Əməkdar məşqçi:

Əməkdar məşqçi: "Klublarda uşaq futbolu..."

Azərbaycan Respublikasının əməkdar məşqçisi, UEFA-nın A lisenziyalı məşqçisi Zamin Əsədullayev karyerasını İranda davam etdirəcək. 

Təcrübəli mütəxəssis Sport7.az-a müsahibəsində gələcək planları və ölkəmizin uşaq futbolundakı probmeləri ilə bağlı danışıb. 

- Zamin müəllim, işləriniz necə gedir?

- Bu suala cavab vermək üçün 3 il əvvəldən başlayım. 2016-cı ilin yayında "Rəvan" FK-nın direktoru vəzifəsindən ayrıldım. Buna klubda maliyyə problemləri səbəb oldu.  2017-ci ilin may ayında "Göyçə" komandasında idman direktoru vəzifəsinə təyin olundum. Qarşımıza I Divizionda çempion olmaq məqsədi qoyulmuşdu. Qısa müddətdə baş məşqçi Bəhmən Həsənov ilə iddialı komanda formalaşdırdıq. Bir neçə yoxlama oyunu keçirdik. Hətta bu oyunlardan sonra futbol ictimaiyyəti gördü ki, çempionluğa real namizədik. Lakin I Divizionun startina 1 həftə qalmış klub rəhbərliyinə bildirildi ki, çempionata buraxılmırıq. Bu halda isə, rəhbərlik komandanı ləğv etdi. 

2018-ci ilin yay aylarında Bəhman Həsənov mənə maraqlı bir təklif etdi. İranda Bəhman müəllimin sahib olduğu şirkət "Qalatasaray"la əməkdaşlıq edəcək. İranın 31 vilayətində "Qalatasaray" futbol məktəbinin şöbələrini açılacaq. Mərkəz isə, Tehranda olacaq. Mənə baş koordinator vəzifəsini təklif etdi. Sərbəst olduğum üçün mən də bu təklifi qəbul etdim. Hətta iki dəfə İstanbulda  "Qalatasaray"ın ofisində iclasımız oldu. Və məsələ müsbətə doğru həll olundu. Artıq gələn ay İranda işə başlayacağıq. Bu işlə yanaşı ötən ilin dekabrın ayında Bəhman müəllimə İranıın Futbol Federasiyasının Uşaq  və yeniyetmələr üzrə departamentinin rəisi  Ninyo Nakisadan maraqlı təklif gəldi. Ona İranın uşaq  və yeniyetmələr millisinin rəhbəri vəzifəsi təklif olundu. Bəhmən müəllim isə, mənə öz köməkçisi olmağı təklif etdi. Hətta İran Futbol Federasiyası bizim haqqımızda AFFA-ya sorğu məktubu da göndərdi. AFFA-isə İFF-na müsbət cavab verib. 
 

 
Nəzərinizə çatdırım ki, FİFA-nın yanvar ayı üçün olan reytinq cədvəlində Azərbaycan 108-ci, İran isə 22-ci yerdədir. Reytinqə nəzər salanda, İrandan gələn təklifi uğurlu saymaq olar. FİFA-da 22-cı sırada olan ölkənin uşaq və yeniyetmələrdən ibarət millisində çalışmaq özü bir uğurdu. 108 hara, 22 hara. Böyük fərq var. İnşallah, gələn aydan işimizə başlayacağıq. Həm milli komanda, həm də "Qalatasaray" akademiyasında işimizin başında olacağıq. Ola bilsin ki, Azərbaycandan özümüzlə 3 məşqçi aparaq. Namizədlərimiz də var. 8 nəfərdi. Biri Türkiyədən, biri də Almaniyadan olan namizədimiz də var. Gələn ay özümüzlə kimləri aparağımıza qərar veriləcək. 

-  O zaman çalışdığınız İraqın "Nabil Kərimi Futbol Akademiyası"ndakı işinizə son verəcəksiniz?
- Bəli. Ancaq gələn aydan İrana keçəcəm. Reytinqi nəzərinizə çatdırım ki, ötən ayın FİFA-nın reytinqində İraq isə 80-ci yerdədir. İranla arasında çox fərq var.
 

 
- Daha çox uşaq futbolu üzrə mütəxəssis olduğunuz üçün siz bu problemi daha yaxşı bilərsiniz. Hər klubun demək olar ki, uşaq komandası var. Hətta indi çempionatda 8 komanda olsa da, əvvəllər daha çox komanda və uşaqlar üzrə yaş qrupları vardı. Baxmayaraq ki, bu qədər uşaq futbol komandaları olub, hazırda var, ancaq bu qədər saya baxmayaraq heç komandaların sayı qədər futbolçu çıxmayıb üzə. Buna əbəb nədir? Bir mütəxəssis olaraq Azərbaycanın uşaq futbolunun problemini nədə görürsünüz? Niyə bizdə futbolçu yetişmir? El arasında deyildiyi kimi, "qanımızda canımızda yoxdu futbol", yoxsa başqa səbəblər var?

- Bu sualla geniş cavab verəcəm. Bəzi məqamları qabartmaq istərdim. Bir neçə səbəb sadalayacam sizə. 

1-ci səbəb sosial həyatla bağlıdı. Klublar məşqçilərə çox az maaş verir. Əslində məşqçinin kateqoriyasına görə, əmək haqqı fərqli olmalıdır. Ancaq bəzi klublar eyni maaşı verir. 300-400 manat, lap olsun 600-700 manat. Hamımız Azərbaycanda yaşayırıq və bilirsiniz ki, bu məbləğ ilə ailə saxlamaq çətindi. Məşqçi də məcbur olur ki, komandasından, bu aldığı əmək haqqından əlavə qrup saxlasın, əlavə işləsin. Fiziki olaraq artıq çatdıra bilmir. Ki, gücünü komandasına sərf eləsin. Ailəsi üçün məcburdu başqa işlərlə də məşğul olsun. Bu səbəblərdən biri. Və peşəkar məşqçiləri isə, o maaşa və aşağı yaş qruplarına cəlb etmək olmur. Daha savadlı, daha bacarıqlı məşqçi daha yaxşı pul qazanmaq istəyir. Ona görə də hamı can atır Premyer Liqa klublarına. Çünki orada daha yaxşı maaş var. Köməkçi məşqçi 3-4 min manat məvacib alır. Baş məşqçi daha çox alır. Ona görə də, hamı "yuxarıya" iddialıdı. 

2-ci səbəb: Məsələn, hansısa bir 13-14 yaşı olan uşaq var Vunderkinddi, sürət, texnika hər şey öz yerindən. Ancaq əsgərlik yaşı gəlir və yollanır hərbi xidmətə. İki ilini əsgərlikdə itirir. Futbolda çox geri düşür. Qayıdanda isə, artıq futbola götürmürlər. Çünki digərləri daha inkişaf etmiş olur. Ancaq o, həm fiziki, həm də taktiki cəhətdən yaşıdlarından geri qalır. Bu uşaq qalır kənarda. Və məcbur olub gedir başqa işlə məşğul olur. Ya həvəskar komandada oynayır, ya da futzalda çıxış edir. Mən bunu öz təcrübəmə əsaslanaraq deyirəm. Ancaq əvvəllər MOİK-dən çox yaxşı futbolçular çıxardı. Bu komandada sırf futbolçular olurdu. Kənardan gələnlər olmazdı. Ancaq bildiyim qədərilə, son vaxtlar kənardan cəlb olunanlar da var, hətta futbolçu olmayanlar belə orada çıxış edir. Daha necə gəlib düşüblər ora, onu bilmirəm. Orada ən yaxşı futbolçular oynamalıdı. Bu komandanın Yüksək dəstədə oynadığı vaxtlar da olub, lider olan vaxtları belə olub. Əsgərlik çəkən ən yaxşı futbolçular bu komandada oynayırdı. İndi isə, MOİK I Divizionda ortabab komandalardandı.  O vaxtlar "Dinamo", "Qara bəbir" komandaları vardı. Beyləqanda əsgərlik çəkən uşaqlar "Qara bəbir" komandasında oynayardı. Burada oynayırdılar, məşq edirdilər. Əsgərlik bitdikdən sonra isə, gedib daha güclü komandada forma geyinirdilər. Bu komandalardan nə qədər millidə oynayan futbolçular çıxıb. Yəni bu səbəbdən biz nə qədər futbolçu itiririk. Əsgərlik yaşı çatır, gedir xidmətə və o uşaq itib-batıb. 
 


