Elxan Məmmədova Yeni il arzum

Elxan Məmmədova Yeni il arzum
Ötən ilin bu vədələri idi. Daha doğrusu, millimizin Antalyada Moldova ilə qarşılaşmasından bir gün əvvəl. Mən də Bakıdan ora yollanan idman jurnalistlərinin arasında idim. Türkiyənin kurort bölgəsinə PFL-in xətti ilə getmişdik. Həm millimizin oyununu canlı izləyəcək, həm də klublarımızla hakimlərimizin hazırlıqlarına göz qoyacaqdıq.

Millinin məşqindən öncə özümüzü stadiona yetirdik. Az sonra AFFA-nın baş katibi Elxan Məmmədov da orda göründü və məşqdən sonra həmkarlarımın əhatəsinə düşdü. Gündəmdən, millinin oyunundan bəhs edən soruları həvəslə cavablandıran baş katibə sual vermək növbəsi mənə də çatdı. İlk sualıma verdiyi cavabdan sonra ikinci sualımı da dinlədi. Hiss etmək çətin deyildi ki, sual xoşuna gəlməmişdi. Ona görə də həvəzsiz verdiyi cavabdan sonra sağollaşmağa çalışdı, amma onu qabaqladım. Çünki 3-cü sualım da hazır idi...

Sualın sonunda bir əlavəni də diqqətinə çatdırdım. Bildirdim ki, ardıcıl iki il AFFA-nın mətbuat xidmətinə müraciət ünvanlayır, baş katiblə ilin yekunları ilə bağlı söhbətləşmək istəyirəm. Amma hər dəfəsində cənab Elxan Məmmədovun mənimlə görüşməyə ya həvəsi, ya da vaxtı olmur. Gülümsədi və dərhal da hazırcavablıq göstərdi. "Bilirdim ki, burda görüşəcəyik, ona görə də Bakıda görüşmədik” – dedi. Bu cavabı hamımızı güldürdü, gərgin ortamı xeyli yumşaltdı.

Ənənəmə sadiq qaldım, ötən ilin dekabrında, AFFA İcraiyyə Komitəsinin iclasından sonra baş katiblə görüş üçün yenidən AFFA-ya müraciət etdim. Bir saatlıq müsahibə üçün vaxt istədim. Elə AFFA da ənənəsinə sadiq qaldı. Ardıcıl 3-cü il müsahibə üçün etdiyim müraciətə müsbət cavab ala bilmədim. Bu ay heç Antalyaya səfərim də nəzərdə tutulmayıb ki, Elxan Məmmədovun bunu nəzərə aldığını, suallarımı orda cavablayacağını düşünüm, özümə təskinlik verim.
 
Bəli, mən də tədbirlərdə baş katibi izləyə, suallarımı ayaqüstü ona ünvanlaya bilərəm. Amma istəmirəm. Antalyadakı sual-cavab da mənim haqlı olduğumu göstərdi. Belə şəraitdə cənab Məmmədov konkret cavablardan ustalıqla yayınır, istədiyi anda vaxtının azlığını bəhanə edə bilir. Özü də ətrafdakı həmkarlarımın sözünü ağzına qoymaq, brifinqə ayrılan zamanı istismar etmək heç ürəyimdən deyil. Digər yandan da axı nə üçün Elxan Məmmədov özü məsləhət bildiyi saytlara vaxt ayıra bilir, amma eyni lütfü bizə də göstərmir? Niyə bizim onu tədbirlərdə, konfranslarda güdməyimizi istəyir? Olmaya bundan həzz alır?!

Artıq Yeni ilə qədəm qoymuşuq. Hər kəs bir-birinə 2019-cu illə bağlı arzularını çatdırır. Mən də xalqımıza və futbolumuza güclü olmağı, inkişaf etməyi, böyük qələbələr arzulayıram. Sözsüz ki, hər kəsə can sağlığı, bol ruzi-bərəkət də bu arzuların arasındadı. Amma AFFA-nın baş katibi Elxan Məmmədova xüsusi bir arzum var. Özündə cəsarət tapsın və özünə müxalifət saydığı qələm əhlinin suallarını da dinləyə bilsin. Bəlkə, bizim hansısa sualımız futbolumuz üçün faydalı olacaq, AFFA-nı səhv yoldan, yanlış siyasətdən döndərəcək? İnanın ki, "adamyeyən” deyilik, suallırımızdan da indiyədək heç kim ölməyib. Olsa-olsa, bir az xəcalət təri axıdarsız, o da sizin üçün qorxulu sayılmaz. Haydı, bir az cəsarətli olun. Yeni iliniz mübarək!

Amal ABUŞOV

Xəbər lenti