusiyalı Məhəmmədmurad Hacıyevlə döyüşüb. O, hesabda 2:0 hesabı ilə öndə olsa da, 2:7 hesabı ilə uduzub. Hacıyev həlledici mərhələyə vəsiqə qazandığından, Dibirhacıyev təsəlliverici qarşılaşmalara qatılıb.
 
O öncə bolqarıstanlı Miroslav Kirovla gücünü yoxlayıb. Görüşü 4:1 hesabı ilə xeyrinə bitirən idmançımız növbəti qarşılaşmada Jombor Qulyaşla (Macarıstan) üz-üzə gəlib və bu döyüşü də xeyrinə bitirib - 4:3.
 
Dibirhacıyev bürünc medal uğrunda David Tlaşadze (Gürcüstan) ilə mübarizə aparıb və yarışı qələbə ilə bitirib. Rəqibini 6:2 hesabı ilə məğlub edən güləşçimiz fəxri kürsünün III pilləsinə qalxıb. Bu medal Oyunlardakı 25-ci mükafatımız olub.
 
86 kq
Ölkəmizi bu çəkidə təmsil edən Nurməhəmməd Hacıyev mübarizəyə 1/8 finaldan başlayıb. 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkovla üz-üzə gəlib. Təmsilçimiz startda hesabda geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 14:2. Lakin o bu uğurun ardını gətirə bilməyib. 1/4 finalda Abdulrəşid Sadulayevə (Rusiya) 1:11 hesabı ilə uduzub.
 
Buna baxmayaraq, rusiyalı güləşçi finala vəsiqə qazandığından Nurməhəmməd təsəlliverici görüşlərə qatılıb. Təmsilçimiz bu mərhələdə Vasile Zuz Tudorla (İtaliya) qüvvəsini sınayıb və rəqibini ilk hissədəcə məğlub edib - 10:0. O, III yer uğrunda görüşdə polşalı Radoslav Martsinkeviçlə gücünü yoxlayıb və öndə olduğu vaxtda son dəqiqələrdə verdiyi xallar hesabına uduzub - 3:5.
 
125 kq
Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Məhəmmədov ilk görüşünü Yonas Rudaviçyusa (Litva) qarşı keçirib. Güləşçimiz döyüşün taleyini ilk hissədəcə həll edib. Rəqibi üzərində təmiz qələbə qazanan (10:0) Məhəmmədov 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşıb. Təəssüf ki, görüşdən rəqib üstün ayrılıb - 5:2.
 
Akgül finalda iştirak hüququ qazandığından, Məhəmmədov təsəlliverici görüşlərə qatılıb. Robert Baranla (Polşa) güləşən Camaləddin təmiz qələbə (11:0) sayəsində mərhələ adlayıb. O, bürünc medal uğrunda Slovakiyanı təmsil edən rusiyalı Soslan Qaqloyevlə qarşılaşıb. Camaləddin 7:2 hesabı ilə qalib gəlməklə Azərbaycana 26-cı medalı qazandırıb.
 
Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR