"Emil Balayev "Tobol"dan getməlidir" - Onlar belə düşünür... (SORĞU)

Qazaxıstanın "Tobol" klubuna erməni baş məşqçi Qriqori Babayan təyin olunduqdan sonra ilk işi komandaya erməni futbolçuları cəlb etmək oldu. Ki bu transferlərinin sayının artacağı gözlənilir. Babayanın kluba gəlişindən sonra mətbuatda millimizin qapıçısı Emil Balayevin komandadan ayrılacağına dair xəbərlər səngimir.

Bəs görəsən doğru addım hansı olar? Emil Balayev ermənilərin arasında qalıb işinə davam etməlidirmi, yoxsa "Tobol"dan ayrılmalıdır? 

Sport7.az bu sualı idman mətbuatının tanınmış yazarlarına ünvanladı. Onların fikirlərini təqdim edirik: 
 
Mahir Rüstəmli ("Futbol+" qəzetinin baş redaktoru): "Erməni baş məşqçinin gəlişi də önəmli amildir. Amma mən hələ noyabrda - bu komanda avrokuboklara vəsiqə iddiasından uzaq düşəndə Emilin "Tobol"dan getməli olduğunu vurğulamışdım. Həm "Tobol"da rəhbərlik səviyyəsində vaxtaşırı məntiqə uyğun olmayan qərarlar verildiyinə, həm də Emil səviyyəcə bu komandanın sərhədini aşdığına görə. İndi gerçəklik elədir ki, Babayanın Emilə münasibətdə də, istənilən obyektiv-subyektiv qərarının arxasında da ictimaiyyət istər-istəməz erməni izi axtaracaq. Belə mühitdə isə futbolçunun özünü göstərməsi çətin olur. Deməli, getməsi məsləhətdir".   

Natiq Muxtarlı ("Kaspi" qəzetinin redaktoru): "Məlum məsələdir ki, Emil artıq orada qalmayacaq. Erməni baş məşqçinin ora gətirilməsindən sonra mətbuatın və böyük ehtimalla Emilin menecerlərinin situasiyanı anlayıb bu məsələni ictimailəşdirməsi öz işini görüb. Fikrimcə, Emil Balayev "Tobol"dan ayrılacaq. Çünki bu, futbolçunun özünün də xeyrinə olacaq. Çox güman ki, erməni baş məşqçi özü də Emilin ordan getməsini istəyər. Ona görə bu məsələnin ictimailəşməsində maraqlıdırlar. Qazaxıstandan, ABŞ-dan, Rusiyadan, Ermənistandan olmasından asılı olmayaraq erməni həmişə ermənidir. Biz iddia edirik ki, idmanı siyasətə qatmaq olmaz. Amma erməni üçün belə dəyər yoxdur. Erməni idmanı siyasətə də qatacaq, millətlərarası münasibəti də gərginləşdirəcək, hər cürə təxribata əl atacaq. Emil Balayev erməninin baş məşqçi olduğu komandada özünü komfortda hiss etməyəcək. Ona görə də inkişaf etməyəcək. Çünki ermənilərin ona qarşı olan münasibətlərinə, ona qarşı hər an yarada biləcəkləri təxribata görə tam sərbəst, azad ola bilməyəcək. Və hər an səni təhlükə gözlədiyi üçün inkişafdan qalacaqsan. Məncə, Emil Balayev özü də bu təhlükəni hiss edir. Menecerləri də yəqin ki, bu haqda fikirləşirlər. Fikrimcə, Emil Balayev "Tobol"dan getməlidir".

Saleh Arslan ("Korner.az" saytının baş redaktoru): "Emil üçün ən doğru variant "Tobol"dan getməkdir. Şərtlər başqa olsa, qalıb özünü sübut etməsini istərdim. Ancaq erməni faktoru var ortada və Babayanın artıq komandada erməniləşdirmə işinə başlaması bunun göstəricisidir. Kim istəsə, dözümsüzlük kimi qəbul edə bilər, ancaq necə deyərlər, ilanın ağına da lənət, qarasına da - mənim üçün ədalətli erməni anlayışı yoxdur və olmayacaq". 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR