Elmar Qasımov Böyük Dəbilqənin finalında

Elmar Qasımov Böyük Dəbilqənin finalında
Azərbaycan cüdoçusu Elmar Qasımov Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

Sport7.az xəbər verir ki, 100 kq çəkidə qüvvəsini sınayan 27 yaşlı idmançı ardıcıllıqla özbəkistanlı Aklmurodbek Xudoyberdiyev, rusiyalı Asxab Kostoyev və portuqaliyalı Jorje Fonsekanı məğlub edərək finala çıxıb. Qasımov həlledici görüşdə israilli Piter Palçiklə üz-üzə gələcək.

90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev israilli Li Koçman, çinli Hebilige Bu və gürcüstanlı Uşangi Margianini üstələdikdən sonra yarımfinalda rusiyalı Mixail İqolnikovla bacarmayıb. O, bürünc medal uğrunda görüşdə Birləşmiş Ərəb Əmirliklərindən olan Toma Serciu ilə qarşılaşacaq.

78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İrina Kindzerska 1/4 finalda ukraynalı Qalina Tarasovaya uduzduqdan sonra təsəlliverici görüşdə slovakiyalı Anamari Velensekdən güclü olub. O, bürünc medal uğrunda çinli Yan Vanqla güləşəcək.

*** 14:33

Azərbaycanın 3 cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin son yarış günündə medallar uğrunda mübarizə aparacaq.

Sport7.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev israilli Li Koçman və çinli Hebilige Bunu məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. O, növbəti görüşündə gürcüstanlı Uşangi Margiani ilə qarşılaşacaq. Bu çəkidə Tural Safquliyev isə isveçrəli Siril Qrossklausu üstələsə də, 1/8 finalda misirli Hatem Abd El Akberə uduzub.

100 kq çəkidə qüvvəsini sınayan Elmar Qasımov 1/8 finalda özbəkistanlı Aklmurodbek Xudoyberdiyevdən güclü olub. O, 1/4 finalda rusiyalı Asxab Kostoyevlə üz-üzə gələcək. 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İrina Kindzerska isə ilk görüşünü 1/4 finalda ukraynalı Qalina Tarasovaya qarşı keçirib. O, məğlub olsa da, təsəlliverici görüşdə iştirak hüququ qazanıb. 

Əvəzində mübarizəyə 1/16 finaldan qoşulan Şahin Qəhrəmanov (+100 kq) ilk görüşdə çinli Şaotonq Yuana uduzaraq, mübarizəni dayandırıb.

Azərbaycan idmançıları 1/4 finalda uduzacaqları halda, bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaqlar.

Qeyd edək ki, ilk iki yarış günündə Oruc Vəlizadə (60 kq), Telman Vəliyev (73 kq) və Aişə Qurbanlı (48 kq) medal qazana bilməyib. Böyük Dəbilqədə 62 ölkədən 348 cüdoçu mübarizə aparır. Yarışın ümumi mükafat fondu 154 min dollardır.
 
Sport7.az

Xəbər lenti