"Çelsi" azarkeşi: "Qarabağ"la oyunda bizə vətən xaini kimi baxırdılar"

Bildiyiniz kimi, Sport7.az saytı ölkəmizdə fəaliyyət göstərən Avropa klublarının rəsmi fan-klublarına da tribuna ayırıb.

Bu dəfə "Çelsi"nin fan-klubunun rəsmisi Fərid Qənizadə ilə söhbətləşdik. 

- Sizi daha yaxından tanıyaq...
- Əvvəla bizə də "tribuna" verdiyiniz üçün fan-klub və öz adımdan təşəkkür edirəm.

Mən Fərid Qənizadə. 21 yaşım var. Bu 21 ilin 14 ilini "Çelsi" sevgisinə həsr etmişəm. Hələ heç bir komanda tanımadığım vaxtlarda, yəni 2004-cü ildə rənginə görə təsadüfən aldığım "Çelsi" şərfi sayəsində bu klubun fanatı olmuşam. O gün bu gündür "Çelsi" həyatımın bir parçası olub

"Çelsi" fan-klubu 10 ilə yaxındır fəaliyyət göstərir. Ancaq rəsmi statusu 2015-ci ilin oktyabr ayında alıb. Fan-klubumuzu Ramil Cahangirov rəsmiləşdirib.
 


- Hazırda nə qədər üzvünüz var?
- 150-yə yaxın üzvümüz var. Amma rəsmi olaraq üzv olmayıb, oyunlara gələnlər də çoxluq təşkil edir. Fan-klubumuz eyni zamanda Qafqazın yeganə "Çelsi" fan-klubudur.

- "Çelsi" klubunun Azərbaycanda digər top-klublara nisbətən elə bil azarkeşi azdı.
- Son illərdə Azərbaycanda "Çelsi" fanatları artmaqdadır. Məsələn, əvvəllər Azərbaycanda "Çelsi" fanati görəndə sevinirdim, indi isə adi bir hal kimi gəlir mənə.

- Fan-klubun görüş yeri var?
- "Çelsi"nin rəsmi saytında da qeyd olunduğu kimi, görüş yerimiz və oyunlara ən çox baxdığımız yer "Half way-inn pub"dır. Dəfələrlə oyunlara rəqib komandaların fanatları ilə birlikdə baxmışıq. İngiltərə Premyer Liqasının böyuk komandaları digər liqaların böyük komandalarına nisbətən çoxluq təşkil etdiyi üçün, demək olar hər dəfə yan masalarda rəqib fanatlar olur. Hər iki fanatlar rəqib komandalara atmacalar atsalar da, indiyə qədər heçbir gərginlik olmayıb.

Ancaq bizim üçün ən unudulmaz oyunumuz 2017-ci ilin noyabr ayında Bakıda keçirilən "Qarabağ" - "Çelsi" oyunudur. Bu matçı 100-ə yaxın fan-klub üzvü birgə izlədi.

- Azərbaycan klubları avrokuboklarda çıxış edəndə digər klubların belə azarkeşləri Azərbaycan adı üçün həmin klubu dəstəkləyir. Sizin üçün çətin oldu bəs, bir tərəfdə sevimli klub, bir tərəfdə isə vətəni təmsil edən komanda? Hansı duyğuları keçirdiniz?
- Bizim fanatlar 110-cu sektorda yığışmışdı. Amma mən daxil olmaqla 5-6 nəfər rəqib tribunanın yanındakı tribunda oturmuşduq. Çünki "Çelsi" azarkeşlərinə ayrılan tribunaya bilet ala bilməmişdik. Buna görə də onlara yaxın oturmaq istədik. Yerli izləyicilərin içində olduğumuz üçün, həm də yerli komanda olduğu üçün qollara sevinməməyə çalışırdıq. 2-ci qol olanda da sevinmədik. Ama bizdəki "Çelsi" atributunu görən yerli izləyicilər kənardan söz atmağa başlayıb, bizi vətən xaini və təxribat törətməkdə ittiham etdilər. Onsuz rəqib tribunaya keçmək üçün bəhanə axtarırdıq. 40-cı dəqiqədə öz istəyimizlə tribunani tərk edərək koridorda gözlədik. İlk hissə bitəndə yerli izləyicilər yanımıza gəldilər. Bir tərəfdə "Çelsi"  fanatları, bir tərəfdə yerli izləyicilər var idi. Biz də elə yerli izləyicilər olan tərəfdə idik, qarşı tərəfə keçməyə polis icazə vermirdi. Atributlara görə yenə atmaca atmağa başladılar. Artıq dava çıxacaqdı ki, polis müdaxilə edib bizi qarşı tərəfə keçirtdi.

Nə qədər sevimli komandamızı görsək də qəribə hisslər yaşadıq, qollara sevinməməyə çalışdıq. Ancaq bir yerdən sonra istər-istəməz insan özünü saxlaya bilməyib qollara sevinir. Bir məqamı da qeyd edim ki, bizə atmacalar atan yerli izləyicilər 70-ci dəqiqədən sonra getmişdilər.

- Beləcə, "Qarabağ" azarkeşlərinə də söz atırsız ki, sona kimi dəstəkləmədilər? Bəs bu yaxınlarda "Çelsi" ağır mığlubiyyətə uğrayanda sizlər sona kimi oyunu izləyib, dəstəklədiniz?
- Xeyr, "Qarabağ azarkeslərinə yox. Diqqət etdinizsə, izləyici deyirəm. Şəxsən bir çox "Qarabağ" azarkeşi olan yaxın dostlarım var. Bizə atmaca atanlar azarkeşlər yox, izləyicilər idi. 

Bəli sona qədər izlədik. Heçbir oyun bitmədən tərk etməmişik. Vacib işi olmayib, sırf uduzuruq deyə getmək istəyəni şəxsən özüm kənarlaşdıraram fan-klubdan.
 


- Hazırda komandanızın İngiltərə Premyer Liqasında çıxışını necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, çempionluq ümidimizi çoxdan itirmisik. Hədəfimiz ilk 4-lük və avroliqanın qalibi olmaqdı. Tamamilə buna köklənmişik. "Çelsi"  bu mövsüm oyunundan çox meydandan kənarda olan hadisələrlə yadda qaldı. Gedişat istəməzdik belə olsun. Amma Sarrinin ilk mövsümünə görə normal nəticədir. Demək olar işlər hal-hazırda istədiyimiz kimi gedir.

Fevral ayı bizim üçün çox pis keçdi. Mart ayinda demək olar çətin oyunumuz yoxdur. Ümid edirik ki, bu oyunlardan üzü ağ çıxarıq. Ümumi mövsümü nəzərə alsaq, çox qəribə hisslər keçirtdik. Gah endik, gah qalxdıq... Bu mövsüm komandada nə meydanda, nə də meydandan kənarda sabitlik olmadı.

Bir "Çelsi" azarkeşi olaraq EPL'də tək istəyim "Çelsi" və "Mançester Yunayted"in çempionluq rəqabətlərinin geri dönməsidir

- Son olaraq fan-klubun qarşıdakı planlarından bəhs edin. 
- Gələcək yönlü məqsədlərimizdən biri fan-klubu bacardığımız qədər böyütmək və yeni üzvlər, yeni dostlar qazanmaqdır. Şəxsi planım isə, fan-klub olaraq xeyriyyə aksiyası təşkil etməkdir.

Röya Kərimli
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR