Elxan Məmmədovun "etika tərəzisi"

Elxan Məmmədovun
AFFA-nın baş katibi Elxan Məmmədovu hamı istedadlı kadr kimi xarakterizə edirlər. Zarafat deyil, adam biznes mərkəzinin komendatlığından qəfil futbol sahəsinə sıçrayış edib. 

İlk günlər futbolun neçə nəfərlə oynanmasından xəbərsiz olsa da, qısa müddətdə Azərbaycan futbolunun bütün iplərini əlində cəmləşdirə bilib. İndi ölkə futbolunun idarəedilməsi tam bir kukla teatrı mexanizmini xatıladır. Onun barmağına dolanmış iplər tərpəndikcə Məşqçilər Komitəsinin, Klublar Komitəsinin sədri danışır, iclas keçirir. Böyük bir cameəni komitələrə bölüb, parçalayıb və hökm sürür. 

Bir ara UEFA-nın İcraiyyə Komitəsinə seçilmək həvəsinə də düşmüşdü. Elə bilirdi ki, Avropada da ədalət ancaq aşıq adıdı. Qitənin şərqindəki dostlarını birbalaca görüm-baxım edəcək, onlar da onu UEFA-da vəzifə başına gətirəcəklər. Amma alınmadı.

Elxan Məmmədov rus və ingilis dillərində Azərbaycan dilindən də yaxşı danışır. Onun bu qabiliyyətindən də xəbərdarıq. Baxanlarda əsl diplomat görüntüsü yarada bilir, əcnəbiləri Azərbaycan futbolunun məhz onun vəzifə başına gəlməsiylə inkişaf yoluna qədəm qoyduğuna inandırmaq Məmmədov üçün çox asandı. Özünə sərf edəndə Azərbaycan futbolunu təkbaşına idarə etməsi haqda ehyamlı sözlər işlədir. Amma elə ki, iş çətinə düşdü, AFFA prezidentini və İcraiyyə Komitəsini nişan verir, özünü icraçı kimi göstərir.

Son vaxtlar onda yeni keyfiyyət müşahidə edilir. Tərəzi işlədir, etika və vətənpərvərliyin çəkisini, sərhədlərini müəyyənləşdirir. Kiminə qeyri-vətənpərvər deyir, başqa birisinə isə etikasız. Ötən il Emin Mahmudovla Ramil Şeydayevin milli komandamızda oynamağa razı salınmasıyla bağlı qızğın iş gedəndə deyirdi ki, kim AFFA-nın təklifinə razılıq vermirsə onlar vətənpərvər deyirlər. İndi də etika dərslərinə başlayıb.

Cənab baş katib "Bursaspor" rəsmilərini AFFA ilə müqaviləsi olan Robert Prosineçki ilə danışıqlar apardığı üçün ittiham edib, onları qeyri-etik davranmaqda günahlandırıb. Etikadan kasadlar təkcə Bursada oturublar? Bəlkə yanınızdakı Robert Prosineçkidən də danışasız, Elxan bəy. Xorvat mütəxəssis və onun meneceri aylardı ki, Bursa təmsilçisinin rəsmiləriylə danışıq apardıqlarını etiraf edirlər. Burda belə suallar eşidəndə stəkan sındıran Prosineçki Xorvatiya və Serbiya mətbuatına həvəslə açıqlamalar verir. Ondan niyə danışmırsız? Qorxursuz ki, Robinin "cavab atəşi" daha ağır olar?

"Etika tərəzi"nizi ancaq özünüzə sərf edəndə işə salmağınız özü də bir məharətdi. Amma qeyri-etik davranışdı, inanın mənə!

Amal ABUŞOV


Xəbər lenti