Elşad Əhmədov:

Elşad Əhmədov: "Ən böyük çatışmazlıq müdafiə oluna bilməməyimizdi"

"Sabah"ın sabiq baş məşqçisi, hazırda klubda müşavir postunu tutan Elşad Əhmədov millimizin macarlarla matçından danışıb.

Mütəxəssis Sport7.az-a açıqlamasında bunları söyləyib: "Oyundan əvvəl mən də hamı kimi komandadan normal nəticə gözləyirdim. İlk hissədə demək olar, uşaqlar çox zəif göründülər. Həm də qolu tez buraxdıqları üçün hardasa ruh düşkünlüyü oldu. Cavid Hüseynov meydana girəndən, rəqib komandanın kapitanı Balaş Cucak əvəzlənəndən sonra bizimkilər daha çox topa sahib olurdular. Bundan sonra görünürdü ki, nəsə etmək istəyirlər. Bu da 90-cı dəqiqədə öz bəhrəsini verdi. Sayılmayan qola görə hakimin üzr istədiyini deyirlər. Xal da vacibdi. Ən azı uşaqlar çəkdikləri əziyyətlərinin yerdə qalmadığını görərdilər. Əvvəlki 5 oyunda macarlara uduzmuşduq. Buna "Dur!" deyə bilərdik".

Baş məşqçi ikinci hissədəki heyəti ilk yarıda meydana buraxsaydı nəsə edə bilərdikmi?: "Bunu demək olmaz. Meydana girən oyunçu nəsə edir, amma bu o demək deyil ki, start heyətdə oynasa dəyişiklik olardı. Məsələn, Almeyda ən yaxşılardan idi. Onu ehtiyatda otuzdurub əvəzinə kimisə meydana buraxmaq da düzgün deyil. Məşqçi əlində olan oyunçuların ən yaxşılarını oynadır. Bəzən kiminsə günü yaxşı, kiminkisə zəif olur. Bu başqa məsələdi".

Elşad bəy çatışmayan cəhətlər haqda bunları söylədi: "Mənə görə ən böyük çatışmazlıq müdafiə oluna bilməməyimizdi. Birəbir mübarizələrdə, qrup şəklində asan aldanırıq, rəqib üstümüzə gələndə onu təhlükəli zonaya buraxırıq. Standart vəziyyətlər yenə də bəlamızdı. Topu uzun müddət saxlaya bilməməyimizin səbəbinə gəlincə, ola bilər ki, heyətin futbolçuları bir-biri ilə oynamayıb deyə özünü göstərir. Bəhlulla Bədavinin, Paşayevlə Bəhlulun və sair müdafiədə bir-birini yaxşı tanımamasına görə də ola bilər. Topa nəzarət demək olar yox idi. Orta xətdə yer alan futbolçular əziyyət çəkirlər".

Əhmədov "Qrupda millimizdən nə gözləyirsiz, maksimum nə edə bilərik?" sualına belə cavab verdi: "Nə qalıb ki, nə də gözləyək? Tutacaq bir şey yoxdu. Maksimum nə edə bilərik? Uelslə evdəki oyunda yaxşı nəticə göstərib xal qazanmağı gözləyə bilərik. Başqa heç nə".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR