"Qəbələ” mövsümün ikinci hissəsinə hazırlığı davam
etdirir. "Qırmızı-qaralar” toplanışın Qəbələ şəhər stadionunda gerçəkləşən ilk
mərhələsini başa vurub.
Sport7.az xəbər verir ki, komandanın baş məşqçisi
Elmar Baxşıyev yanvarın 5-də start götürən toplanış barədə fikirlərini
gabalafc.az-a açıqlayıb:
"Qəbələdəki qış hazırlığından məmnun qaldıq. Burada
təlim-məşq toplanışı üçün hər bir şərait var. Antalyadan yeganə fərqi yoxlama
matçlarının keçirilməsi üçün rəqiblərin yoxluğudur. Komanda istirahətdə az müddət
keçirdiyindən sınaq matçlarının baş tutmaması problem olmamalıdır. Ümumilikdə,
futbolçular üzərinə düşəni səylə yerinə yetirdilər. Onların işə yanaşması məşqçilər
korpusunu sevindirir. Toplanışda komandanın həm fiziki, həm də texniki-taktiki
durumu, ən əsası xətlərarası əlaqənin daha da yaxşılaşdırılması üzərində işlədik.
Akademiyanın 4 futbolçusu hazırlıq dövründə bizə qoşulmuşdu. Onların hamısı
potensiala malik futbolçulardır. Bu oyunçulardan bəzilərinin daim bizimlə
qalması və əsas komanda ilə davam etməsini planlaşdırırıq”.
41 yaşlı mütəxəssis hazırlıq prosesinin Bakıda gerçəkləşəcək
ikinci hissəsi barədə də fikirlərini bildirib: "Yanvarın 14-də "Sumqayıt”la
yoxlama görüşü keçirəcəyik. Bu matçdan sonra bir həftəlik hazırlıq prosesi baş
tutacaq. Bu mikro tsikl ilə "Zirə”yə qarşı oyunun hazırlıqlarına başlayacağıq”.