Elxan Məmmədov Avropadan nə istəyir?

Elxan Məmmədov Avropadan nə istəyir?
AFFA-nın baş katibi ölkədə tapılmır. Əvvəllər onsuz da xaricə səfərə getməyi xoşlayan, təyyarələrin "biznes klass"larından, "5 ulduzlu" otellərdən ayağı kəsilməyən Elxan Məmmədov indi səfərlərini daha da intensivləşdirib. Onu AFFA-nın binasında görmək, futbolumuzun problemlərini müzakirə etmək, vacib suallara cavab tapmaq qeyri-mümkündü. Ötən ilin son günlərində AFFA-nın mətbuat xidmədinə rəsmi surətdə müraciət etdik. Həmin müraciətimizdə baş katibin uyğun vaxtda bizə müsahibə verməsi uçun vaxt ayırmasını arzuladığımızı zati-alilərinin diqqətinə çatdırmışıq. Əvvəlcə 5-10 gün sonra alınacağı deyildi, indi isə heç hər hansı vaxt deyəndə yoxdu.

Səbəb isə sadədi - Elxan Məmmədov Bakıda tapılmır. "Bu təyyarə sənin, o təyyarə mənim, bu ölkə sizin, o ölkə bizim" deyib, Avropanı gəzməkdədi. Düşünmək olar ki, cənab Məmmədov Azərbaycan futbolunun problemlərini həll etmək üçün Avropa ölkələrindəki təcrübəni öyrənir, uşaq akademiyalarını gəzir, təbii örtüklü meydançaların salınması üçün nələrin tələb olunduğu ilə, veteranların bilik və təcrübəsindən maksimum necə faydalanmağın yolları ilə tanış olur. 

Yanılırsız, dostlar. Adam özü özünün təbliğatını aparmaqla məşğuldu. Avropa ölkələrinin futbol federasiyalarından UEFA-nın İcraiyyə Komitəsinə seçilmək üçün dəstək umur.

Təəssüflər olsun ki, bu təbliğat və təşviqat səfərlərinin AFFA-ya, daha dəqiqi iqtisadi çətinliklərdən əziyyət çəkən, neft böhranından çıxmağa çalışan Azərbaycana neçəyə başa gəldiyini öyrənmək mümkün deyil. Kimdən soruşasıyıq? Bu vaxta qədər quruma ünvanladığımız hansı suala cavab tapmışıq?

Məlum məsələdi ki, Elxan Məmmədov belə görüşlərə əliboş getmir. Həm bolluca hədiyyələr aparır, həm də yağlı vədlər verir. Özü də belə səfərlərin əksəriyyəti korrupsiyaya, müxtəlif fırıldaqlara daha meyilli olan ölkələrədi. Çünki özü də yaxşı başa düşür ki, Qərbi Avropanın inkişaf etmiş dövlətlərindəki funksionerləri ələ almaq o qədər də asan deyil.

Baş katibin sonuncu səfəri Serbiyaya olub. Serblərin türklərə də, müsəlmanlara da münasibəti bəllidi. İmkanları olsa, hamımızı qırarlar. Amma Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza bizim baş katibə söz verib ki, İcraiyyə Komitəsinə seçkilərdə ona dəstək olacaq. Hələ serbiyalı "qardaşlarımız"la yoldaşlıq görüşləri də keçirəcəyik. Di gəl ki, əsas komandalar yox, aşağı yaş qrupları üzrə. Nə olardı, ağız açmışkən, serblərin yumşaq damarını tutmuşkən, A millilərin qarşılaşmasına razılıq alınaydı?! Güclü rəqiblə sınaq oyunu Prosineçkinin komandası üçün əla fürsət olardı. Bunu Elxan Məmmədov da bilməmiş deyil. Olmaya, unudubmuş, yaxud heç bilmirmiş...

Yox, əzizlərim, ona Azərbaycan futbolunun mənafeyi yox, özünün UEFA-da vəzifə tutması lazımdı. Avropadan istədiyi özünə dəstəkdi. Hadisələrin gedişatı da Avropanın ona istədiyini verəcəyini göstərir. Xeyirli olsun!

Amal ABUŞOV

Xəbər lenti