"Çempionat erkən bitdiyi üçün oyun təcrübəsi azlığı var" - Orxan Məmmədov

Yeni mövsümə komandaları hazırlığını davam etdirir. O cümlədən premyer-liqa oyunlarına təyinat alacaq hakimlər də. 

Bu üzdən hakimlərimizdən Orxan Məmədovla danışmağı lazım bildik. Orxan bəy Sport7.az-a müsahibəsində bunları söylədi.
 
- Hazırlıq neçə keçdi?

- Şükür Allaha yaxşı keçdi. Ayın 2-dən 9-na qədər Qusarda hazırlıq keçdik. Bakıda onsuz da isti hava şəraitində hazırlaşmaq çətin olardı. Oyun idarə etməsək də, proqram üzrə işlədik. Gündə iki dəfə məşq və nəzəriyyə dərsləri keçirdik. Keyfiyyətdə azalma olmadı. Normativləri də verdik. Olimpiya Kompleksində qalırdıq. Qidalanma da daxil olmaqla hər şərait yaradılmışdı. 

- Bu yay toplanışa gedə bilmədiz. Bunun hakimlərin hazırlığına nə dərəcədə təsiri oldu?

- Əksinə, xaricə getsəydik çempionata 10-15 gün qalmış gələcəkdik. Bununla çempionata 2 gün qalmış başlamaq arasında fərq çoxdu. İndi toplanışdan qayıdırsan və 2-3 gündən sonra oyunlar başlayır. Yəni dincəlməyə vaxt olmur və hazır şəkildə oyunlara gedirsən. Xaricdə də eyni məşqləri keçəcəkdik. Düzdü ordakı şərait başqadı. Yəni gün mənasında fərq edəcəkdi. Orda daha çox qalacaqdıq. Ümumiyyətlə toplanışa getməsək çox çətin olacaqdı. Uşaları bir yerə yığmaq filan var. Həm də dəyişikliklər olub. Hamı bir yerə yığılmalı, müzakirələr aparılmalıdı. Çünki çempionatda da bu dəyişikliklər tətbiq oluna bilər. 14 günlə 7 günün fərqi var. 7 gün ərzində həmin 14 günün normativlərini yerinə yetirməyə çalışdıq.

- Xaricə getmək həm də oyun praktikası qazanmaq deməkdi. Bu mənada praktika azlığı müşahidə olundu?

- Əlbəttə, çempionat erkən bitdiyi üçün praktika azlığı var. Hətta heç yoldaşlıq görüşü idarə etməyən hakimlərimiz də oldu. Amma xaricə getsəydik ən azı iki oyun idarə edəcəkdik. İstər istəməz meydanda olanda yadırğamırsan. Amma 2 aydan sonra gəlib oyun idarə etmək bir qədər narahatlıq yaradır. Yəni, problem onda oldu ki, oyun idarə edə bilmədik.

- Bu çempionatdakı oyunlarınıza da təsir edə bilərmi?

- Qayda pozuntusu deyil, amma mövqe seçimi baxımından ola bilər. Bu mənada axsamağımız mümkündü. Qaydaları bilirsənsə folu görən kimi qeyd edəcəksən. Amma söhbət mövqe seçimindən gedirsə, problem ola blər. Fiziki hazırlığımız da qaydasındadı. Qalan məqamlarda çətinlik yaşayacağımıza inanmırıq. 

- Qaydalarda dəyişikliklər varmı?

- Çoxdu, 1 deyil, 2 deyil. O qədər dəyişiklik olub. Elə sözlər var ki, qısaldıblar. Bundan başqa əvvəllər rəqibi aşkar qol imkanından məhrum edən futbolçulara, top meydanı tərk etdiyi halda "qırmızı" vermirdik. Amma indi belə deyil. Qapıçı irəli çıxıbsa və top künc bayrağı tərəfə yaxınlaşırsa belə, bu aşkar qol imkanı deməkdi. Penalti vuruş qaydalarında da müəyyən dəyişikliklər edilib. 

- Yəqin ki, son dəyişikliklərin hamısı hakimlərimizə çatdırılıb...

- Hamısı çatdırılıb. Hazırlığımızın 5-6-cı günlərində qaydaların hamısı hakimlərə bildirildi. Bir-bir hamısını analiz etdik. Qayda 5-dən tutmuş 2-yə, 3-ə qədər hamısını yenilədik. Çünki hakim qaydaları öyrənməyibsə və məsələn sizin saytdan kimsə zəng vurub soruşa, mən də bilməsəm daha nə oldu? Deyəcəksiz hakim bilmirsə mən hardan bilim? O cümlədən jurnalistlər də mümükün olarsa qaydalar kitabını əldə etsinlər. Kitab deyəndə, hələ tam tərcümə olunmayıb. 1-2 aya tərcümə olunacaq. Xaqani müəllimin vaxtı az olduğundan əsas hissələri tərcümə etdirib. Amma ingilis dilində olan versiyası var. 

- Özünüzü çempionata tam hazır sayırsız?

- Sonuncu oyunum pis keçmədi. Ola bilər xırda səhvlər filan edərəm. Amma artıq məqsədim aşağı səviyyəyə düşməmək və daha da yüksəlməkdi. Bu dəqiqə elə bir durum yaranıb ki, irəli baxmaq lazımdı. Hakimlərimiz arasında rəqabət var. Çünki baş hakimlərin sayı kifayət qədərdi. Bir səhv buraxıb cəzalansan, geri düşəcəksən. Belə deyim, sağlam rəqabət var. Bacarırsansa səhv etmə, oyuna təyinat versinlər.

Sport7.az

Xəbər lenti