Emin Abbasov: "Xəzər"i dağıtmaq üçün yaratmayıblar"

Emin Abbasov:
AFFA-nın sonuncu iclasından sonrakı mətbuat konfransında çıxış edən baş katib Elxan Məmmədovun bir açıqlaması diqqət çəkdi. 

Qurum rəsmisi həmin konfransda birinci diviziondan Premyer Liqaya iddialı olan "Sabah" və "Xəzər"in dərhal yüksək dəstəyə gəlməməsinin tərəfdarı olduğunu söylədi, özü də açıq-aydın şəkildə. Maraqlıdı bu nəyə işarədi? "Xəzər"in gələn il də divizionda qalacağı anlamına gəlmir ki? Belə bir variant olsa, "Xəzər" yenə də iddialarını davam etdirəcəkmi və dağılmaq təhlükəsi yoxdu ki?

Bütün bu suallara cavab tapmaq üçün klubun icraçı direktoru Emin Abbasovla əlaqə saxladıq. Emin bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Mən də o açıqlamalara baxdım. Əslində onun dedikləri tövsiyə xarakterlidi. Premyer-liqa ilə birinci divizion arasında maliyyə yükü fərqlidi. O da düşünür ki, komanda  premyer-liqaya gələr və sona qədər maliyyələşdirə bilməzlər. Mən təxminən o fikirləri belə oxudum. Amma yenə də bu cür düşünmürəm. Çünki yenə hədəfimiz qarşımızdadı. Lisenziyalaşma ilə bağlı bütün sənədləri vermişik. Sonuncu, maliyyə meyarı qalıb. Çalışırıq ki, mövsümü yuxarı pillələrdə bitirək. Hədəfimiz dəyişmir, işimizdəyik. Ancaq indidən nəsə demək düzgün olmaz.

Prinsipcə, "Xəzər"i dağıtmaq üçün yaratmayıblar. Yenə də o fikirdəyəm ki, futbolda yatırımdan söhbət gedirsə, istənilən halda hər bir sponsor istəyər ki, komandası Premyer Liqada oynasın. Çünki orda "Qarabağ", "Qəbələ" var, "CBC Sport" tərəfindən oyunlar canlı yayımlanır, yəni auditoriyası genişdi. Şəxsi fikrimdi, hər bir sponsor Premyer Liqada daha çox yatırım edə bilər, nəinki birinci divizionda. İstənilən halda yarışın miqyası fərqlidi. Dağılmaq deməzdim, mənə elə gəlir ki, Premyer Liqada komandaya daha çox maliyyə ayıraralar, nəinki birinci divizionda. Klub daxilində bu məsələ də müzakirə olunur. Elxan Məmmədovun fikirlərinə də hörmətlə yanaşırıq. Əslində, söhbət premyer-liqaya buraxılıb-buraxılmamaqdan getmir. Çempionat bitməyib, kimin hansı pilləni tutacağı məlum deyil. "Qaradağ Lökbatan" istisna qlana 5-6 komanda 2-ci yeri rahat ələ keçirə bilər. Məncə nəticələri gözləyib, daha sonra bu barədə geniş danışmaq olar. 

Hər halda onun şəxsi fikridi, qərar deyil. İnsafən danışsaq əvvəlki illərdə də görmüşük ki, bəzi komandalar mövsümü güc-bəla ilə bitirb, aylarla maaş gözləyib. Bu halları da görmüşük. Amma sırf "Xəzər" adından rahat şəkildə deyə bilərəm ki, ən yaxşı maaş təminatı bizdədi. Bu özünü oyunlarda da, mükafatlarda da göstərir. "İnter Arena" kimi Premyer Liqa standartlarına uyğun bir meydançada məşq edib, oyun keçirir. Antalyada toplanışda da olub. Hər kriteriyada birinci divizionda yaxşı olduğumuzu rahat deyə bilərəm. Divizionda normal maliyyə xərcləyirik, kəsilmə, axsaqlıq deyilən bir şey olmayıb. Sponsorların yanaşması budu. Mən də klubdaxili iclaslarda maliyyə dayanıqlığının vacib olduğunu bildirmişəm. Azdı, çoxdu bu artıq başqa şeydi. Amma vaxtında olmalıdı ki, futbolçular özlərini rahat hiss eləsin. Bu baxımdan sponsorlarla ilkin söhbətimiz olub, hədəfimiz Premyer Liqadı. Tələb olunan maliyyə ilə bağlı məlumatları rəhbərliyə vermişik. Onlar da konkret rəqəmlə bağlı cavab verməyib. Yəqin ki, Premyer Liqa razılığı olandan sonra bizə büdcə deyiləcək və komanda yığmağa başlayacağıq. Fikrimcə, ən azı ortabab komanda olarıq".

Sport7.az

Xəbər lenti