“Elxan Məmmədov futbola biznes kimi baxır” – Novruz Əzimov AFFA-nı “bombaladı”

“Elxan Məmmədov futbola biznes kimi baxır” – Novruz Əzimov AFFA-nı “bombaladı”

AFFA Həmkarlar İttifaqının üzvü Novruz Əzimov "Futbol+” qəzetinə müsahibəsində maraqlı məqamlara toxunub.

Sport7.az həmin müsahibəni təqdim edir:

- AFFA Həmkarlar İttifaqının fəaliyyəti nə yerdədi? Hansısa dəyişiklik varmı?
- Görüşlər, iclaslar olurdu, amma pandemiyadan sonra keçirmək mümkün deyil. Martdan bəri görüşlərimiz olmayıb. Əvvəl işləməyə qoymurdular, sonra da pandemiya çıxdı ortaya.

- AFFA ilə ittifaq arasında müəyyən problemlər var idi, həllini tapdı? Federasiya ilə hansısa danışıqlar olub?
- Son dəfə fevralda veteranlarla görüş keçirildi. Ondan sonra 4 aydan çox vaxt keçib. Bu müddətdə onlar həmin görüşdə dedikləri heç bir şeyi yerinə yetirmədilər. Bizim ittifaqın fəaliyyət göstərməsini istəmirlər. Bilirlər ki, belə bir təşkilat olsa, etdiklərinə görə cavab verməli olacaqlar. Onsuz da gec-tez bu olmalıdı. Bu təşkilatın fəaliyyəti onların işinə mane olur. Əsas üstünlüyü əcnəbilərə verirlər. Axı niyə yerli mütəxəssisləri görmürlər? Mehman Allahverdiyev "Kəpəz”, Gəncə futbolu üçün hər şey edib, amma bunun qarşılığı nə olub? Bir ara dedilər, Gəncənin İcra Hakimiyyəti onu istəmir, biz qarışa bilmərik. Onlar üçün əsas əcnəbi mütəxəssislərdi. AFFA-da nə qədər şöbə, orda çalışan nə qədər işçi var. Amma gəlin görək neçəsində yerli mütəxəssis çalışır. Bizim ittifaqın işi onlara sərf etmirdi. Məhz Həmkarlar İttifaqının fəaliyyətinə görə həmin görüş keçirildi. Orda Oqtay Abdullayev də iştirak edirdi, İsgəndər Cavadov da. Bir sözlə, veteranların əksəriyyəti orda idi. İlk dəfə belə bir görüş keçirildi. Elxan Məmmədov ilk dəfə belə tərkibdə görüş keçirdi. Niyə indiyədək veteranlarla görüşmürdün? Məqsəd ölkə prezidentinə ünvanladığımız məktuba bir növ cavab vermək idi. O görüşün Biznes Mərkəzində olması da elə-belə deyildi. Elxan Məmmədov demək istəyirdi ki, mən futbola biznes kimi baxıram. Bəli, futbolun biznes, hətta siyasi tərəfi də var. Amma onun məhz Biznes Mərkəzində təşkili elə-belə deyildi. İndiyədək bütün iclaslar "Bulvar Hotel”də keçirilirdi. O iclası AFFA-da da təşkil etmək mümkün idi. Amma məhz orda keçirməklə demək istəyirdi ki, məni maraqlandıran məhz futbolun biznes tərəfidi. Futbolun səviyyəsinin necə olmasının ona isti-soyuğu yoxdu.

- Çempionatla bağlı fikirlərinizi bilmək istəyirik. Cari mövsüm koronavirus üzündən erkən başa çatdırıldı. Sizcə, düzgün qərar idi?
- Operativ Qərargahın qərarlarına, fikirlərinə uyğun olaraq, belə addım atıldı. Bu, daha çox onlardan asılı idi. Onlar belə qərar verdilər. Bəli, bu vəziyyətdə çempionatın dayandırılması düzgün idi. Sağlamlıq, təhlükəsizlik daha vacibdi.

- Uzun müddət rəsmi oyun keçirməmələri klubların avrokuboklardakı çıxışına necə təsir göstərə bilər?
- Mütləq təsir göstərəcək. Yəqin ki, hər klubun bu vəziyyətə uyğun müəyyən planı, fikri olacaq. Müəyyən şərtlərlə hazırlaşa biləcəklər. Çox çətin olacaq.

- Bəs ayrı-ayrılıqda 4 komandadan hansı nəticələri gözləyirsiz?
- Bu haqda nəsə demək üçün tezdi. "Qarabağ” daha sabit komandadı, uzun illərdi avrokuboklarda müntəzəm çıxış edir. "Keşlə” də heyətini yeni futbolçularla gücləndirib. Şəhriyar Əliyevi, Tural Axundovu heyətə qatıb. "Neftçi” və "Sumqayıt” da transferlər edib, hazırlaşacaqlar. İndidən çıxışları barədə danışmaq tezdi.

- Növbəti mövsüm premyer-liqada 10 klubun mübarizə aparması planlaşdırılsa da, bəlli oldu ki, yenə də 8 komandanın iştirakı ilə keçirilən çempionatın şahidi olacağıq. Bu haqda nə düşünürsüz? Sizcə, çempionatda 10 klubun iştirakını təmin etmək mümkün olmazdı?
- Əlbəttə, olardı. Elxan Məmmədov istəsəydi, premyer-liqada 10 komandanın iştirakını təmin edə bilərdi. İki klubu elitaya çıxarmaq, şəraitlə təmin etmək onlar üçün çətin deyil. Əcnəbi mütəxəssislərə verdikləri pulla 2 komandanı saxlaya bilərdi. Amma istəməyib. Baxın, buna görə deyirdim ki, onlar belə ittifaqların varlığını qəbul etmirlər. Əcnəbilərə önəm verəndə sonu belə olur. Mənim Bernard Lippertlə münasibətim yaxşıdı, amma necə ki, səfirlər olur, göndərilir, müəyyən müddət öz işini, səlahiyyətlərini yerinə yetirir, o da elədi. Bu günə qədər Azərbaycanda Lippertin yerinə hansısa mütəxəssis hazırlanmayıbsa, bu da bizim futbol rəhbərlərinin, birbaşa Elxan Məmmədovun günahıdı. Texniki Departamentdə Lipperti əvəzləyə biləcək bir mütəxəssis yoxdu. Lippert 10 ildən çoxdu Azərbaycanda işləyir. İndi deyirik ki, federasiyanın çempionatdakı klubların sayını artırmaq imkanı yoxdu. Lippertə "sağ ol” deyilməli, AFFA-nın diplomu verilməli, Azərbaycan futboluna kömək etdiyinə, yüksəyə qaldırdığına, böyük zəhmət çəkdiyinə görə onu alqışlamalıyıq və göndərməliyik getsin. Onun işləməsi həmin vəzifədə çalışacaq yerli mütəxəssislərin olmaması deməkdi. Orda sözsüz ki, başqa mövzular var. Hər bir şeyin sonu olacaq. Elə fikirləşməsinlər ki, bunların hamısı ötüb keçəcək. Bayaq dediyim kimi, veteranların işlə təmin olunması bunlara sərf etmir. Lippertlə gördükləri işi bizim veteranlarla görə bilməyəcəklərini bilirlər. Bildiyimə görə, Azərbaycanda 33 mindən çox ali təhsilli həkim var. Təbii ki, onların sayı çoxdu, bu statistikanı eşitmişəm deyə bunu deyirəm. Azərbaycanda bir həkim yoxdu ki, Ukraynadan gətirib, baş həkim təyin edirlər? Belə bir həkim yoxdu ölkədə? Bu nə deməkdi? Bu, birbaşa təhqirdi. Futbol veteranlarını da təhqir edirlər, həkimləri də. Gətirdikləri AFFA-da baş həkim kimi çalışır. Onlar da yüksəködənişli həkimlərdi. Azərbaycan da yəqin varlı dövlətdi, bu imkanlara sahibdi. Mən əcnəbilərə qarşı deyiləm, amma belə olmur axı. Əcnəbi gəlib 500 manata işləsə, deyərəm, gəlib işləsin. Amma onlar gəlib 20 min dollar məvacib alanda, haqsızlıq olur axı. AFFA Azərbaycana məxsus federasiyadı. Buna görə də orda Azərbaycan vətəndaşları işləməlidi. Gürcüstana fikir verin. 2015-ci ildə ora getmişdim. Gürcüstan Futbol Federasiyasına getdim, hansı otağa girirsən, hamısı keçmiş futbolçulardı. Bəs niyə bizdə belə deyil? Ad çəkəndə də deyirlər, yəqin qərəzi var. Yusif Vəliyev uşaq departamentinin rəhbəridi. Özü hansı futbolda olub, harda işləyib? Bildiyimə görə, əvvəllər marketinqlə məşğul olub. Hansı fəaliyyətinə, xüsusiyyətlərinə görə uşaq departamentinin rəhbəri olmalıdı? Bu, ölkə futbolunu lağa qoymaqdı. Cahangir Həsənzadə də orda işləyir, amma o, layiqdi, işləməlidi. Klublarda Müşahidə Şurası yaradılıb. "Səbail”də keçmiş futbolçulardan Əbdülqəni Nurməmmədov çalışır. Səməd Qurbanov isə "Neftçi”dədi. Azərbaycanda yaşamayan, hazırda İspaniyada yaşayan, Azərbaycan vətəndaşlığından imtina edən "dostumuz” İqor Ponomaryov "Sabah”da Müşahidə Şurasının üzvüdü. Araşdırsaz, görərsiz ki, onun aldığı maaş nə qədərdi, Nurməmmədovla Cahangir Həsənzadənin aldığı nə qədərdi. Ay qardaş, sən İspaniyada yaşayırsan, bizneslə məşğul olursan, Allah canını sağ eləsin. Bəs niyə o olmalıdı orda? Niyə işləməyən veteranlardan biri olmamalıdı? Nəyə görə Gəncədə Mehman olmamalıdı? Canını, pulunu, hər şeyini Gəncə futbolunun yolunda qoyub. Bunu bilənlər var axı. Bu işlər düzgün deyil, düzgün qurulmur. Ona görə də futbolumuz bu gündədi. İndi Milan Obradoviçi saxlayırlar. Lixtenşteynə uduzub gəlmişdi. Axı bunun azərbaycanlı məşqçilərdən nəyi artıqdı? Nəyə görə onu saxlamalıdılar? Elə bil bunlara deyilən söz təsir eləmir, ya da elə acığa deyirlər ki, bundan da artığını edəcəyik.

