Elxan Məmmədovun əyləncəli broşürü

Elxan Məmmədovun əyləncəli broşürü
Nəhayət, hər kəsin səbirsizliklə gözlədiyi məqam gəlib çatdı. Söhbət Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə namizədlik broşürünün təqdim olunmasından gedir.

Əslində çox sevincliyəm, çünki baş katib bütün Avropaya təqdim etdiyi broşürü nəhayət bizə də göstərdi. Bu üzdən dərhal, vaxt itirmədən broşürü oxudum, açığı gözlərim doldu. İnsan nə qədər səmimi, əliaçıq, başqalarını özündən daha çox düşünən, sevən olar. Çox dramatik anlardı...

Adam Azərbayan futboluna "verdiyi” "töhfə”ni Avropaya da verəcək. UEFA məhz Azərbaycanlı bir insanın hesabına Avropa futbolunu inkişaf etdirəcək. Kasıb ölkələrin çempionatı yüksələcək, bəlkə də top səviyyəyə çatacaq. Azərbaycanda tətbiq olunan və "uğurla” yekunlaşan layihələrini Elxan bəy Avropaya da təqdim edəcək. Bir sözlə yaxın gələcəkdə Avropa futbolunun məhz Azərbaycanın "bulağından su içəcəyi” gözlənilir. 

Bəs öz futbolumuz nə olacaq? Hara gedəcək? Hə, keçək məsələnin ciddi tərəfinə. Broşürü oxumayanların nəzərinə çatdırım ki, 4 hissədən ibarətdi və onların hamısında futbolu inkişaf etdirməyin müxtəlif "yolları” izah edilib. Maraq üçün bölmələrdəki fikirlərin bir qismini nəzərinizə çatdırım.

Deməli, "İnnovasiya” adalan ilk hissədə Elxan bəy yazır: "Bizim məhsul futboldur - futbol həmişə birinci yerdə olmalıdır - lakin şaxələnməlidir, bizim işimiz əyləncə olmalıdır” – Yəqin ki, bəy burda futolun kütləviləşməsini nəzərdə tutur. Gəlin onun "inkişafa” nail olduğu Azərbaycanda futbolun "kütləviləşməsinə”, bölgələrə "sirayət” etməsinə nəzər salaq. Təxminən 10-12 il ərzində premyer-liqada "Karvan”, "Simurq”, "MKT Araz”, "Şahdağ”, "Turan”, "Gəncə”. "Göyəzən” "Xəzər Lənkəran” kimi bölgə təmsilçiləri vardı. Yəni komanda sayı daha çox idi. İndi vəziyyət necədi? Cəmi 8 komanda mübarizə aparır, onlardan cəmi 3-ü bölgə təmsilçisidi... Həqiqətən AFFA-nın işi əyləncədi...

Baş katibin broşürünün "Praqmatizm” hissəsindəki fikirləri də əyləncəlidi. Futbolda idarəetmə biliklərinə malik olduğunu, dərəcə aldığını, UEFA-dakı roluna məqədyönlü yanaşma gətirəcəyini, uşaq futbolunun inkişafını yüksəldəcəyini bildirən Məmmədov "Avropa futbolunun gələcəyi üçün məqsədlərim oyunda rəqabəti artırmaq, Şərqi Avropa ölkələrinin üzləşdiyi stabil maliyyə kimi məsələləri gündəmə gətirmək, həmçinin danışılmş oyunlar probleminin əsas məqamlarını həll etməklə toxunulmazlığın və etimadlılığın bərpasını təmin etməkdir və bunlar da oyunların gələcəyi üçün fundamental əsasdır” fikirlərini yazıb. Birinci divizionu "bazar”a çevrilən, premyer-liqadakı klubların əksəriyyətinin maliyyə problemini, uşaq futbolundakı çatışmazlıqları həll edə bilməyən bir qurumun baş katibinin belə fikirlərindən sonra adamın gözləri dolur, xəyalən gedib Avropanın top futbol ölkələrini gəzib, bir az da onalara gülüb, "nə gündəsiz, balaca Azərbaycan qədər də inkişaf etmədiz” deyib qayıdırsan.

Broşürdəki "Komanda işi” hissəsində "Heç kəs Avropa futbolunun inkişafı məsələlərini təkbaşına həll edə bilməz, işə birgə yanaşma zəruridi” sözləri yazılıb. Əslidə birgəlik söhbəti yaxşı ideyadı. Amma, Azərbaycanda sadəcə yaxşı ideyadı...

Broşürün ən maraqlı hissəsi elə "Nəticə”di. Baş katib AFFA-fa fəaliyyət göstərdiyi müddətdəki "uğurlarını” yazıb.

- İnfrastrukturun inkişafına nəzarət

- Qadın futolçuların sayının artırılması – 2010/11-ci illərlə mqayisədə 2015/16-cı illərdə 445 faiz artım

- Xüsusən gənclərin təşkil etdiyi 70 mindən çox "feysbuk” və 21 mindən çox "instaqram” izləyicilərindən ibarət sosial media əlaqələrinin genişləndirilməsi

- Klubların inkişafının davam etdirilməsi üçün AFFA-nın lisenziya proqramının nəzarət altına alınması

- AFFA-nın 80 faiz büdcəsi də daxil olmaqla Azərbaycanda oyunların keçirilməsi üçün sponsorluğun təmin edilməsi

- Əməkdaşlığı inkişaf etdirərək UNİCEF kimi təşkilatlar da daxil olmaqla, sosial layihələr həyata keçirmək və futbolun gücündən istifadə etməklə evlərindən mərhum olanların və azlıqların yaşayışının yaxşılaşdırılması

Əslində bu fikirlərin hamısına kontur qoymaq mümkündü. Amma Azərbaycanın futbol ictimayyəti nəyin necə olduğunu yaxşı bilir. Yəni, infrastrukturun inkişafı və sair kimi absurd fikirləri yenidən durub analiz etmək sadəcə beynimizi yorar. Stadionlarının əksəriyyəti bərbad, klubların böyük qismi kasıb bir ölkədə heç nəyə nail olmayanların, futbolu məhvə sürükləyənlərin Avropada bu idman növünü inkişaf etdirməkdən dəm vurması elə Elxan Məmmədov demişkən, əyləncədi.

Odu ki, əylənin cənablar, "inkişaf edən” futbolumuza baxıb əylənin... 

Səbuhi NƏRİMANOĞLU

Xəbər lenti