"Ən yaxşı" olmaq üçün "Arsenal"a gəlmişdim" - Anrinin London macərası

Futbol oynamaq üçün ot olan meydança tapmaq çox vaxtımızı alırdı. Biz də əvəzində beton üzərində oynayardıq. Böyüdükcə də situasiya dəyişmirdi. Bəzən futbol oynamaq üçün Parisin o biri başındakı gil rəngli meydançaya gedərdik. Futbol adına nə bacarığım varsa, orada qazanmışam. Atam bu gün gəldiyim nöqtəyə çatmağımda çox böyük rol oynayıb. Ancaq küçədə görüb-götürdüyün şeyləri – o arzunu, ehtirası kimdənsə öyrənə bilməzsən. "Ehtiras” sözünü pis mənada işlətmədim - qətiyyən. Ən yaxşı olmaq arzusunun gücünü nəzərdə tuturam. Çünki məhəllədə bəzən cəmi 1 top olurdu. Küçədə 50 nəfər futbol oynayardıq, ancaq cəmi bir topumuz olardı.

Top sıçrayardı, hamı onun arxasınca qaçardı... Bacarıqlarımın əksəriyyəti məhz orada formalaşıb. Topu özündə saxlamaq, hamıdan birinci topa çatmaq, top uğrunda böyük arzu ilə mübarizə aparmaq – mən orada qələbə ehtirasını, arzulu oynamağı və topa sahib olmağın necə dəyərli olduğunu öyrənmişəm. Bəzən insanlar haradan gəldiyimi, meydandakı tərzimi başa düşmürlər. Mən 100 faizimlə oynayıram, ürəyimi qoyuram. Bəzən işlər qaydasında getməyəndə üzgün olduğumu görə bilərsiz. İşlər istədiyim kimi gedəndə isə həmişə üzüm gülür. Meydanda olarkən hiss etdiyimdən fərqli davranmaq - saxta olmaq məndə alınmır. İçimdəki futbol eşqi ilə oynayıram. Bacarmadıqda isə olanları qəbul etmək mənim üçün çətin olur.
 


Yadımdadı, uşaqlar arasında çempionat oyunu idi, birdən dava düşdü. Atamın meydana daxil olması gözümün önündədi. O zaman 11 yaşım var idi. Təbii, onda bu baş verənlər bir az utandırıcı idi. Heç də yaxşı namı olmayan komandalardan biri ilə oynayırdıq. Rəqib oyunçu mənə qarşı təkcə qaydanı pozmadı; o, sanki məni həm də davaya dəvət edirdi. Atam meydançaya daxil oldu... Yox, yox, sonunu danışmayacam. Çox utanmışdım, ancaq başa düşürəm ki, ailə övladını qorumalıdı. O zaman atamın hərəkətini heç də bəyənməmişdim. Ancaq indi başqa cür düşünürəm. Atamı sevirəm. O, məni qorumaq istəyirdi. Məncə, bütün valideynlər belədi, ancaq atam bu barədə digərlərindən bir az öndədi. Məsələn, adi öskürəyim tutanda elə həmin an həkimə getməliydik. Bədənimdə balaca bir yara görəndə o dəqiqə narahat olmağa başlayırdı.

Bəzən insanlar məndən daha çox gülümsəməyimi istəyirlər. Ancaq bu, mənəm. Atam mənə əlimdə olanlara görə xoşbəxt olmamağı, heç vaxt qane olmamağı öyrədib. Atamın necə biri olduğunu bilmək istəyirsiz? Ok. Deməli, het-trik etdiyim oyunlardan sonra deyərdi: "Dörd qol vura bilərdin”. Qol vurmayanda, ancaq komanda yoldaşıma assist edəndə isə deyirdi: "Ok, ancaq sən qol vurmamısan”. Həmişə edə bilmədiyim şeylərdən bəhs edərdi. Buna görə də meydanda olanda etmədiyim şeylər haqqında düşünürəm - bu sayədə bütün diqqətimi oyuna yönəldə bilirəm. Ancaq bu vasitə ilə inkişaf edə bilərsən. Bu, mənim yolumdu. Bir gün mən də uşaqlarıma deyəcəm: "Əlinizdə olanlarla heç vaxt kifayətlənməyin, çünki arxanızdakı insanlar sizin yerinizi tutmağa çalışırlar". Qəribə səslənə bilər. Bəzən - ən yaxşı oyunumu keçirdiyim günlərdə evə gedib, qaçırdığım asmaları düşünərdim. Bilirəm mükəmməl olmaq imkansızdı. Heç kim mükəmməl deyil, heç vaxt o nöqtəyə çata bilmərik. Ancaq mən vurduğum qollardan çox qaçırdıqlarım barədə düşünürəm.
 


Klerfonten akademiyasına gəlməmişdən öncə artıq özüm başımın çarəsinə baxa bilirdim. Bunu valideynlərim mənə öyrətmişdilər. Həqiqətən də yaxşı valideynlərim olub. Mənə deyərdilər: "Bir gün tək qalmalı olacaqsan və həyat çox çətindi”. Akademiyada telefonla danışkarən, "Ana, sənin üçün darıxıram” deyən uşaqlardan olmamışam.

Klerfontendə mənə öyrətdiyi şeyləri danmaq olmaz. 16 yaşımda "Monako”nun gənclərdən ibarət komandasına qoşulanda texnika cəhətdən oradakılardan çox öndə idim. Klerfontendə futbol - oyundan həzz almaq, gözəl ötürmə vermək və gözəl oynamaq demək idi. Gözəl futbol, futbol, futbol... Klerfontendə bir matçda belə uduzmamışam - heç vaxt. Parisdən, Oserdən, digər bölgələrdən olan gənclərlə futbol oynayardıq. Mən orada olarkən 12 oyun keçirmişdik, həmişə də 4:0 və ya buna bənzər hesablarla qalib gələrdik. "Monako”da isə əsl rəqabət başladı. Əla məşq sessiyalarımız olurdu, ancaq burada artıq uduzmaq önəm kəsb edirdi. Səyahətimin artıq professional hissəsinə çatmışdım.

"Arsenal”da ilk matçımdan sonra özümü yaxşı hiss etmirdim, çünki əslində 2-3 dəfə fərqlənə bilərdim. Azarkeşlər məni əla qarşılamışdılar, mən də onun qarşılığını vermək istəyirdim. Ancaq onlar bir az daha gözləməli oldular. İlk dəfə "Sauthempton”la oyunda fərqləndim, sonra Çempionlar Liqasında bir daha qapıya yol tapdım, davamını bilirsiz. Ondan sonra elə mərkəz hücumçusu kimi oynadım. Arsen Venger üçün mövqeyimi dəyişmək asan məsələ idi, çünki "Monako”da işləyəndə məni mərkəz forvard kimi tanımışdı. O getdikdən sonra məni cinaha çəkmişdilər və orada oynamağa məcbur qalmışdım. Yığma komandada da vinqer kimi oynayırdım, amma Arsenlə növbəti dəfə - bu səfər "Arsenal"da görüşəndə mənə dedi: "Mərkəz hücumçusu olacaqsan. O mövqedə olanda tez-tez qol vurardın. Məncə, bu şansı qaçırmayacaqsan”. Ona inanırdım. Dəfələrlə təkrarlaya bilərəm: ona inanırdım...
 


Martin Kioun… Düzünü desəm, təkcə o da yox, elə Toni Adams da çox sərt idi. Sonra Li Dikson, Naycel Uinterbörn… Məşqdə mənə qarşı çox sərt oynayırdılar, amma bunun mənə çox faydası dəydi. Onlar sayəsində çox gözləmədən – dərhal ingilis futbolunun nə olduğunu öyrəndim. Bir çox hücumçudan onları soruşa bilərsiz. Hücumçu kimi arxanda Martinin, Adamsın, Diksonun, Uinterbörnün olduğunu bilmək asan deyil. Mənə, doğrudan da, çox köməkləri dəyib. Yanlış anlamayın, amma onlarla məşq sessiyaları heç də həmişə əyləncəli olmurdu. Bəzən məşqlər fiziki cəhətdən çox ağır olurdu. - xüsusilə də Martin Kioun. Fiziki mənada onunla birə-bir gəlmək… Özün üçün ayağa qalxıb mübarizə aparmalı idin. Onların istədiyi də bu idi. Başqalarına qarşı oynayanda artıq hazır idim.

İngilis futbolu mənə çox şey verdi: ehtiras, istək, sədaqət… Sadaladıqlarımın lazım olanından da artığını İngiltərədə tapdım. O sədaqəti, ehtirası futbolçuların və azarkeşlərin simalarında görə bilərsən. Ancaq biz də öz növbəmizdə futbolumuzla kluba çox şeylər qatdıq: ötürmə təməlli futbolumuz, topu daha çox yerdə saxlamaq, gözqamaşdırıcı tərz - əla qarışıq idi. Hazırda əsas məsələ elə müxtəlif komponentləri düzgün miqdarda qarışdırmaqdan ibarətdi. Məsələn, bunsuz çayın nə olduğunu anlamazsan. Eynisi bizim üçün də keçərlidi. Londonu gözəlləşdirən də budu.

Həqiqətən də Londonu çox sevirəm. Əsl kosmopolitan şəhərdi. Burada müxtəlif atmosferlərin dadına baxacağın çoxlu yerlər var. Nottinq-Hill Portobello ilə eyni deyil, öz növbəsində o da Kovent Qardenə bənzəmir, hansı ki Naytsbriclə heç bir oxşarlığı yoxdu. Dəbdəbə istəyirsənsə, Sohoya üz tuta bilərsən. Dincəlmək istəyirsənsə, Hampsted var. Londonun gözəlliyi bundadı. İdman da buna bənzəyir. Nə qədər çox komponenti özündə ehtiva edirsənsə, bir o qədər yaxşısan. Başqa fikirlərə açıq olmalısan. Bizim paltardəyişmə otağına nəzər salın: alman dilini öyrənmək istəsəm, Yens Lemannla danışa bilərəm, Sesk Fabreqas yanımda oturur, bəzən ondan katalanca "salam" və "sənin üçün darıxıram" ifadələrinin necə deyildiyini soruşuram, Aleksandr Qleb – ondan belarusca nəsə soruşa bilərəm. Adi şeylər, elə-belə. Kim bilir, bəlkə bir gün yolum ora da düşər…
 


Buna görə də kluba ilk dəfə gələndə Deyvid Deyn mənə ingiliscə dərs almaqla bağlı sual ünvanlayanda "yox" cavabını verdim. Mən sadəcə dinləmək istəyirdim. İngiliscəm yaxşı idi. Məktəbdə çoxlu söz öyrənmişdim, ancaq onları cümlə halına gətirə bilmirdim. Əvvəl-əvvəl tez-tez soruşurdum: "Nə demək istəyirsən?" Çünki jarqonu, Kokni ləhcəsini və ya insanların şimalda necə danışdıqlarını məktəbdə öyrətmirlər. Bunları müəllimlə öyrənə bilməzsən. Öz-özümə öyrənmək istəyirdim, əsas yükün qulaqlarıma düşməsini istəyirdim. Mənim yolum bu idi.

Məni yanlış anlamayın. Fransız olduğuma görə həddindən artıq fəxr edirəm. Ancaq sizi əmin edə bilərəm ki, evim barədə söhbət düşəndə Londondan bəhs edirəm. Həmçinin əmin ola bilərsiniz ki, Londonda yaşayacam – karyeramı bitirdikdən sonra belə. İngiltərə əyləncəlidi. Bura ilk dəfə gələndə "kriket" deyilən şeyin nə olduğunu anlamırdım. İdman barədə patriot olmaları çox xoşuma gəlir. Fransada belə deyil. Biz ancaq qələbə qazananda fransız oluruq. İngiltərə bu barədə inanılmazdı. İdman növü fərq etməz, ingilissənsə, hər kəs arxandadı. Qələbə qazanmaq və ya məğlub olmaq - heç bir fərqi yoxdu, insanlar ölkələrini dəstəkləyir. Bunu sevirəm. İngilis olmaları ilə fəxr edirlər. Bəlkə də adadan gəldiyim üçün onları daha yaxşı başa düşürəm. Çünki adalılar mühafizəkar olurlar və həmişə adalarının ən yaxşı olduğunu deyirlər. Valideynlərim Quadalupe və Martinikadandılar. Onlar üçün də eynisi keçərlidi. Bu, tarixlə bağlı məsələdi: kimsə torpağını işğal etmək istəyəndə özünü qorumağa məcbur olursan. Hisslər nəsildən nəsilə keçir. Sol Kempbelllə danışanda bəzən "Avropada" ifadəsini işlədir. Ona deyirəm ki, siz də Avropa sayılırsınız. Ancaq ingilislər sizə hər dəfə özlərinin necə xüsusi olduqlarını isbat edirlər.
 


"Arsenal" tarixinin ən məhsuldar futbolçusu olduğum matçdan sonra özümü qəribə hiss edirdim. Sadəcə bir şeyə görə məyus idim: mən İan Raytın rekordunu Praqada yox, "Hayböri"də qırmaq istəyirdim. Bax, o zaman daha da möhtəşəm olardı. Ancaq əminəm ki, bir gün kimsə o rekordu mənim əlimdən alacaq. Ola bilər ki, bir müddət bunun üçün gözləməli olacağıq. Bir zamanlar hamı Kliff Bastinin rekordunun qırılmayacağını düşünürdü, sonra Rayti bunu bacardı. Dünya belədi. Öz imzanı qoymaq möhtəşəmdi. "Mən burada olmuşam" anlamına gəlir.

