Əlvida Astori - Rekviyem

Əlvida Astori - Rekviyem
Yaşadığımız müddətdə çox maraqlı hadisələrlə qarşılaşırıq. Bütün bu maraqlı hadisələrin sonunda isə ən dəhşətlisi ölümdür. Dini baxışdan bəziləri üçün tamamilə sondur, bəziləri üçün isə hər şey ondan sonra başlayır. Əsas məsələ budur ki, dini inancından, ideologiyasından, sosial statusundan asılı olmadan hər kəs ölür.

Ölüm haqqında danışmağa nə var ki? Ölümü yaşamaq, ölüm ayağında əzraili gözləmək, yəqin ki, ən çətin an olar. Ən dəhşətli ölüm boğulmaq və diri-diri yanmaqdır. Necə ki, bir neçə gün öncə Narkoloji Mərkəzdə yanaraq ölənlər heç vaxt hiss etməyimizi arzulamadığım bir əzabla öldülər. Ən "xoşbəxt” ölüm isə yatıb ayılmamaqdır. Mən də bu xoşbəxtliyi yaşamış adam haqqında danışacam – Davide Astori.
 
4 martda florensiyalı kapitan Astorinin ölüm xəbəri hər kəsi şoka saldı. Elə bir tiffozi kimi məni də sarsıtdı. Kim idi Astori?

1987-ci il təvəllüdlü Astori "Pontisola” komandasında futbola başlayıb. Astori 2001-ci ilə qədər bu komandanın müxtəlif yaş qruplarında forma geyinib. Peşəkar futbol kariyerasına isə 2006-ci ildə "Milan”da başlayıb. Əsas heyətdə debüt edə bilmədikdən sonra  "Pizziqettone” və "Kremeones” klublarına icarəyə verilib. Astori "Milan”dan ayrılarkən kluba müəyyən qədər pul da qazandırır, onu 5 milyon avro qarşılığında "Kalyari”yə transfer edirlər. 2014-cü ilə qədər "Kalyari” formasını geyinən Astori 6 il ərzində 174 rəsmi görüşə çıxır.

Astorinin potensialını görən klublar onu sıralarına qatmaq üçün dəridən-qabıqdan çıxmağa başlayıb. Bir vaxtlar "Spartak” və "Qalatasaray” da Davidenin heyətinə qatmaq istəsə də, italyan müdafiəçi bu transferlərdə maraqlı olmadığını bildirib.

2014-cü ilin yayında "Roma”dan gələn təklifi müsbət cavablayan Astori "canavarlar”ın heyətinə icarəyə yollanıb. "Roma” formasıyla 24 rəsmi görüşdə bir qol vuran Astori mövsümün sonunda"Fiorentina”ya keçib və bununla da Astorinin karyerasında ikinci bahar başlayıb. Zaman keçdikcə komandanın liderinə çevrilən və sonda kapitan olan Astori "bənövşəyilər”in formasında 91 görüşə çıxaraq, 1 qola imza atıb.

Eləcə də Davide 2011-2017-ci illər arası İtaliya millisinin 14 görüşündə forma geyinərək,1 qol ilə yadda qalıb...
 


... Və ötən gün  "Udineze” ilə görüş öncəsi səhər saatlarında otel otağında cansız bədəni tapılan Davide futbol dünyasını kədər boğmuş oldu.
Kimsə futbol dünyasından faciəvi şəkildə gedirsə, onun formasına gedən yol sadəcə bağlanır. Həmin formanın işığı azarkeşlər üçün sönür və həmin formanın hərarəti artıq onları isitmir. Xatirələr isə get-gedə seyrəlir və xəfif duman kimi zamanla yoxa çıxır.

Astorinin gedişi futbol sevərlərdən daha çox futbolçuların özünə təsir etdi. "Roma” klubunun sabiq idman direktoru öz "Twitter” heabında belə yazıb: "Mənim keçmiş oyunçum Davide Astorinin ölümü məni xeyli üzdü. O, professional və nümunəvi bir oyunçu idi. Mən onun ailəsi və sevənlərinin dərdinə şərikəm, ona Allahdan rəhmət diləyirəm”.

"Fiorentina” klubunun mətbuat xidmətinin rəhbəri Arturo isə onu son dəfə görənlərdəndir: "Astori hər dəfə səhər yeməyinə hamıdan tez gəlirdi. Onu yoxlamaq üçün gedib baxdıq. Heç nə olmamış, yatmış kimi görünürdü. Sonrakı mənzərə isə bizi şoka saldı, nə deyəcəyimi bilmirəm”.
Andrea Pirlo isə "İnstagram” səhifəsində bu sözləri yazıb:"Mən yazmağa söz tapmıram. Əlvida, Astori”.

Radja Naninqqolan isə dostu ilə bir gün görüşəcəyinə inanır: "Əlvida dostum, yerin çox görünəcək. Bir gün görüşmək ümidilə”.

Canlı əfsanə Buffonun sözləri isə hər kəsin kövrəlməsinə səbəb oldu: "Salam, əziz Asto. Mən bunu çox çətinliklə yazıram. Sən bu həyatdan getdin, ardınca isə gənc həyat yoldaşını və ən önəmlisi balaca qızını yalnız buraxdın. Sən çox alicənab, ləyaqətli insan idin. Bunları bilmək qızının ən böyük haqqıdır. Əlvida, dostum”.

Romanın Qladiatoru Françesko Totti isə sadəcə bunları deyib: "Mən şokdayam, nə deyəcəyimi bilmirəm”...

Mustafa Kamal
 
 
 

Xəbər lenti