Elşad Əhmədov: "Premyer Liqada işləmək istəyirdim, ora can atırdım"

Elşad Əhmədov:
Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Sabah"ın yeni baş məşqçisi müəyyənləşdi.

Arif Əsədovla yolları ayıran klub rəhbərliyi komandanı Elşad Əhmədova tapşırdı. Maraqlıdı mütəxəssisin hansı planları var? Klub rəhbərliyi Əhmədovun qarşısına hansı şərtləri qoyub?

Bu suallarımıza cavab almaq üçün elə Elşad bəylə danışdıq. İlk dəfə Premyer Liqada baş məşqçi kimi komanda çalışdıracaq Elşad bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Açığı öz əlimizin bəhrəsi olan "Xəzər"lə Premyer Liqada oynayıb ləzzət almaq istəyirdik. Amma "Xəzər" çıxmadığına görə bu klubdan ayrıldım. Mən daha çox Premyer Liqada işləmək istəyirdim, ora can atırdım. "Xəzər"lə bunu həyata keçirmək daha maraqlı və gözəl hiss olardı. İndi "Sabah"ı təklif ediblər. Premyer Liqada hər bir baş məşqçi işləmək istəyər. Sağ olsun klub rəhbərliyi mənə təklif göndərdi. Anlaşmışıq, amma hələ müqaviləyə qol çəkilməyib. Heç dərin şəkildə də müzakirələr aparmamışıq.

Məsuliyyətim çox ağırlaşıb. İndiki vaxtda Premyer Liqada baş məşqçi işləməyə özümü tam hazır hiss edirəm. Xüsusən də PRO kateqoriyası üzrə kurslardan sonra bunu hiss edirəm. İrəliləyiş var. Ovaxtkı PRO kateqoriyalı məşqçilərlə indikiləri müqayisə etsək, bunu görərik. Elə onlar özləri də deyirlər ki, Azərbaycan məşqçilərində inkişaf var. Sizə bir söz deyim. Bu kurslarla əlaqədar Nyona getmişdik. Ukrayna təhsilli məşqçiləri özüm üçün böyük görürdüm. Orda Serbiyanı təmsil edən məşqçilər də vardı. Şəxsi fikrimdi serbiyalılar savad baxımından daha maraqlı, bilikli görünürdü. Amma Ukraynadan gələnlər, Azərbaycan məşqçilərinin yanında çox aşağı səviyyədədilər. Bizim Aslan Kərimov onların bütün müəllimlərindən fəal idi. Ümumilikdə o kurslarla bağlı təəssüratlarım çox yaxşıdı. Bir söhbət var, həssə gedib gələnlər deyirlər ki, "getməyənlərə də qismət olsun". Mən də ora getməyən məşqçilərə deyirəm ki, qismətləri olsun. PRO-nun nə vaxt veriləcəyinə gəlincə, mayın 28-i, iyunun 2-si arasında imtahan olacaq. Bundan sonra kimlərin PRO aldığı müəyyənləşəcək. İnşallah keçərik. 

"Sabah"la bağlı hələ konkret müzakirələr olmayıb. Mən sadəcə məqsədlərin soruşmuşam. Yüngülvari söhbətlərimiz oldu. Yəni, dolğun danışılmadı. Dedilər ki, müzakirələrimiz olacaq. Yaxın günlərdə yəqin ki, danışacağıq. İlkin olaraq bir-birimizi tanımaqla bağlı söhbətlərimiz olub. Premyer Liqa üçün "0"-dan komanda yığırıq. Yəqin ki, ilk mövsümdə qarşıya böyük məqsədlər qoyulmayacaq. Çalışacağıq bir neçə təcrübəli futbolçu, legioner dəvət edək. Xarici toplanışla bağlı da təkliflərimi deyəcəm. Artıq özümdə müəyyən cızma-qaralar etmişəm".

Elşad bəy sabiq komandası "Xəzər"lə bağlı müəyyən məqamlara toxundu: "Klubda qalmağı rəhbərliyə təklif etmişdim. Premyer Liqa olsa yüz faiz qalacaqdım. Amma birinci divizionda da qala, komandanı düzəldib oynaya biləcəyimi demişdim. Klubun icraçı direktoru Emin Abbasovla danışmışdım. O da dedi ki, yüksək səviyyədə dəstək olmayacaq. Bundan sonra yollar ayrıldı. Hətta, birinci divizionda o heyəti gücləndirməyi fikirləşsələr qalardım. Dəqiq bilmirəm "Xəzər" fəaliyyətini davam etdirəcək ya yox. Amma inanmıram kluba yüksək səviyyədə "maya" qoysunlar".

Sport7.az

Xəbər lenti