- AFFA-nın veteranlarla görüşündən sonra federasiyadan əlaqə saxlayan, yeni görüş barədə müzakirə aparan oldumu?
- Həmin görüşdə deyilən sözlərin, verilən vədlərin heç birinə əməl edilmədi. Daha sonra martda pandemiyanın ortaya çıxması bir çox işlərə mane oldu. Heç bir görüş olmayıb. Dünyada, Azərbaycanda koronavirus var. Futbolumuzda isə virus çoxdan var. Təəssüf ki, belədi. Onların veteranlara, futbolçulara münasibəti bunu göstərir. Federasiyada işləyən 180 nəfər arasında 3-4 sabiq futbolçu var: Asim Xudiyev, Cahangir Həsənzadə, Rüstəm Rəhimov. Məşqçilər Komitəsini qatmıram. Orda işləyən digərləri isə dost-tanış vasitəsilə gəliblər. Klubların da hər birində keçmiş futbolçular, futbol adamları işləməlidi. Əksəriyyət deyir ki, Elxan Məmmədov yalan danışır, bəli, elədi. Veteranlara söz verirsiz, amma əməl etmirsiz. Biz nəyə görə mübarizə aparırdıq? Mübarizə aparırdıq ki, Azərbaycanda düzgün futbol olsun. Kim deyə bilər ki, Azərbaycanda futbola yetərincə pul ayrılmayıb? Deyirlər ki, Azərbaycanda yeni dövlət proqramı qəbul edilsin. Bu proqram qəbul edilmişdi də 2005-ci ildə. Bir nəfər çıxıb göstərsin ki, hansı vədlərə, tövsiyələrə əməl edildi. Orda əsas struktur idi, onlar da guya indi başlayıblar nəsə etməyə. Gəncədə ot örtüyünü dəyişdilər, meydan saldılar. Qalan hər yerdə şəxsi hesaba stadionlar tikildi. Biləcəridə Hafiz Məmmədovun hesabına, Lənkəranda Mübariz Mənsimovun. Hər il bir akademiya tikə bilərdilər, ya yox? Tovuzda, Gəncədə, Mingəçevirdə futbol akademiyası olsaydı, indi futbolçu qıtlığı olmazdı. 8 klub var, amma futbolçu tapılmır. Bu biabırçılıqdı. Əvvəl klub da çox idi, futbolçu da. İndi 8 komandada oynamağa 6 yerli futbolçu tapılmır.

- Bu da özünü millidə göstərir. Nə nəticə var, nə də yetişən yeni futbolçu.
- Milli komandanın da bir bazası olsun gərək. Bölgələrdə, Bakıda bir neçə baza olsaydı, hər şey fərqli olardı. İndi ölkədə çıxış edən yerli futbolçuların əksəriyyəti "Qəbələ” və "Bakı”nın akademiyasının yetirmələridi. Nəyə görə başqa klublarda belə akademiyalar yaradılmadı? Berti Foqts gəldi, uzun illər çalışdı, nəyə nail oldu? Ona ayrılan vəsaitin dörddəbirinə hər il bir akademiya tikmək mümkün idi. Sadəcə, istəmirlər. Onlar ancaq biznes tərəfindən baxırlar, baxış bucaqları budu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR