"Elvindən 3 yox, 13-cü dəfə də belə hal gözləmək olar" - Qurban Qurbanov

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XXII turunda hazırda ikinci hissəsi gedən "Zirə” – "Qəbələ” matçını izləyənlər arasındadı.
 
Sport7.az xəbər verir ki, mütəxəssis qarşılaşmanın fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

- İlk hissəyə əsasən təəssüratlarınız necədi?

- Hələ oyun başa çatmayıb. Bir matça fikir bildirmək də doğru olmaz. Bütün futbolçuların çıxışını, statistik göstəricilərini təhlil edirik. 3-5 oyundanbir təhlil aparırıq ki, futbolçuların hazırlıq səviyyəsi necədi və oyuna nə dərəcədə faydası dəydi.

- "Qəbələ”nin heyətində məcburi dəyişiklik oldu. Milli üzvlərindən sayılan Aqil Məmmədovun sanki artıq çəkisi var...

- Mənim də ilk gözümə dəyən bu oldu.

- Ruslan Qurbanov müdafiənin cinahında çıxış edir. Özünü necə göstərir?

- İlk dəfə deyil. Bəzi matçlarda müdafiədə oynayır. "Keşlə” ilə qarşılaşmada hücumda çıxış edirdi. Baş məşqçisi bu dəfə belə qərar verib. Məni sevindirən odu ki, futbolçu bu məsuliyyəti dərk edir, baş məşqçi də düşünür ki, hansı mövqeyə qoysa, orda ondan istədiyi keyfiyyəti ala biləcək.

- Toplanışlarda "Zirə”dən heç kimi görmürük. Bu gün diqqətinizi çəkən biri varmı?

- Biz bütün oyunları izləyirik. Əvvəl də bildirmişdim ki, hər toplanışda fərqli adlar olsun. Görünür, həmin vaxt digər oyunçuların hazırlıq səviyyəsi daha yaxşı olub. Bu gün kimsə çağırılmırsa, o demək deyil ki, sabah sıralarımızda olmayacaq. Hamısını nəzarətdə saxlamağa çalışırıq.

- Elvin Yunuszadəni necə oldu ki, bağışladınız? Özü bildirdi ki, Qurban müəllimlə fərdi söhbətim oldu. Maraqlıdı, ona nə dediniz?

- Elvin elə insandı ki, ondan 3-cü yox, 13-cü dəfə də belə hal gözləmək olar. Amma mən də belə hallarda futbolçu vaxtlarımı göz qabağına gətirirəm. Dəfələrlə olub ki, məşqçilər hərəkətlərimə göz yumub, bağışlayıblar. Belə hallar olur, amma cəzalandırmaq mütləqdi. Bəzən 1-3 aylıq cəzalanır, bəzən pul cəriməsi olunur. Komandada 20 fərqli insan varsa, mütləq belə vəziyyətlərlə üzləşəcəyik. Hətta evdə 3-5 uşağın varsa, görürsən ki, onlardan biri ərköyün olur. Əsas odu ki, səhvini başa düşsün, özünü bir az yığışdırsın. Bu, bütün futbolçulara aiddi. Öz işinə sevgi olmasa, uğur əldə etməyin mümkün deyil. Elvinlə söhbətimiz oldu. Bunu indi danışmağa ehtiyac yoxdu. (apasport)
 
Sport7.az

Xəbər lenti