Elşad Əhmədov:

Elşad Əhmədov: "Millidə oynayanda başqa Ramil görürük"

Ramil Şeydayevin Azərbaycana qayıdışı birmənalı qarşılanmadı. Futbol ictimaiyyətinin əksər qismi haqlı olaraq futbolçunun Rusiyada daha yaxşı klub tapmalı və Azərbaycana gəlməməli olduğunu qabartdı. Elə mütəxəssislərin bir çoxu da Ramilin "Sabah"a gəlməklə geriyə addım atdığını bildirdi. Artıq transfer baş tutub və Şeydayev Azərbaycana qayıdıb, hətta komandası ilə ilk matçına da çıxıb. Bəs indidən sonra necə olmalıdı. Futbolçu "Sabah"a uyğunlaşmaq baxımından əziyyət çəkmir ki? 8 komandalı "Bakı çempionatı"ndan yenidən xaricə qayıtmaq problem olmayacaqmı? Bu və digər suallarımıza "Sabah"ın müşaviri və sabiq baş məşqçisi Elşad Əhmədovdan cavab aldıq.

Mütəxəssis Sport7.az-a açıqlamasında Şeydayevlə bağlı düşüncələrini bölüşdü: "Ramilin son 7-8 dəqiqədə meydanda olduğu görüşlə bağlı deyə bilərəm ki, oyun praktikasının yerində olmadığı görünürdü. Çox güman fərdi şəkildə məşqlər edirdi. Ən azından formadan düşməz və tramplin kimi "Sabah"dan istifadə edə, həm də komandaya faydası dəyə bilər. Mən baş məşqçi olanda da Ramil Şeydayevin "Sabah"a transferi ilə bağlı fikirlərimiz vardı. Amma alınmadı və Ramil "Krılya Sovetov"a getdi. Oradan da Moskva "Dinamo"suna transfer olundu. Ramil milliyə lazımlı futbolçudu, oyun praktikası çox vacibdi. Çox güman ki, həm Ramil, həm də komanda üçün xeyirli olar".

Bəs oyun üslubu baxımından necə, komandaya uyğum gəlirmi?: "Bəli "Sabah"a uyğundu. "9 nömrə" kimi oynaya biləcək futbolçudu. Onu hələ komandaya keçən il ətirmək istəyirdik. Çox əlləşdik-vuruşduq alınmadı. Qismət indiyə imiş. Komandaya xeyir verə biləcək futbolçudu".

"Sabah"la mövsümün sonuna qədər müqavilə bağlayan Ramil Azərbaycana gələndə oyun praktikası baxımından əziyyət çəkdiyi hiss olunurdu. Yəqin ki, onun formaya düşməsi zaman alacaq, üstəlik çempionatın bitməsinə 3 aya yaxın vaxt qalıb. Bəs bu müddət futbolçuya lazımi formaya düşməsi üçün kifayət edəcəkmi? Elşad bəy bu suala belə cavab verdi: "Görünür ki, Ramil istəklidi və xarakterli insandı. Özünü tez hazırlayar. Ən azı qarşıdakı iki oyunda olmasa da, 4-cü dövrədə komandaya xeyir verər. Qarşıda 7 vacib oyun var. Çox güman xeyir verəcək"

Əhmədov da Şeydayevin Azərbaycana gəlişinin geri addım olduğunu təsdiqlədi: "Trabzonspor"da, "Krılya Sovetov"da, "Dinamo" və sair klublarda oynadı. Əlbəttə ki, məsələn ən azı Polşa çempionatına getsə daha maraqlı olardı. Rusiyadan Azərbaycana qayıdırsa, "Sabah"dan tramplin kimi yararlanıb irəli addım ata bilər".

Azərbaycanın 8 komandalı, aşağı səviyyəli çempionatında oynayan Ramilə indidən sonra xarici ölkələrdən maraq göstərilməsi ehtimalı nə dərəcədə yüksəkdi?: "O millinin oyunçusudu. Belə futbolçulara xarici ölkələrdə həmişə diqqət olur. Baxmayaraq ki, Azərbaycan çempionatında oynayır. Millinin oyunlarına baxırlar, qiymətləndirirlər. İnanıram ki, tez bir zamanda hansısa yaxşı kluba transfer olunar".

Elşad bəydən Ramilin potensialı ilə bağlı düşüncələırini də öyrəndik. Onun fikrincə, Şeydyevin maksimumu, ən pik səviyyəsi budu, yoxsa daha yaxşı futbol oynamaq qabiliyyətinə malikdi? Hər halda Rusiyada oyadığı komandalarda, elə "Trabzospor"da da istədiyi şansı qazana bilməmişdi: "Onun elə bir yaş dövrüdü ki, 1996 təvəllüdlüdü. 24 yaşı var. Yəni, parlamalı olan vaxtıdı. İnanıram ki, potensialı var. Bunu necə görürəm? Millidə oynayanda başqa Ramil görürük. Sanki orada daha "diri", "canlı", istəkli çıxış edir. Millidəki oyunlarına nəzərən, potensialının tam açılmadığını düşünürəm. İnşallah "Sabah"da çatışmazlıqları üzərində çalışıb, potensialını tam olaraq ortaya qoyar. İnanıram ki, onun bacarığı bu deyil. Hələ Rusiyada oynayanda onun oyunlarını izləyirdim. Məncə, potensialı var. Bundan daha yaxşı səviyyədə olacaq futbolçudu. Xarakterlidi, bu da onun inkişaf etməsinə şərait yaradar".

Ramilin parlayan vaxtıdı və o "Sabah"da çıxış edir. Maraqlıdı, komanda futbolçuya nə dərəcədə kömək edəcək? Mütəxəssis bu suala qısa cavab verdi: "Sabah"da Ramilin sabahı var".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR