Elxan Məmmədov qərb səfərindən əliboş dönüb

Elxan Məmmədov qərb səfərindən əliboş dönüb

AFFA-nın baş katibi Elxan Məmmədov ötən həftəsonu Azərbaycanın qərb bölgəsinə səfərə çıxıb.

Sport7.azxəbər verir ki, Məmmədov həvəskarlar arasında keçirilən turnirin, yəni MFL-in Gəncədə keçirəcəyi çempionatın püşkatmasında iştirak edib.

Böyük futbola, iddialı "Kəpəz”ə həsrət qalan Gəncədə MFL-in mini-futbol çempionatı keçirməsi heç də əhəmiyyətli hadisə deyil. Azarkeşləri daha çox "Kəpəz”in aqibəti maraqlandırır. Elə şəhər stadionunun girişində baş katibin önünü kəsən gəncəli azarkeşlər də ondan bu barədə soruşub. Amma AFFA rəsmisi gəncəliləri sevindirəcək konkret heç bir fikir söyləyə bilməyib.

Elxan Məmmədovun Gəncədən sonra Tovuza olan səfəri də eyni xarakterli, yəni formal olub. Çünki nə Tovuzda, nə də Gəncədə icra hakimiyyətinin başçısı AFFA-nın baş katibinə maraq göstərməyib, Elxan Məmmədov rəsmən qəbul edilməyib. Tovuzun və Gəncənin birinci şəxsləri ilə görüşə bilməyən baş katib Bakıya əli ətəyindən uzun qayıdıb.
 
Əks halda AFFA əlindəki təbliğat resurslarını işə salar, bu səfərin uğurlarından geniş bəhs olunardı. Elxan Məmmədovun icra başçıları tərəfindən qəbul edilməsiylə bağlı şəkilli reportajlar isə bir neçə gün idman mətbuatının manşetlərini bəzəyərdi. Bunların heç biri yoxdu.

Deməli, qərb bölgəsinin elitaya dönüşü bu il də yubanacaq. Çünki "Turan Tovuz”la "Kəpəz”in əvvəlki nüfuzunu bərpa etməsi bilavasitə icra hakimiyyətlərinin başçıları ilə müzakirə olunmalı, ideya onlar tərəfindən də dəstəklənməli idi.

Səfərin uğursuzluqla nəticələnməsinin iki səbəbi var. Ya icra başçıları AFFA rəsmisinin səmimiyyətinə inanmayıb və onunla görüşməyi vacib bilməyiblər. Ya da ki, Elxan Məmmədov səfər proqramını tələsik tərtib edib, özünü MFL-in püşkatmasında reklam etmək naminə texniki səhvə yol verib, əvvəlcədən icra başçılarından görüş üçün razılıq alınmayıb. Başqa ehtimal səsləndirmək çox çətindi.

İstənilən halda ortada çox ciddi fiasko faktı var. Bundan itirən isə gəncəli və tovuzlu azarkeşlərdi.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR