Elnur Qəmbərov: "Nə qədər ki, heç kim danışmayacaq, belə də olacaq"

Elnur Qəmbərov:
Bir neçə il öncə futzalımızda "Xəzər Adaları" fırtınası cərəyan edirdi. Baş məşqçi Elnur Qəmbərovun rəhbərliyi altında uğurlu çıxışı ilə yadda qalan komandanın ömrü təəssüf ki, uzun olmadı.
 
Qısa müddətdə yaranan, yüksələn və ölkəmizi beynəlxalq arenada təmsil edən "Xəzər Adaları" elə bir anda da "uçub getdi". Komanda fəaliyyətini dayandırandan sonra xeyli müddət işsiz qalan Qəmbərov da Azərbaycanı tərk etdi. 

Hazırda Kanadada olan Elnur bəylə danışmağı qərara aldıq. Mütəxəssis Sport7.az-a müsahibəsində ürəyini boşaltdı.

"Məni işsizlik məcbur etdi"

- Kanadaya nə vaxt getmişdiz?

- 2016-cı il iyunun 4-dən bura gəlmişəm. Artıq iki ilə yaxındı.

- Burdan okeanın o tayına getməyə sizi nə məcbur etdi?

- İşsizlik məcbur etdi. Bunu əvvəllər də demişdim. Yeni yığdığımız komanda ilə çempion olduq. Sonra 1 il gözlədim ki, bəlkə təklif ola. Gördüm heç kəsdən xəbər çıxmır. Xəbər deyəndə ki, ölkədə cəmi iki klub var - "Neftçi" və "Ekol". "Araz"da isə həmişə legioner məşqçilər olub. Bu üzdən ailəmi də götürüb Kanadaya gəldim.

"Şərait baxımından bəlkə də 10 il sonra da Kanadaya çata bilməz"

- Hansı komandada çalışırsız? Ümumiyyətlə futzaldasız?

- Bəli futzaldayam. "Toronto"nun futzal komandasında çalışıram. 3 yaş qrupu ilə işləyirəm - U-12, U-14, U-18. Buranın məşqçi kurslarında da iştirak etmişəm. 7 kurs keçmişəm. Avropa kurslarından tam fərqlidi.

- Kanadanın öz çempionatı var?

- Bəli, hər regionun öz çempionatı var. Daha dəqiq desəm, hər şəhərin. Komandalar çoxdu. Səhv etmirəmsə hər şəhərin 28 komandası var.

- Bəs ümumiyyətlə ora necə gedib çıxdız? Hansısa tanış adam dəvət etdi, ya necə?

- Yoldaşım Azərbaycanın əməkdar məşqçisidi, eyni zamanda bədii gimanstika üzrə beynəlxalq dərəcəli hakimdi. Dəfələrlə Avropa və dünya çempionatlarında hakimlik edib. Ona neçə ildi dəvət gəlirdi. Axırda vəziyyəti belə görüb ölkədən getməyə qərar verdik.

- Klubda və ümumiyyətlə Kanada futzalında şərait, əcnəbilərə münasibət necədi? Azərbaycandan nə ilə fərqlənir?

- Burda hər insana münasibət eynidi. Bir də ki, hamı əcnəbidi (gülür). Futzal Azərbaycanda güclüdü, amma şərait baxımından bəlkə də 10 il sonra da Kanadaya çata bilməz. Uşaq futzalından isə heç danışmağa dəyməz.

- Orda uşaq futzalına yəqin ki, ciddi diqqət yetirərlər...

- Fikrimcə, 5 ilə buranın futzalı Avropanın aparıcı ölkələrinə çatacaq. Hər cür şəraitləri var. Elə avadanlıqları var ki, inanın onları videoyazı vasitəsilə yalnız əcnəbi klubların məşqlərində görmüşəm.

- Məşqçilərə də tələbat çoxdu?

- İnanın bilikli məşqçi azdı. Bilirsiz necədi? Bizim iki yaş qrupumuz U-10 və U-15 Barselonaya getmişdi. Orda iki uşağı bəyəniblər. Martda yenidən baxışa dəvət ediblər. İnkişaf da belə olur məncə. İnandırım sizi, istedad baxımından bizimkilərə çata bilməzlər. Sadəcə, bizimkilərin necə deyərlər, bəxti yoxdu. Amma gəl ki, barselonaya gedirlər. Burda klublardan birinin, İngiltərədə "Bornmut"la anlaşması var. ora oyunçu bəyənib götürüblər. 

- Onların başqa klublarla əməkdaşlığı olur yəqin ki, ona görə də irəli gedə bilirlər...

- Bəli, demək istəyirəm ki, bunlar okeanın o başından əlaqə qura bilirlər, amma biz Avropanın göbəyində ola-ola, heç bir əlaqəmiz yoxdu. Hərdən, yalandan eşidirk ki, hansısa futbolçu Türkiyəyə getdi. 

- Yəqin ki, iş qrafiki, məşqlər də fərqlənir...

- İş burda ancaq axşamlardı. Yəni, məktəbdən sonra. Tətil olanda, burda təlim-məşq toplanışı keçirilir. 

"Onların aqibətini yaşamaq istəmirəm"

- Azərbaycana qayıtmaq fikrin var?

- Açığı çox istəyirəm qayıdım. Amma qayıdıb nə edəcəm ki? O cür veteranlar qalıb kənarda, mən də onların aqibətini yaşamaq istəmirəm. Əsas legionerlərdi, onlar da işləsin.

- Sizcə burda veteranlara, elə sizin kimi futzalımıza lazım olan mütəxəssislərə laqeydlik nədən irəli gəlir?

- Klubların az olmasından və məqsədizlikdən. Bir komanda var, orda artıq 12-13 ildi ki, əcnəbilər işləyir. Nə seminarlar var, nə ora gedənlər, nə də göndərənlər. 

- Məqsəd yoxdusa o zaman niyə bu qədər legionerə üstünlük verilir? Olmazmı ki, onların əvəzinə yerlilər işləsin, məqsəd bu cür yaransın? Sizcə maraq nədi?

- Bunu rəhbər şəxslərdən soruşsaz yaxşı olar. Bir nəfər rəhbərliyə sual vermir ki, niyə yerli məşqçilər işləmir?. Elə yerli məşçilər də ağızlarına su alıb oturublar. Nə qədər ki, heç kim danışmayacaq, belə də olacaq. 

- İş orasındadı ki, danışanlardan xoşları gəlmir...

- Guya belə yaxşıdı? Onda həmişə xaricilər işləsin. Biz də 10 manat verəndə sevinək, şükür edək.

- Problem də elə odu. Yəqin ki, həmin 10 manatın da kəsilməsindən qorxurlar...

- Onda daha sözüm yoxdu.

- Yeri gəlmişkən, orda ünsiyyət problemi olmur ki? İngilis dilini təmiz bilirsiz, yoxsa tərcüməçi vasitəsilə ordakılarla anlaşırsız?

- Maşallah olsun. Demək olar ki, ingilis dilini 70 faiz bilirəm. 

"Bunlar lətifəyə çox bənzəyir"

- Ora gedəndən sonra Azərbaycan futzalını, çempionatını izləyirsiz?

- Pis çıxmasın nəyə baxım? Onsuz da çempion bəllidi.

- Mütəxəssislərin dediyinə görə son çempionatlar daha yaxşıdı, çempionluq uğrunda bir yox 2-3 komanda mübarizə aparır. Ümumiyyətlə sizin düşüncələriniz necədi bu mənada?

- Siz inanırsız? Məncə bunlar lətifəyə çox bənzəyir. hansı 2-3 komanda? Hansı mütəxəssis? Yalandan baş aldatmaqdı. Çempionat başlayandan sonacan, çempion bəllidi. Hansı rəqabətdən söhbət gedir?

- Sonuncu dəfə Azərbaycan çempionatında hansı oyuna baxmısız?

- Arada videoyazıya baxıram. Məsələn "Ekol" - "Marafon" matçını izləmişəm.

- Kanadaya gedəndən sonra hər hansı bir dəyişiklik müşahidə etmisiz futzalımızda? Müsbət ya mənfi yöndədi dəyişikliklər?

- Yeganə dəyişiklik odu ki, iki komanda var, "Marafon" və "İtaldizayn"ı nəzərdə tuturam, yerli veteran futzalçılara imkan yaradıblar. Ona görə də Burdan onların rəhbərliyinə "sağ ol" deyirəm.

"Yenə də braziliyalılar oynayacaq, inkişaf da olmayacaq"

- AÇ-də 1/4-ə qədər gəlməyimizi çoxları hazırkı durumda böyük uğur hesab edir, bu yöndə düşüncələriniz necədi?

- Təkcə fransızları udublar də.

- Potensialımız bundan artığına imkan verirdi?

- Məgər bir dəfə AÇ-yə vəsiqə qazanmasaq nə olacaq?

- Ümumiyyətlə hazırkı yığmamız və onun çıxışı ilə bağlı nə düşünürsüz?

- Yığma hamımızındı. Yenə də braziliyalılar oynayacaq, inkişaf da olmayacaq. 

- İndiki Alesiolu yığmamızın bir neçə il öncəki Alesionun baş məşqçisi olduğu yığmamızdan fərqi nədi, heç irəliləyiş var?

- Həmişə demişəm, Alesio güclü məşqçidi. Sadəcə, oynayanlar braziliyalıdı.

- AÇ-də bu komanda ilə daha irəli getmək mümkün idi?

- Məncə yox. 

- Yığmamızda məşqçi baxımından dəyişikliyə ehtiyac var? Yaxud ümumiyyətlə belə yığmaya ehtiyacımız var?

- Fikrimcə futzalçıları dəyişdirsinlər. Legionerləri nəzərdə tuturam. 

Sport7.az

Xəbər lenti