Elşad Əhmədov: "Onun yoxluğu, hətta adi məşqlərdə də hiss olunur"

Elşad Əhmədov:
"Sabah"ın baş məşqçisi Elşad Əhmədov komandanın hazırlıqlarına, qarşıdakı planlara toxunub.

Mütəxəssis Sport7.az-a müsahibəsində bunları söyləyib:

- Komandanı istirahətə buraxmısız, hazırlıqlar necə davam edir?

- 2 günlük istirahətdən sonra bugündən məşqlərə başlamışıq. Ayın 2-si Qəbələyə gedəcəyik, 4-ü oynayacağıq. Gündə bir məşqlə hazırlıqlarımız davam edir. Zədəlilərimiz də var.

- Son iki turda 6 xal qazanılıb. Demək olar ki, artıq komanda yavaş-yavaş stabilləşməyə başlayır, yoxsa hələ çatışmazlıqlar var?

- Stabilləşmək hələ tezdi. Amma sağ olsun uşaqlar iki oyuna 6 xal götürdülər. Nəticə var, istədiyimiz oyun yoxdu. Çatışmayan cəhətlər çoxdu. Bunların üzərində işləməliyik ki, gələn il belə problemlər olmasın.

- Heyətdə digər futbolçular da fərqlənməyə başlayıb və bu müsbət məqamdı. Bu, Deviçin oynamamasına görədi, yoxsa futbolçular arasında anlaşma artıq lazımi səviyyəyə çatıb?

- Digər oyunlarda da qol vəziyyətlərimiz olurdu, lakin uşaqlar istifadə edə bilmirdi. Deviç təcrübəli olduğu üçün qol imkanlarından yararlanmağı bacarırdı. Uşaqların hər birinin qol vurası sevindirici haldı. Amma bu o demək deyil ki, həmişə onlar vurmalıdı. Kimin əlinə imkan düşdüsə, qol vurmağı bacarmalıdı. Təcrübəsi və keyfiyyəti yaxşı olan futbolçular bundan istifadə edə bilirlər. Elə vaxt olur ki, futbolçular 100 faizlik qol vəziyyətindən yararlana bilməyib. 

- Deviçin durumu nə yerdədi?

- Hələ bundan sonra iki oyun meydanda olmayacaq. Əlbəttə, təcrübəli, komandaya lazımlı futbolçudu. Olmadığına görə çətinlik çəkirik. Onun yoxluğu, hətta adi məşqlərdə də hiss olunur. 

- "Qəbələ" ilə oyun üçün xüsusi hazırlıq görəcəksiz?

- Xeyr, xüsusi hazırlıq görməyəcəyik. Bu görüşə də hər bir çempionat oyununa olduğu kimi hazırlaşırıq. 

- Son vaxtlar "Qəbələ"nin istənilən səviyyədə çıxış etməməsi komandada müəyyən mənada arxayınlıq yarada bilərmi?

- Deməzdim ki, zəifdilər. "Qəbələ" demək olar bütün oyunlarda yaxşı çıxış edir. Düzdü qol vəziyyətlərindən istifadə edə bilmirlər. Amma "Qəbələ" Azərbaycan çempionatında 3 yaxşı komandadan biridi. Təcrübəli futbolçuları var. Sadəcə, yaratdıqları qol imkanlarını lazımi səviyyədə sonlandıra bilmirlər. Nəticə yoxdu, ancaq oyun ki var. 

- "Sabah"ın hazırkı çıxışı, mövsümün hədəfləri ilə bağlı dəyişikliyə səbəb olub?

- Xeyr, məqsədimiz yaxşı oyun göstərmək, mövsümün sonunda mümkün qədər çox xal yığmaqdı. Hədəflərimiz dəyişməyib.

Sport7.az

Xəbər lenti