Elxan Məmmədova ünvanladığımız sualın cavabı

Elxan Məmmədova ünvanladığımız sualın cavabı

Fanat.az-ın Dövlət Proqramının nə dərəcədə yerinə yetirildiyi ilə bağlı "Elxan Məmmədova sualımız" lahiyəsini təqdim edirik.

I hissədə diqqət çəkən məqamdan xatırlatma:

O vaxt FIFA və UEFA-nın tələbi ilə keçirilən futbol ictimaiyyətinin forumunda qəbul edilən işçi qrupunun üzvləri və AFFA rəsmiləri yeni nizamnaməni hazırladı. Əsas məqsəd ölkə futbolunda əsaslı islahatların aparılması, qanunlara söykənərək dövlətin futbola diqqət və qayğısının artması idi. Beynəlxalq futbol qanunları ilə yanaşı, Azərbaycan qanunlarının da nizamnamədə əks olunması üçün Ədliyyə və eyni zamanda Gənclər və İdman Nazirliyinin yüksək səlahiyyətli nümayəndələri daimi proseslərdə iştirak edirdilər. Bunun nəticəsi olaraq FIFA, UEFA rəsmilərinin iştirakı ilə konfrans keçirildi, yeni nizamnamə qəbul edildi və uzun illərdən sonra AFFA-da rəhbər heyət, İcraiyyə Komitəsi tam olaraq yenidən seçildi. Futbola inam qayıtmışdı. İstər üst səviyyədə dövlət qayğısı, istərsə də yeni klubların, əsasən də bölgə komandalarının yaradılması, sponsorların cəlb edilməsi futbolda yeni mərhələ, canlanma yaratmışdı. 2004/05 mövsümündə bölgələrlə yanaşı, Bakı şəhərində tribunalara 20-25 min azarkeş toplaşırdı. Bakı, Yevlax, Zaqatala, Lənkəran, İmişlidə müasir tələblərə cavab verən yeni stadionlar inşa edilirdi. Digər şəhər və rayonlarımız da həvəslə öz növbələrini gözləyirdi. Bütün bunlar 2005-2015 dövlət proqramının qəbulunun nəticəsi idi. 

Beləliklə, ikinci sualımız:

- AFFA rəhbərliyi, baş katiblikdən başqa işi olmayan Elxan Məmmədov, ölkə prezidenti cənab İlham Əliyevin də açılışlarında iştirak etdiyi, şəxsən qırmızı lentini kəsdiyi Yevlax, İmişli, Lənkəran stadionlarında, "Bakı"nın bazasında axırıncı dəfə nə vaxt olub, son durumları ilə nə vaxt maraqlanıb?
 
Və sualın cavabı:

AFFA-da rəhbər dəyişiklərindən və əsasən də dövlət proqramının qəbulundan sonra ölkədə yeni-yeni imkanlı klublar yaradıldı. Əsasən də komandalar bölgələri təmsil edirdi. İmkanlı sponsorların futbola gəlişi klubları dirçəltsə də, infrastruktur ürəkaçan deyildi. Müstəqillik illərindən 2005-ci ilə qədər cəmi bir yeni stadion - keçmiş "Şəfa" inşa edilmişdi. O da UEFA-nın vəsaiti hesabına...
 
Çempionata marağın artdığı, azarkeşlərin stadionlara axışdığı bir vaxtda şərait  yox dərəcəsində idi. Qısa vaxtda Yevlax, İmişli, Lənkəran, Zaqatala, Qəbələdə müasir tələblərə cavab verən stadionların, bazaların tikintisinə start verildi. Tovuz şəhər stadionu əsaslı təmir edildi, köhnə baza yeniləndi. 
"Bakı" klubu paytaxtda bütün tələblərə cavab verən kompleks inşa etdirdi. AZAL üçün Şüvəlanda yeni stadion tikildi. 

Bu stadionların əksəriyyətinin açılışlarında ölkə başçısı İlham Əliyev şəxsən iştirak edib. Bu, Azərbaycanda futbola qayğının hansı səviyyədə olduğunun əyani göstəricisi idi.

Digər bölgələrimizdə insanlar bu işlərin davamını səbirsizliklə gözləyirdilər.

Çempionata maraq günü-gündən artırdı. "Neftçi" öz zamanında nüfuzu ilə seçilən "Birlik Kuboku"nu qazanır, düşmənləri meydandan qaçmağa məcbur edirdi. Davamını "Xəzər Lənkəran", sonra isə "İnter" gətirdi. "Karvan", "MKT-Araz" UEFA, İnertoto Kuboklarına vəsiqə qazanırdı. 

Bölgələrdə göz oxşayan yeni stadionların tribunaları hər tur azarkeşlərlə dolurdu. Stadion-bazaların ərsəyə gəlməsi eyni zamanda yüzlərlə iş yerlərinin açılması demək idi. Klubları da bura əlavə etsək, minlərlə insanın yaşayış şəraiti, rifahı yaxşılaşırdı. Futbol peşəkarlıqla yanaşı, həm də sosial layihədir və əhaliyə xidmət etməlidir.

Sən saydığını say, gör fələk nə sayır.

Dövlət proqramının qəbulundan qısa müddət sonra AFFA-da yenidən rəhbər dəyişikləri baş verdi. Vitse-prezidentlər əvvəldən bu günə qədər "ofsayd”  vəziyyətində olublar. Tarixən federasiyanın yükünü iki rəhbər daşıyıb, prezident və baş katib. İcraiyyə Komitəsi də geniş səlahiyyətlərə malik olmasına baxmayaraq çox vaxt formal xarakter daşıyıb. Elxan Məmmədovun AFFA-ya baş katib gətirilməsindən sonra federasiyanın strategiyası tam olaraq dəyişdi.
Struktur, klubların dağılması, uşaq futbolu ilə bağlı ayrıca yazılar təqdim ediləcək. İndi isə mövzu infastruktur, mövcud stadionların nə vəziyyətdə olmasıdır.

Federasiya ələ alınaraq stadionlar da "bizim-sizin" bölgüsünə məruz qaldı. Dövlət proqramının ümumi müddəaları şəxsi maraqlara üstün gəldi. Elə dövlətin ayırdığı vəsaitlə "stadion-baza biznesi”nə start verildi. Bölgələrdə inşa edilmiş və beynəlxalq tələblərə tam cavab verən stadionlar AFFA-nın diqqətindən kənarda qaldı. Başlar "Bayıl Arena", "Bakcell Arena", Mərdəkandakı stadion-bazaların inşası və dost-qohumların bu qurğulara yerləşdirilməsinə qarışdı.
 
Bölgələrdəki stadionlar Baş katibin bir halda yadına düşürdü - əlaltısı Mikayıl Nərimanoğlunun Gəncə futboluna yerləşdirilməsindən sonra stadionun ot örtüyünün dəyişdirilməsi, biznes maraqları olanda. Süni və təbii meydançaların dəyişdirilməsi monopoliyasının tam nəzarəti Elxan Məmmədovun əlində cəmləndi. 

Beləcə futbolda dövlətin vəsaiti ilə dövlətin içində ayrıca bir dövlət qurulub. Maraqlar üst-üstə düşmədiyi üçün 100 milyonlarla yatırım edilən İmişli, Zaqatala, Yevlax, Lənkəran, Şüvəlan stadionları "can verir", baxımsızlıqdan dağılır. "Bakı"nın bazasından heç danışmağa dəyməz. 

Sual oluna bilər, qeyd olunan stadionların çoxu şəxsi və dövlət qurumlarının balansındadır və AFFA-ya heç bir aidiyyatı yoxdur. 

Cavabı da budur ki, federasiyanın nəznində olan stadionların da nə AFFA rəhbərliyinə, nə də Elxan Məmmədova heç bir bağlılığı yoxdur. Amma dövlətin vəsaiti ilə özləri üçün biznes sahəsi qurublar. 

Yuxarıda sadalanan stadionlar kimin olmasından  asılı olmayaraq futbola tam cavabdeh qurum kimi mövcud problemləri dərhal qaldırılmalı və müvafiq qurumlara çatdırılmalı, qarşısı alınmalıdır.

Görün vəziyyət nə həddə çatıb ki, Azərbaycan futbolunun məbədi sayılan Tofiq Bəhramov adına stadion da AFFA-ya yaddır artıq. Federasiyanın "stadion monopoliyası”na aid olmadığına görə. Dövlətin ərsəyə gətirdiyi BOS da AFFA-nın, birbaşa baş katibin nəzarəti altındadır və "toy məclisi stadionu" imicini özündə formalaşdırıb. 

Hazırda bölgə stadionları ögəy övladlar kimi baxımsızlıqdan günü-gündən dağılır, xərclənən milyonlar hədər gedir. 

Bu gün millimiz Trnavada Slovakiyanın qonağı olacaq. Kasıb ölkə paytaxtda deyil, bölgədə Azərbaycanı qəbul edəcək. Azərbaycanda isə federasiyanın "xeyir-duası" ilə oyunlar tam monopoliya nəzarətində olan "Bakccel Arena"da keçirilir. Bölgə qalsın bir yana, Uels Futbol Federasiyasının prezidentinin sözünə qüvvət, T.Bəhramov adına stadion artıq yaddan çıxıb. U-21-n son oyunlarının Sumqayıtda keçirilməsi nə qədər müsbət effekt verdi, tribunalar azarkeşsiz qalmadı. Sadəcə "Kapital Bank Arena"nın bəxti gətirib, o da monopoliya altındadı, qonşusu M.Hüseynzadə adına yetim stadion kimi boynunu bükməyib. Olmazmı ki, milli, yaş qrupları üzrə yığmalarımız oyunlarının bir qismini müvafiq tələblərə cavab verən Lənkəran, Qəbələ, Yevlax, Zaqatala, Imişli stadionlarında keçirsinlər.

Belədə qurğular diqqətsiz qalmaz, dağılmaz, tribunalar dolu olar, futbolun kütləvilliyinə, inkişafına təkan verər.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan İmişli şəhər stadionuna münasibət budursa, diqqətsiz qalırsa, digər stadionlardan danışmağa dəyməz. 

Son cıxışlarında cənab ptezident İlham Əliyev idman qurğularından səmərəli istifadə edilməməsi, insanların üzünə bağlı qalması ilə bağlı dəfərlə çıxış edib. Təəssüf ki, futbolda da dövlət proqramı belə yerinə yetirildi. Müasir stadionlar baxımsız qala-qala, dağıla bilər.

Təki elxan məmmədovların "monopoliya biznesi” çiçəklənsin.
 
"Bakı"nın bazası
 

 
Yevlax stadionu

 


Heydər Əliyev adına İmişli şəhər stadionu

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR