Elxan Abdullayev: "Keşlə"nin problemini sırf rəhbərlikdə görürəm"

Elxan Abdullayev:
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Elxan Abdullayev həm çempionatımız, dünən baş tutan "Neftçi" - "Qarabağ" matçı, həm də hazırda gündəm olan "Keşlə"nin durumu ilə bağlı fikirlərini bildirib.

Məşqçi Sport7.az-a açıqlamasında bunları söyləyib: "Sözümün üzərində dayanıram. 8 komandadan ibarət çempionat şəxsən xoşuma gəlmir. Ümumiyyətlə formatı bəyənmirəm. Hər il eyni rəqiblə 4 dəfə görüşürsən. Mənim üçün maraqsızdı. Daha çox komanda olsaydı çempionat maraqlı alınardı. Eyni rəqiblə nə qədər oynamaq olar?" 

Abdullayev dünən keçirilən "Neftçi" - "Qarabağ"la matçına da toxunub: "Sözsüz ki, "Qarabağ" bu gün "Neftçi"dən güclü və stabil komandadı. Baxmayaraq ki, "Neftçi" dünən qələbə qazandı. Təbrik edirəm, özüm "Neftçi"nin azarkeşiyəm, burda çalışmışam. Ancaq belə baxanda "Neftçi" yenə və "Qarabağ"dan daha çox xal itirə bilər.  "Qarabağ"da yorğunluq da var. 3 cəbhədə, yığmada, avrokuboklarda və ölkə çempionatında oynayır. Ona görə də baş məşqçi həmişə heyəti dəyişməyə məcbur olur. Eyni heyətlə oynaya bilmir. "Neftçi"də bir şey yaxşıdı ki, bu il rəqabət var. Keçən il isə "Qarabağ"dan çox geri qalmışdı. "Neftçi" indi sürpriz edir, bu da xoşdu. Lakin çempion olmaq üçün "Neftçi" sabit oyun sərgiləməlidi. Maya kimi vaxt var. "Neftçi"nin çempionluğa nə qədər hazır olduğunu zaman göstərəcək. "Qarabağ" istisna, digər komandalara baxanda "Neftçi"nin heyəti daha güclüdü. Digərləri eyni səviyyəlidi. Deməzdim ki, "Qarabağ" sırf yorğunluğa görə uduzdu. "Vorskla" ilə oynayan futbolçuların 8-i meydanda yox idi. Yaxşı olardı ki, eyni heyətlə meydana çıxsınlar, Ancaq onlarda alınmır. Biri yorğun olur, digəri zədəli. Eləsi var psixoloji cəhətdən hazır deyil".

Elxan bəy hazırda gündəmdə olan və baş məşqçisi ilə yolları ayıran "Keşlə"nin də durumundan söz açıb: "Necə deyim, hər şeyi məşqinin üzərinə atmaq düzgün deyil. Mən bunun tərəfdarı deyiləm. Həmişə demişəm ki, məşqçiyə vaxt verilməlidi. Açıq danışaq, indiki "Keşlə" ilə nə etmək olar? Çatışmazlıqlar var. Ümumiyyətlə klubun problemini sırf rəhbərlikdə görürəm. Ağıllı rəhbər özünə lazım olan məşqçini seçir və ona vaxt verir. Dəfələrlə eşitmişəm, özləri açıqlama verib ki, biz inanırıq, güvənirik filan. Amma 3 aydan sonra işdən çıxarırlar. Bəs necə güvənirdin ona? Maksimov işlədi, komandaya kubok qazandırdı. Narazı qaldıqlarını dedilər. Milinkoviçi gətirəndə ona inandıqlarını bildirmişdilər. Amma göndərdilər. Mənim üçün fərqi yoxdu, istər əcnəbi, istər yerli olsun. Məşqçiyə vaxt vermək, uzunmüddətli müqavilə bağlamaq, dəstək göstərmək lazımdı. Belədə nəticə də olacaq. Ancaq indi yeni gələn məşqçi nə deyəcək? Özündən Amerika kəşf etməyəcək ki. Yenə futbolçu istəyəcək, vaxt azlığından şikayətlənib, xal fərqinin çoxluğunu əsas gətirəcək. Amma "Keşlə" heç kimə vaxt vermir, qısa zamanda nəticə tələb edir. Bu isə alınmır. Ona görə də problem sırf rəhbərliklə bağlıdı".

"Hazırkı durumda dəvət gələrsə, "Keşlə"də çalışmaq və bu məsuliyyəti üzərinizə götürmək istərdiz?" sualına isə mütəxəssis belə cavab verib: "Xeyr, heç vaxt çalışmaram. Mən uzaqgörən insanam. Əvvəlkiləri 3 ayın ərzində çıxarıblarsa, deməli, bir oyun uduzandan sonra məni də eyni aqibət gözləyəcək. Düzdü, belə danışmaq düz çıxmaz, çünki təklif yoxdu (gülür). "İnter" mənim üçün doğma idi. Bu komanda ilə iki qızıl, bir gümüş medal qazanmışam. Ancaq indi o komandadan heç nə qalmayıb. Biz bilirik nəyə görə belə alındı. Peşəkarlıq yoxdu. İndiyəcən bu komandada belə olmayıb ki, 4 aydan sonra məşqçi çıxarsınlar, ya da onun işinə qarışsınlar. "Qarabağ"ın, "Neftçi"nin baş məşqçisi olmuşam, bir çox komandalarda işləmişəm. Amma "Keşlə" yox, məhz "İnter" kimi peşəkar komanda yox idi Azərbaycanda. Klub peşəkar idi. İndi turnir cədvəlinin ən aşağı pilləsindədi. Heç yaraşırmı?".

Sport7.az

Xəbər lenti