Emin İmaməliyev:

Emin İmaməliyev: "Müdafiəçi həmin an qərar verməlidi ki..."

"Qarabağ"ın sabiq futbolçusu Emin İmaməliyev ağdamlıların "Linfild"lə matçını dəyərləndirib.

Veteran futbolçu Sport7.az-a açıqlamasında məğlubiyyətin səbəblərini deyib: "Futbolda asan rəqib yoxdu. Hər bir komanda oynamağı bacarır. Hətta zəif olduğunu düşündüyün rəqib də gəlib müqavimət göstərir. Bu da bütün dünyada futbolun inkişafının göstəricisidi. Hər ölkədə komandalar oynamağı bacarır. Ən əsası da düzgün müdafiə oluna bilirlər. Dünən "Linfild" daha çox müdafiədən oynayırdı. Oturuşmuş müdafiəni yarmaq çətin olur. Buraxılan qollardan ikisi standart vəziyyətlərdən sonra oldu. 3-cü qol isə əks-hücum zamanı Abbasın səhvindən sonra buraxıldı. Müdafiəçi həmin an qərar verməlidi ki, topu ya meydandan çıxarsın, ya da qapıçıya ötürsün".

Emin bəy "Qarabağ"ın Bakıda daha yaxşı oynayacağına inandığını bildirdi: "Hər məşqçinin oyun fəlsəfəsi var. Kimsə deyir ki, məsələn "Dandolk" daha yaxşı idi, "Linfild" zəif oynadı. Ancaq mənə görə zəif rəqib yoxdu. Ola bilər ki, hardasa "Qarabağ"dan çəkinirdilər. Son vaxtlar adından söz etdirdiyi üçün rəqiblər "Qarabağ"a ciddi yanaşırlar. "Linfild"in məşqçiləri yəqin ki, "Qarabağ"ın oyunlarını izləyib və daha çox nədən istifadə etdiyini öyrənib. Bunun nəticəsi idi ki, meydanda 9 nəfərlə müdafiə olunurdular. İrəlidə isə yalnız "14" nömrəli futbolçuları vardı. Sürətli idi, top düşən kimi əks-hücumda "Qarabağ"ı "tutmağ"a çalışırdılar. İnanıram ki, "Qarabağ" evdə daha yaxşı oynayacaq. Səfərdə də yaxşı oynamışdılar. Yaranmış imkanları qola çevirsəydilər, 30 dəqiqənin içində hesab 3:0 və ya 4:0 ola bilərdi. Futbolda hər imkanı dəyərləndirmək mümkün olmur".

İmaməliyev Zubirin, Mahirin və digərlərinin APOEL-lə görüşdəki kimi oyun sərgiləmədikləri haqda suala belə cavab verdi: "Bəzən olur ki, futbolçunun oyunu alınmır. Futbol oynadığım vaxtlarda məndə də belə enişlər olub. İstəyirsən, ancaq alındıra bilmirsən. Düzdü, Zubir APOEL-lə görüşdəki oyununun 50-60 faizini göstərdi. Bu da başadüşüləndi. Futbolçu həmişə pik nöqtədə oynaya bilmir. 3 oyun yaxşı olanda, 1-də alınmır. Mahirdən başqa, Miçelin də imkanı var idi. Ancaq top qapı dirəyinə dəydi. Futbol elədi ki, hətta, usta oyunçular da, Messi, Ronaldo belə məqamlarda qol vura bilmirlər. Futbolda bunlar qaçılmazdı. Ona görə də futbolçularımıza dəstək olmaq lazımdı. Belədə futbolçu da hiss edər ki, arxası var".

İmaməliyev "Qarabağ" Bakıda nəyə diqqət etməlidi?" sualını da cavabladı: "Rəqib göstərdi ki, standart vəziyyətlər zamanı nə qədər təhlükəlidilər. Qollardan biri künc, digəri cərimə zərbəsindən sonra vuruldu. Ona görə də əsasən belə vəziyyətlər zamanı "Qarabağ" diqqətli olmalıdı. Bir də ki, "Qarabağ"ın özünə xas oyun üslubu var. Xırda ötürmələrdən daha çox istifadə edirlər. Rəqib qapısına da bu cür yaxınlaşırlar. Yəqin "Linfild"in məşqçisi bunu da analiz etmişdi ki, istər-istəməz komanda xırda ötürmələrlə oynayanda öz qapısından uzaqlaşır. Hətta Rəşad, Maksim də gedib rəqib qapısı qarşısında top saxlayırdı. Çünki rəqib tamamilə müdafiəyə oturmuşdu. Bu üzdən "Qarabağ" boşluq axtarırdı ki, qol vursun. "Qarabağ"ın nə vaxtsa topu havaya qaldırması yadıma gəlmir. Qısa ötürmələrlə oynamağı xoşlayır. Yalnız müdafiədən çıxmaq lazım olanda, məcburiyyətdən uzun ötürmələrdən istifadə edirlər. Düzdü cinahlardan hava ilə asmalar olur, bu artıq hücum variantıdı. Belə vəziyyətdə ya asma, ya da yerlə ötürmələr mütləqdi. Ancaq uzun ötürmələrdən istifadə "Qarabağ"da az görülən bir haldı".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR