"Çempionatın dayandırılması bizə sərf edər" - MÜSAHİBƏ

"Sumqayıt" klubunun futbolçusu Amil Yunanovun "Report"a müsahibəsini təqdim edirik

- Hazırkı vəziyyətdə vaxtınızı necə keçirirsiniz: Gündəlik rejiminiz nədən ibarətdir?
- Hazırda Tovuz rayonundayam. Demək olar ki, bütün günü evdə olur, evdə məşq edirəm. 3-4 gündür ki, xüsusi proqram vasitəsilə komanda ilə məşqlərə start vermişik. 40 dəq - 1 saat onlayn məşq edirik. Sonra özüm də əlavə məşqlər edirəm. Digər vaxtlarımı kitab oxumaq və filmə baxmaqla keçirirəm, çalışıram ki, evdə qalım, çölə çıxmayım.

- Hazırkı vəziyyətə görə sıxılıb-darıxırsınız? 
- Əlbəttə, çox darıxdırıcıdır. Biz məşqlərə öyrəşən adamlarıq. Cavan insan üçün evdə oturmaq çətindir. Amma bütün bunlar insanların sağlamlığı üçündür. Məcburuq ki, evdə oturaq və bütün qaydalara əməl edək. 

- Evdən çıxmaq üçün sms göndərmək lazımdır. Bunu da edirsiniz?
- Ümumiyyətlə, bu müddətdə çox çölə çıxmamışdım. Əlbəttə, harasa getmək lazım olanda sms göndərib gedəcəyəm.

- Bəzi ölkələrdə çempionatların ləğvi müzakirə olunur. Bu barədə nə deyə bilərsiniz?
- UEFA yerli çempionatları oradakı qurumların ixtiyarına verib. Bizdə isə 8 tur qalıb. Veriləcək qərarı gözləyirik. Nə qərar olsa, hörmətlə yanaşmalıyıq. 

- May ayından öncə çempionat bərpa olunmayacaq. Əvvəlki formaya qayıtmaq üçün nə qədər vaxt lazımdır?
- Əlbəttə, bu, yetərincə çətin olacaq. Futbolçu nə qədər məşq etsə də, oyun praktikası tam başqadır. Məşq səni fiziki baxımdan formada saxlayır. Bizə iki-üç matç lazım olacaq ki, özümüzü toparlayaq, özümüzə gələk. Özümüzə gələnə qədər isə çempionat bitəcək. 

- Mövsüm bərpa olunmasa, hazırkı yerlərə əsasən avrokuboklara vəsiqə ədalətli qərar olar?
- Bu barədə nə isə demək çətindir. Bizə sərf edər, çünki 4-cü yerdəyik. Kubok oyunları da var, o biri komandaların necə fikirləşəcəyini də deyə bilmərəm. Biz 4-cü yerdəyik, ölkəmizdə avrokuboklara 4 komanda vəsiqə qazanır. 4-cü yerlə Avropa Liqasına düşürük. Ləğv olunsa, kubok necə olacaq? O bilinmir. Bu, bir tərəfdən bizə sərf edir, digər komandaların nə fikirləşdiyini bilmirəm. Çempionat başa çatdırılsaydı, daha yaxşı olardı. Nəticənin ədalətli olması yaxşıdır.

- Müqaviləniz mövsümün sonunda başa çatır. Klubla danışığınız olub?
- Xeyr. Hələlik danışmamışıq. Hər kəs virusla mübarizə aparır. Heç kim müqaviləsini düşünmür. Çempionat barədə də bir söz bilmirik. Əsas məsələ virusu atlatmağımızdır. Ondan sonra müqavilə barədə fikirləşmək olar. Bütün günü evdəyik və heç nə bilmirik, sakitçilikdir. 

- Başqa klublardan təklif olsa, hazırkı komandanızı, yoxsa digər variantları düşünərsiniz? 
- Hələlik "Sumqayıt"ın futbolçusuyam. İlk olaraq, öz klubumla danışaram, daha yaxşı olsa, burada qalmaq istəyərəm. 

- Hazırda Belarus və Tacikistanda çempionat davam edir. Təklif gəlsə, həmin ölkələrdə çıxış edərsiniz?
- Yəqin ki, onlarda virus yoxdur, ya da elə də ciddiyə almırlar. "Sumqayıt"la müqaviləm var. İnanıram ki, virus bitəcək və öz komandama qoşulacağam.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR