Elşad Əhmədov: "Özlərini yaxşı tərəfdən göstərmədilər"

Elşad Əhmədov:
"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının X turunda "Qəbələ"yə səfərdə 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib.
 
Sport7.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə matçı dəyərləndirib: "Maraqlı oyun keçdi. Xüsusilə ikinci hissə. Heyətdə bəzi dəyişikliklər etmişdik. Yorğun olan futbolçulara istirahət vermişdik. Oyuna zəif başladıq. İkinci hissədə yaxşı oynadıq. "Qəbələ"ni təbrik edirəm. Ancaq heç-heçə ediləsi oyun idi".

- Çempionatın da bombardiri olan Marko Deviçin yoxluğunda hücum xəttiniz "dişsiz" görünür. Bu gün Tural Qürbətova sonradan şans verdiniz, onu da əvəzlədiniz...

- Bəli. Markonun olmamağı ziyanımızadı. Turala şans verməklə hücumu sürətləndirdik. Sonra Elşən Abdullayevin sürətinə güvənərək onu meydana buraxdıq.

- Komanda ilk hissəni niyə zəif keçirdi?

- Həmişə ikinci hissəni zəif oynayırdıq. Bu dəfə ilk hissəni belə keçirdik. Vadim Abdullayevlə Tərzin Cahangirov özlərini yaxşı tərəfdən göstərmədilər. 

- Hesab etmirsiniz ki, məğlubiyyətdə bəzi aparıcı futbolçuların olmamağı rol oynadı?

- Erik Ramos 90 dəqiqə oynayır, yorğunluq hiss olunur. Məqsəd İsayevdə bir az zədə vardı. Ona görə onu keçən turda əvəzləməli olmuşdum. İlk hissənin sonuna özümüzə gəldik. (Sport24.az)
 
Sport7.az

Xəbər lenti