Dennis? O, çox xüsusi biridi. Əslində, iki Dennis olduğunu düşünürəm: sizin gördüyünüz Berqkamp onlardan biridi, bir də başqa Dennis var – komanda yoldaşlarının gördüyü. "Buzdan adam" deyirik ona, çünki o gözəl üzü əslində olanı əks etdirmir. Çünki o baxışları ilə, gülüşü ilə bəzən sizi "öldürə" də bilər. Sənə baxanda düşünə bilərsən: "Necə de sevimlidi..." Ancaq sonra o baxışları ilə səni "öldürər".

Onunla oynamaq ona qarşı oynamaqdan yaxşıdı. O, komandada olanda topu nə vaxtsa qəbul edəcəyimi bilirəm. Bu, kifayətdi. Topu sənə ötürməklə səni məmnun etmək istədiyini bilirsən. Futbol budu – kollektiv idman. Təkbaşına sən heçsən. İnsanlar bəzən "Oh, Anri belə, Anri elə" deyirlər. Amma komanda yoldaşlarım olmasa, mən Anri olmazdım. Bu, komanda işinin bəhrəsidi.
 


Dəfələrlə mənə "Hayböri"nin kralı" olmaq barədə suallar ünvanlayıblar. İnandırım sizi, eyni sualı bir o qədər Dennis Berqkampa da veriblər. Bir daha deyirəm: komanda yoldaşlarını məmnun eləməlisən. Onlara ötürmə verməlisən, çünki kiməsə yaxşı ötürmə vermək hədiyyə vermək kimi bir şeydi. Bəzən qarşılığında yaxşı ötürmə almayanda narazı qalırsan.

Futbol komandası ailədi – dəri ilə sümük kimi. Bəzən komanda yoldaşlarınla aranda mübahisə ola bilər, bəzən onlarla küs də ola bilərsən. Çox vaxt da bu mübahisələr axmaq, mənasız şeylər üzərində düşür. Çünki əksəriyyətimizin böyük eqoları var. Ancaq hər şey bitdikdən sonra ortada heç nə qalmır: hər şey unudulur. Dennislə də, digərləri ilə də çoxlu problemlərim olub. Ancaq həmişə əlaqədə qalacağıq. Baş məşqçi ilə də həmçinin. Arsen Arsendi. Onunla olan əlaqələrimi heç vaxt kəsməyəcəm. O, çox gözəl insandı. Bəzən insanlar onu anlamırlar. Məndən məsləhət: sətir aralarına nəzər salın. O bir şeyi deyəndə, əslində, başqa şeyləri nəzərdə tutur.

Ən yaxşı qolum? "Mançester Yunayted"ə - Bartezə vurduğum qolu hamı xatırlayır. "Hayböri"dəki ikinci ilim idi. "Çarlton"a dabanla vurduğum qol var. Sonra öz meydançamızdan hücuma başlayıb, "Tottenhem"ə vurduğum qol da yadımdadı. Ancaq mən "Liverpul"la oyundakı qolu seçərdim. FA kubokunda "Mançester Yunayted"ə uduzmuşduq, sonra həftəiçi Çempionlar Liqasında "Çelsi"yə də məğlub olduq. Ardından "Liverpul"la matçımız var idi, yadımdadı, hesabda 1:2 geri düşmüşdük. Rober Pires hesabı bərabərləşdirdi. Sonra mərkəz yaxınlığında topu qəbul elədim, bir neçə "Liverpul"lu futbolçunu keçdikdən sonra cərimə meydançasına daxil oldum və qol vurdum. O an elə bil stadiondakı hər kəs bunu gözləyirdi. Təkcə mən yox, hamı. Stadionda partlayış effekti yaratmışdı.
 


Məndən eqoist olub-olmadığımı soruşsan, deyərdim: məncə, insanlar bəzən özlərinə gerçəkləri deməkdən qorxurlar, nə istədiklərini deməkdən çəkinirlər. Mən "ən yaxşı" olmaq üçün "Arsenal"a gəlmişdim: özündən razılıq və ya başqa bir şey kimi yozmayın. Hekayəmi yazmaq istəyirdim, imzamı atmaq, formanı əynimə keçirmək… Həmişə demişəm: insanların məni yaxşı futbolçu kimi xatırlamasını istəyirəm. Etdiyim hər şey qələbə qazanmaq üçündü – hətta aldığım vərəqələr belə… İnsanların "Oh, Anri – "Arsenal"ın ikinci ən yaxşısı" demələrini istəmirəm.

Tyerri Anri

Hazırladı: Rüfət Məcid

OXŞAR XƏBƏRLƏR