3-cü səbəb: Klublarımızın uşaq futbolunda işləri qeyri peşəkar təşkil olunur. Bunu dəfələrlə özüm görmüşəm. Düzdü, bunu bütün klublara şamil etmək olmaz. Bir neçə klubu çıxıram. Ancaq bir çox klubda istər təşkilat baxımından, həm məşqçi seçimində, həm uşaqlara yaradılan şəraitdə çox qeyri-peşəkarlıq nümayiş əks olunub. İşin keyfiyyətinə nəzarət etmək akademiya rəhbərliyinin işidi. 

4-cü səbəb: Bu da sosial durumumuzla bağlıdı. Orta məktəblərdə təhsil lazımı səviyyədə deyil. Valideynlər məcbur olur uşaqları əlavə hazırlıq məşğələlərinə göndərsinlər. Baxırsan 2,3,4-cü sinifdə oxuyan uşaqlar həftənin 5-6 gününü hazırlığa gedirlər.  3-4 saat vaxtları da hazırlıqda keçir. Ona görə də, bir çox uşaqlar futboldan qalır. Gündəlik rejimində futbola vaxt ayıra bilmir. Çünki fiziki olaraq çatdıra bilmir. 4-5 saat dərs, ardı ilə məşğələ, artıq uşaq həm fiziki, həm əqli çəhətdən yorğun olur. Çox uşaq bu səbəbə görə futboldan yayınır. 

5-ci səbəb: İnfrastukturlar çox aşağı səviyyədədi. Bəzi klublarda yaxşıdı. Ancaq 10 milyona yaxın Azərbaycan üçün bu kifayət deyil. Şərait daha çox olmalıdır ki, uşaqlar futbol oynasın. Meydançalar azdı. Təbii meydançalar vacibdi. Ancaq bizdə hər yerdə süni meydançalardı. Bunlar da uşaqların inkişafına mane olan amillərdən biridir. Məhəllə futbolu da yox dərəcəsindədi. Çünki məhəllə yoxdu. Bu artıq bizim ümumi problemimizdi. Uşaq futbol oynaya bilmir. Məsələn, mən Yasamalda böyümüşəm. Gedirdik stadiona oynayırdıq. İndi isə elə yerlər yoxdu. Uşaq harada futbol oynasın?! Meydança yoxdu. Olan süni meydançalar da hamısı pulladı. AFFA bəzi məhəllələrdə meydan sərib. Sağolsunlar, onu yaradıblar.  Düzdü, bir çoxları kiçikdi. Bir çoxları isə, bərbad günə düşüb. Çünki saxlaya bilmirlər. Birdə ki, bu çox azdı. Bakıda nə qədər məhəllə var. AFFA da hər məhəlləyə futbol meydanı sərə bilməz. Bunu icra və bələdiyyə orqanları etməlidir. Ancaq etmirlər. Hər yerdə bina və restoran tikirlər. 

6-cı səbəb: Klublar əsasən, Premyer Liqada oynayan əsas komandalarını düşünürlər. Əvəzedici komandanı belə düşünən yoxdu, o ki qaldı, uşaqlar. Uşaq futboluna isə, "ad olsun ki, var" gözü ilə yanaşırlar. Fikir vermirlər uşaq futboluna. Bu da sırf klub rəhbərlərinin işidi. Onlar uşaq futboluna daha çox diqqət ayırmalıdırlar.

7-ci səbəb: Beynəlxalq turnirlər çox az təşkil olunur. Ənənəvi beynəlxalq turnir olmalıdır. Bu uşaq futbolunun inkişafı üçün yaxşı olardı. Beynəlxalq deyəndə, təkcə Gürcüstan, Dağıstan gəlməsin. Biraz uzaq dövlətlərdən dəvət edələr. Bizimkilər gedib oynayır. Ancaq daha yaxşı olar ki, burada gəlib oynasınlar. AFFA çox gözəl Caspian Cup təşkil etmişdi. Düzdü, o da biraz böyük yaş qrupu idi. Millilər səviyyəsində idi. Yəni, nə qədər beynəlxalq turnir çox olsa, o qədər yaxşıdı. Bu uşaqlara stimuldu, həm də təkminləşməklərinə kömək edər. Necə deyərlər, ən yaxşı məşq oyundur. 

Röya Kərimli
Sport7.az
 







OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR