“Əməkdar artist” haqqında lətifə

“Əməkdar artist” haqqında lətifə
Rəhmətlik Habil Əliyevin baməzə adam olduğu, hazırcavablığı hamımıza bəllidir. Elə bu səbəbdəndi ki, özü aramızda olmasa da, məşhur kaman ustasının dilindən çıxan məzəli sözlər, onun adıyla bağlı olan əhvalatlar günü bu gün də tez-tez xatırlanır. Bu əhvalatlardan ən məşhurlarından biri rəhmətliyin yenicə "Əməkdar artist” adı alan müğənniylə rastlaşmasından sonra ortaya çıxıb.

İndi adını çəkmək istəmədiyim müğənni sevinə-sevinə Habil Əliyevin yanına gəlir və muştuluqlayır ki, ona "Əməkdar artist” fəxri adı verilib. Kaman ustası da müğənnini başdan ayağa qədər süzür və "ay filankəs, verirdilər-verirdilər, bəs sənə nə olmuşdu alırdın” deyə sual edir.
 
Dünən ölkə prezidenti İlham Əliyev  Milli Olimpiya Komitəsində keçirilən 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimə qatılıb. Elə həmin mərasimdə cənab prezident il ərzində idman sahəsində fərqlənənləri mükafatlandırıb. Aralarında müxtəlif şəxslər var. Əksəriyyəti illərini Azərbaycan idmanına həsr eləmiş, müxtəlif beynalxalq turnirlrdə ölkəmizin adını uca tutan, bayrağımızı yüksəldənlərdi. Sevindirici haldı ki, bu dəfə futbolla bağlı da qürur duyduğumuz hadisə yaşanıb. "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması yenidən ölkə başçısı tərəfindən mükafatlandırılıb, xoş sözlərlə qiymətləndirilib. Bunun davamı olaraq "Qarabağ”ın vitse-prezidenti Tahir Gözələ Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu təqdim edilib.
Qəribəsi odu ki, mükafat alanlar sırasında AFFA-nın baş katibi Elxan Məmmədov da olub. Ona da prezident tərəfindən fəxri diplom təqdim olunub. Gözlənildiyi kimi, bu təltifetmə ictimaiyyət arasında birmənalı qarşılanmayıb.
 
Sözsüz ki, prezidentin kimə mükafat təqdim etməsi onun özünün müstəsna səlahiyyətidi. Kimsə buna qarışa bilməz. Amma orası da məlumdu ki, cənab prezident yetərincə məşğul adamdı. Onun mükafat alan şəxsləri bir-bir incələməsi, yaxud da "Qarabağ”ın Çempionlar Liqasında qruplara qədər gedib çıxmasında AFFA-nın rolunun olub-olmamasını araşdırması mümkünsüz işdi.
 
Elə buna görə də AFFA-nın baş katibi "Qarabağ”ın uğurlarının kölgəsinə asanlıqla sığınıb, klubun vitse-prezidenti ilə bərabərhüquqlu mükafat alıb.
Halbuki təkcə 2017-ci ildə deyil, ümumilikdə Elxan Məmmədov AFFA-ya baş katiblik etdiyi, de-fakto ölkə futbolunun bütün "ipləri”ni əlinə topladığı müddət ərzində mükafata layiq görüləsi heç bir əməl sahibi deyil. İslam Həmrəyliyi Oyunlarında qazanılan kuboku uğur sayanlar son 10 ildə AFFA-nın nə qədər pulu havaya sovurmasına, əcnəbi məşqçilər Foqts və Prosineçkiylə futbolumuzun nələri itirdiyinə baxsınlar. Ölkənin bütün milliləri əcnəbi futbolçuların oylağına çevrilib, uşaq futbolu məhv edilib, bölgələr futbola həsrət qalıb. Bu yaxınlarda Romada şəxsən mənim də iştirak etdiyi brifinqdə Rəşad Sadıqovun çaldığı "həyacan təbili” AFFA-nın fəaliyyətinə verilən obyektiv qiymətdir.

Bütün bunlara rəğmən Elxan Məmmədov ölkə prezidentinin verdiyi fəxri fərmanı alıb və gülümsəyərək şəkil çəkdirməyi də bacarıb. Bu bacarığına şübhəmiz yoxdu. Ona görə də təəccüblənmədik. Amma həmin şəklə baxanda rəhmətlik Habil Əliyevin o müğənniyə dediyi sözlər hardansa yadıma düşdü...

Amal ABUŞOV

 
 
 

Xəbər lenti