"Enfild"də nə baş verdiyini anlamadan beş qol buraxa bilərsiniz" - Mikel Arteta ilə birə-bir

"Mançester Siti"də baş məşqçi Pep Quardiolanın köməkçisi kimi çalışan Mikel Artetanın "Marca"ya müsahibəsi: 
 
- Tezliklə baş məşqçi olmaq niyyətindəsiniz, yoxsa daha bir neçə il Pep Quardiolanın köməkçisi kimi çalışmağa davam edəcəksiniz?

- Professional futbolçu karyeramı bitirdiyim gündən bəri növbəti mərhələyə keçid prosesini ən yaxşı formada həll etməyi qarşıma hədəf qoymuşam. Futbolla vidalaşmamışdan üç il əvvəl məşqçilik kurslarına başlamışdım, çünki məşqçi olmaq istədiyimi bilirdim. Karyeramı bitirməyimə 6 ay qalmışdı, Pep zəng etdi və nəticədə keçid prosesi sürətləndi. Üç ildi ki, onunla birlikdəyəm və bu işi sevirəm. Onsuz da, bir gün baş məşqçi olacam. İndilik yoluma Peplə birlikdə "Siti"də davam etmək niyyətindəyəm.
 


- Bir il əvvəl "Arsenal"ı çalışdıra bilərdiniz. "Everton" ehtimalı olub. Başqa təkliflər də var idi. Sizcə, zamanı gəlməyib?

- Olduğum yerə və tədrisimə çox dəyər verirəm. İş həyatımın belə bir mərhələsində doğru insanı, heyəti və klubu tapmışam. Quardiola və mən "Barça"da yetişdiyimiz üçün bir çox mövzuda həmfikirik və düzü, "birinci adam" olmaq üçün tələsmirəm. İrəlidə edəcəyim çox şey var. Hər dəfə irəli doğru daha bir addım atmağı planlaşdırıram.

- Xabi Alonso daha birbaşa yola üstünlük verib. Hazırda "Real Sosyedad"ın B komandasının başındadı. Bu istiqamət haqqında nə düşünürsünüz?

- Hər kəs öz yolunu seçir. Bəzən heç seçim haqqınız olmur, fürsətlər önünüzə çıxır və sizi bir yerdən digərinə aparır. O, "Liverpul"da, mən "Everton"da - biz rəqib idik. Eyni zamanda, demək olar ki, qapı-qonşu olmuşuq. Sonra karyeralarımız fərqli istiqamətlərə haçalandı. Futbolda gedişatı təxmin etmək olmur.

- Peplə birlikdə çalışmaq necə bir şeydi?

- Quardiola ilə birlikdə işləmək hər gün özünə meydan oxumaq deməkdi. Özünə qarşı çox tələbkardı. Ətrafındakılar daim özlərini inkişaf etdirməyə çalışmalı və hər gün daha yaxşı biri olmalıdılar. Bu gün dünəndən daha yaxşı olmalıyıq və bir əvvəlki matçla müqayisədə daha yaxşı oyun nümayiş etdirməliyik - hədəf bundan ibarətdi.
 


- Arada istirahət edir?

- Yox, o, yorulmağın nə olduğunu bilmir. İnsanlar onun dahi olduğunu deyirlər. Elədi, əla zehnə sahibdi, amma onu təsvir etmək məcburiyyətində qalsam, ilk növbədə "yorğunluğun nə olduğunu bilməyən işçi" ifadəsini işlədərdim. Müəyyən məsuliyyəti üzərinə götürmək istəyirsiniz? Problem yoxdu, sizə icazə verəcək və deyəcək: "Əlinizdən gələni əsirgəməyin". Uğuru və uğursuzluğu paylaşmağı bacarır. Əlavə olaraq, o, çox cəsurdu. Qərarlarının təməlində həmişə hücum var. Hücumu sevir.

- Normal iş gününüzü təsvir edə bilərsiniz?

- İlk olaraq səhər 08:30-da bir araya gəlirik. Ayrılanda artıq gecəyarısı olur (gülür). Oyundan əvvəl rəqiblə bağlı qeyri-müəyyən qalan bəzi şeylər olanda axşam yeməyindən sonra yenə görüşürük. Arada olur ki, yeməkdən sonra da həll yolunu tapa bilmirik. Onda gecə 3-də mənə zəng edir. Bu peşə ehtiras tələb edir. Komandada bir neçə problem olur - söhbət təkcə oyunçulardan getmir, işçilər, texniki heyət... Konkret qrafik yoxdu. Axşam 12-də hansısa işi görməliyiksə, problem yoxdu, etməliyik.

- Aranızda tapşırıqları necə bölüşdürürsünüz?

- Situasiyadan asılı olaraq dəyişir. Üç gündən bir oyuna çıxdığımız olur, məsələn, bu il 62 matç keçirmişik. Pep oyun hazırlığına başqa səviyyədə yanaşır. Oyunçunun meydanda nələrlə qarşılaşacağını təxmin etmək və ona həll yollarını təklif etməkdə müstəsna bacarığa sahibdi. Taktiki baxımdan sanki oyunçunun başına GPS yerləşdirir və beləliklə, o, meydanda hara getməli olduğunu bilir. Emosional tərəfdən isə həssaslığı sayəsində enerjisini oyunçusunun ürəyinə yol tapmaq üçün xərcləyir. Məncə, məşqçilər kardioloqlardan fərqlənmirlər: mesajın oyunçulara çatması üçün onların ürəyinə yol tapmaq məcburiyyətindədilər.

- İngiltərədə məşqçilərin məşqə çıxmadıqlarına dair mif var. Pep haqqında da eynisini deyə bilərik?

- Pep həmişə meydandadı. Ancaq oyunçulara taktiki və davranışlarla bağlı informasiya ötürmək istəyəndə mesajın yerinə çata bilməsi üçün arada özünü "yeniləməlidi". Buna görə də oyunçuların monitorinqi işi mənim öhdəliyimdədi. Onun belə şeylərə vaxtı olmur. Rahim Sterlinq meydanda 30 müxtəlif hərəkəti yerinə yetirməlidi və ya onun müəyyən bacarıqlarını inkişaf etdirmək üçün əlavə çalışmalara ehtiyac var? Ok, bu, artıq mənim işimdi. Saatlarla belə məsələlərin üzərində çalışırıq. Pep hər şeyə özünü çatdıra bilməz. Çünki oyunumuzun təməlində bir neçə konsept və prinsip var.
 


- Məşqləriniz necə keçir?

- Pep taktikaya xüsusi önəm verir və müdaxilə etməyi sevir. Heç vaxt ofisində qalmır. Məşqin bütün ağırlığı onun üzərində olmasa belə, çalışır ki, daim meydanda olsun. Növbəti matç və rəqiblə bağlı nələrin üzərində işləməli olduğumuzu əvvəlcədən dəqiq bilirik. Məşqin hər dəqiqəsi qızıla bərabərdi.

- "Saxta 9", içəridə oynayan cinahlar... - "Quardiola futbolu"nun taktiki baxımdan növbəti addımı nə olacaq?

- Pep "Barselona"da və ya "Bavariya"da etdiklərini təkrarlamağa çalışmır. Oyunçuların bacarıqları bir-birindən fərqlənir. "Saxta 9"? Bu, "9 nömrə" kimi oynayan futbolçunuzun profilindən və rəqibdən asılı olaraq dəyişən bir şeydi. Hə, taktiki baxımdan daim yeniliklərə cəhd etməlisiniz - bu, doğrudu. Əks təqdirdə zonalar daralır və rəqib məşqçilər oyununuzu asanlıqla "oxuyur". Hücumumuzu təxmini mümkünsüz formaya salmaq istəyirik və dar zonalarda daha da yaxşı hücum etməyin yollarını axtarırıq. Fasiləsiz şəkildə bu yolla özümüzə meydan oxuyuruq.

- Qaret Beyl oyunçuların artıq robotlaşdıqlarını deyib. Bu fikirlə razısınız?

- O həddə çatdıqlarını düşünmürəm, amma futbol artıq daha professional forma alıb. Günlük rejiminiz yoxdusa, bu işdə məsafə qət edə bilmirsiniz. Yaxşı istirahət etməli, yaxşı qidalanmalı və konkret qrafika sahib olmalısınız. Bir sözlə, hər şeyi ölçüb-biçməlisiniz. Zehni baxımdan doğru yolda olmayan biri əlindən gələnin ən yaxşısı ortaya qoya bilməz. Siz istirahət etmirsiniz, amma rəqibiniz edir və bu sayədə üstünlük onun tərəfinə keçir. Həmçinin bizim topa sahib olma təməlli oyun ideyalarımıza görə, meydandakı futbolçular lazım olan yerdə deyillərsə, bunun əziyyətini bütün komanda çəkir. Doğru yerdə pressinq tətbiq etmirsinizsə, elə bil ki, tərk-silah olmusunuz.

- Peplə aranızda oyuna dair qurduğunuz bağlar varmı?

- Mən tədrisimi topa sahib olma oyununun "fabrik"i - "Barça"da tamamlamışam. Orada məni bu oyun formasının ən yaxşı olduğuna inandırmışdılar. İndi isə mən başqalarını bu mövzuda razı salmağa çalışıram. Bu barədə Quardiola ilə ortaq düşüncələrə sahibik. Hücum baxımından topa sahib olma oyunu qaçınılmazdı. Sonra öndə pressinq, topu itirdikdən sonra dərhal təzyiq etmək, müdafiə xəttini öndə qurmaq və oyunu rəqibin yarımmeydançasında oynamaq kimi şeylər gəlir. Ancaq kiçik fərqlər həmişə oyunçunun xarakterindən asılıdı.
 


- Yeni planlarınız üçün "Atletiko"nun yarımmüdafiəçisi Rodriyə ehtiyacınız var?

- Adlar vacib deyil, ancaq bizim "6 nömrə"miz oyunumuzu anlamalıdı. Bu, həyati önəm daşıyır. Çünki "6 nömrə" hamının effektiv olmasını təmin edən, önündəki futbolçulara sərbəstlik yaradan, rəqibə qarşı say çoxluğunu formalaşdıran və oyunun ritmini nizamlayan oyunçudu.

- Sözügedən mövqedə nə kimi dəyişikliklər olduğunu düşünürsünüz?

- Bütün oyunu təkbaşına idarə edən bir mərkəz oyunçu ilə oynamaq istəyən komandaların sayı çox azdı. "Siti" haqqında danışmıram, amma digər komandalarda bu rol tərif verildiyi kimi deyil. Müdafiə önündə tək bir oyunçunun oynadığı və mənim sevdiyim Jorjinyo və Serxio Buskets tipli fiqurlar getdikcə yoxa çıxır. Rodri? Busketsə bənzəyir. Alonso və ya Xavi kimi, oyunu təkbaşına "oxuyan", mümkün senariləri əvvəlcədən sezən, zehni baxımdan stabil və komandanın meydanın daxilindəki məşqçisi ola biləcək futbolçulardan çox az qalıb.

- Leroy Sane komandada qalacaq?

- Ümid edirəm ki, hə. Onu bəyənirəm. Unikal keyfiyyətlərə sahibdi.

- "Mançester Siti" lokal səviyyədə hər şeyi qazandı. Bununla belə, komanda Çempionlar Liqasında 1/4 finalda dayandı. Bunu necə izah edə bilərsiniz?

- Normal günümüzdə deyildik. Çox səhvlər etdik. Son illərdə Çempionlar Liqasının qalibi olan komandalar zona daraldırlar. Məqsəd sadədi: öz yarımmeydançanda xətaya yol vermə və rəqib yarımmeydançaya tərəf keçəndə effektiv ol. Əks halda qələbə qazanmaq imkansızdı, çünki rəqib sizi cəzalandırır. Bir də görürsünüz ki, iki qol buraxmısınız və mübarizəni dayandırmısınız.

- "Liverpul"un uğurları sizi təəccübləndirdi?

- Yox, çünki ev-səfər formatındakı oyunlarda onları məğlub etmək çox çətindi. Futbolçu illərimdə də atmosfer qarşısında donub qaldığım tək yer "Enfild" idi. "Arsenal"da olanda bənzər hadisələr baş vermişdi və qapımızdan beş qol keçirmişdilər. Onlar üçün adi haldı: hesabı açırlar, sonra ikinci qol gəlir, uçan qırmızı formalar görürsünüz... və bir də ayılırsınız ki, beşini buraxmısınız. Onda öz-özünə deyirsən: "Nə baş verdiyini anlamıram, xahiş edirəm, oyunu dayandırın, çünki harada olduğumu bilmirəm". Tribunalar çox təzyiq edir və nəticədə gərginlik daha da artır. Bunu izah etmək çətindi, sadəcə, əminəm ki, "Enfild"dən başqa heç bir yerdə başıma belə bir şey gəlməyib. "Barça"nın bəzi qolları necə buraxdığı təəccübümə səbəb oldu, ancaq "Enfild"də nə baş verdiyini anlamadan beş qol buraxa bilərsiniz. Nə İspaniyada, nə Yunanıstanda, nə də Almaniyada belə bir şeyin şahidi olmuşam. Hətta "Old Trafford"da da elə atmosfer yoxdu.
 


- Maurisio Poçettino Parisdə sizə "atalıq" etmişdi. Məşqçi kimi etdikləri təəccübünüzə səbəb olur?

- Yox, Mau həmişə lider olub. Parisdə olanda 18 yaşm var idi və iki ay onunla birlikdə oteldə qalmışdım. Mən tək idim, o isə ailəsi ilə birlikdə. Çox qayğıma qalmışdı. Poç çox dərrakəlidi. Hazırda əla komandaya sahibdi. Düşündüklərini reallaşdıra bildi. Həmçinin yaxşı müəllimləri var idi və çox çalışqandı.

- Quardioladan başqa hansı məşqçiləri bəyənirsiniz?

- Poçettinoda bəyəndiyim özəlliklər var. Sarrini və Kloppu da xoşlayıram. Tez uyğunlaşan, uduzmasına baxmayaraq, ideyalarına sadiq qalan, 20 dəqiqə işlər qaydasında getməyəndə onlardan imtina etməyən həmkarlarımı bəyənirəm. Tərzə və fikrə sahib olmaq önəmlidi. Sarri "Çelsi"yə keçəndə demişdim: "Bir həftə keçsə də, indidən Sarrinin oyun tərzini mənimsəyiblər". Üstəlik, daha əvvəl Sarridən tamamilə fərqli tərzə sahib Kontenin rəhbərliyi altında oynamışdılar. Kloppu sevirəm. Yurqen komandalarına atmosfer, gərginlik, xüsusi enerji və bağ aşılayır. Və əlbəttə, həmişə istinad nöqtələrindən olan Yohan Krayfa böyük hörmətim var. Həmçinin Pepə böyük təsiri olan Xuanma Lilyonu da izləyirəm.

- Bəs "El Cholo" - Dieqo Simeone haqqında nə deyə bilərsiniz?

- Komandalarının rəqabətə davamlılığından danışa bilərik. "Barça" və "Real"la müqayisədə daha az resursa malik məşqçi oyunçularını sözügedən iki klubun ulduzlarından daha yaxşı olduqlarına inandıra bilir.

- Zinədin Zidan? Şübhəsiz ki, o da uğurlu məşqçilərdəndi...

- Oyunçularını daha yaxşı olduqlarına inandıran məşqçillər var. Zidan onlardan biridi. "Real" istənilən meydanda daha yaxşı olduğunu bilir. Zizunun oyunçu dövrlərindən qalmış təbiiliyi və rahatlıq verən aurası heyətin inamını artırır. Onun sayəsində hər şey öz axarında gedir.

- Brahim Diasın gedişi "Siti" üçün pis oldu?

- Öz adıma deyə bilərəm ki, pis oldum. Böyük istedada və xarakterə sahib oyunçudu. Futbolu çox sevir və sadəcə onun üçün yaşayır. Bu yaşda belə bir zehniyyətə sahib oyunçuları tapmaq çətindi. Bir də, qarşısına hədəf qoyub. Qolu hiss edə bilir və onun üzərinə gedir. Növbəti iki il ərzində lazım olan şəkildə təkmilləşsə, əsl "bomba"ya çevrilə bilər. Ancaq bu iki il asan olmayacaq, çox şeyi fəda etməlidi.
 


 - Gənc oyunçuları inkişaf etdirmək baxımından mütəxəssissiniz. Bunu Sterlinq, Zinçenko, Sane, Foden və Bernardu Silva nümunələrində görürük. "Real"da Vinisiusla bağlı müəyyən problemlər var. Oyunçuya bir şeyi necə izah edəcəyini bilmək işə yarayır?

- Əlbəttə. Top sağ cinahda olanda sol cinahdakı oyunçu cərimə meydançasının kənardadısa, qol vurmaq mümkünsüzdü. Ancaq o, cərimə meydançasına 10 dəfə daxil olsa, 5 dəfə topa özünü yetirə bilər. Məhz bu 5 dəfə üçün onu hazırlaşdırmalısınız. Zamanlama, hərəkət - bu kimi situasiyaları məşqlə həll etmək mümkündü. Məşq - futbolçuların matçın gedişindəki situasiyalara mümkün qədər hazır olmasının təminatçısıdı.

- Premyer Liqadakı rəqiblərinizdən biri önəmli oyunçusnu itirdi. Söhbət Eden Azardan gedir...

- "Siti" üçün pozitiv, Premyer Liqa üçün isə neqativ haldı. Əlçatmaz istedadlardan biridi.

- Sözügedən silsiləyə başqa kimləri aid edə bilərsiniz?

- Dünyanın ən yaxşı 5-6 futbolçusundan bəhs edirik. Messi, Kriştianu, Mbappe, Neymar və Azarı aid edərdim. Onlar başqa səviyyədədilər.

- Poqba bura daxildimi?

- Komanda kontekstində çox yaxşı oyunçu olduğunu düşünürəm.

- Premyer Liqanın təbiətinin dəyişdiyini deyənlər var. Buna inanırsınız?

- Meydandakı atmosfer dəyişir. İndiki cəmiyyət mənim gənclik illərimdən fərqlənir. İndi gənclərin qarşısında təkcə futbol yox, yüzlərlə alternativ var. Potensial hobbilərin sayı bir deyil, iki deyil. Artıq stadionlarda ailələrə bir o qədər də rast gəlmək olmur. İngiltərə hələ köklərini qorumağa çalışan bir yerdi. Bununla belə, insanlar artıq təkcə öz doğulduqları yerləri dəstəkləmir, nəhəng komandalara üstünlük verirlər.

- Premyer Liqa La Liqadan yaxşıdı, yoxsa bu, sadəcə, bir mifdi?

- İki fantastik və bir-birindən çox fərqli liqadan danışırıq. Premyer Liqa - işləmək baxımından heyranedicidi. Rəqabət səviyyəsi pikdi və burada mübarizə aparmaq çətindi. La Liqanın da belə olacağını təxmin edirəm.
 


- İndi San Sebastyandayıq. Gələcək planlarınızda "Real Sosyedad"ı çalışdırmaq var?

- Həmişə klubla əlaqəm olacaq. Amma indidən gələcəyim haqqında dəqiq bir şey deyə bilmərəm. İndilik gözləntilərimi qarşıladığı üçün olduğum yerdə xoşbəxtəm.

Tərcümə: Rüfət Məcid

Sport7.az

OXŞAR XƏBƏRLƏR