Erik ten Haqın

Erik ten Haqın "sənət əsəri": "Ayaks" (2018-19) / TƏHLİL

1900-cü ilin 18 martında Hollandiya tarixində xüsusi qeyd olunacaq hadisələrdən biri baş verdi: Amsterdamda "Ayaks” futbol klubunun əsası qoyuldu. Klub tarixi ərzində 34 dəfə Erediviziyanı, 19 dəfə Hollandiya kubokunu qazanan "amsterdamlılar” yaxın günlərdə ölkə Superkubokunu - Yohan Krayf kubokunu 9-cu dəfə başları üzərinə qaldırdılar. "Ayaks” təkcə bu uğurlarına görə yox, ötən əsrin ortalarında – İkinci Dünya müharibəsindən sonra holland gəncliyinin inkişafında, Niderland futbolunun yüksəlişində olan əhəmiyyətli roluna görə də ölkənin ən böyük klubu hesab olunur.

Çempionlar Liqasını 4, UEFA Superkubokunu 2, Kuboklar kubokunu və UEFA Kubokunu isə 1 dəfə qazanan komandada Frank Raykard, Marko ban Basten, Dennis Berxkamp, Frank və Ronald de Bur qardaşları, Edvin van der Sar, Klarens Seedorf, Edqar Davids və Patrik Klayvert kimi Hollandiya futboluna iz qoymuş şəxslər çıxış edib. Hal-hazırda klubun əfsanələrindən Mark Overmars "Ayaks"da futbol direktoru, Van der Sar isə icraçı direktor postunu tutur.

21-ci əsrin ikinci onilliyində "Ayaks”da, əsasən, 3 baş məşqçi – Frank de Bur, Piter Boş və Erik ten Haq öz işləri ilə diqqət çəkiblər. 2010-cu ildə baş məşqçi postuna gətirilən De Bur 6 illik fəaliyyətinin ilk ilində Erediviziyanı qazanmağı bacarıb. 2016-cı ildə De Bur istefa verdikdən sonra komanda Piter Boşa həvalə olunur və o, bu postdakı yeganə mövsümündə olduqca gənc olan komandasını Avropa Liqasının finalına çıxara bilir, amma finalda "Mançester Yunayted”ə məğlub olur. 

2018-ci ildə isə Erik ten Haq baş məşqçi təyin olunur. 49 yaşlı mütəxəssis ilk ilində yerli turnirlərdə "trebl” etməklə kifayətlənmir, hətta "Çempionlar Liqası”nda yarımfinala kimi irəliləyib, final şansını son dəqiqələrdə əldən verir. Bugünkü mövzumuz da məhz Erik ten Haqın "müəllif"i olduğu, 2018/19 mövsümünün "Ayaks”ıdı.
 


İdeal heyət və futbolçular


"Ayaks"ın ötən mövsüm ideal heyəti bu formada idi:
 


Ten Haqın qapıdakı əsas seçimi Andre Onana idi. Ayağı ilə kifayət qədər yaxşı oynayan kamerunlu qolkiper qapıçılıq bacarığını da artırsa, gələcəkdə Avropanın top səviyyəli qapıçılarından biri ola bilər.

"Müdafiə dördlüyü"ndə kapitan Mattays de Lixtin rolunun necə əhəmiyyətli olduğunu, yəqin ki, hamınız bilirsiniz. Kifayət qədər gənc və istedadlı müdafiəçi olmağıyla bərabər, De Lixtin çox yaxşı topla oynamaq qabiliyyəti var. Bu da Erik ten Haqın sistemi üçün ən mühüm amillərdən biri idi. Gənc futbolçunun partnyoru Deyli Blindin İngiltərədəki uğursuz karyerasının ardınca "Ayaks"da əsas oyunçulardan biri olduğunu deyə bilərik. Solaxay müdafiəçi yaxşı pas qabiliyyəti və universallığı ilə seçilir.

Ötən mövsüm müdafiənin sol cinahında argentinalı Nikolas Talyafiko Ten Haq üçün əvəzolunmaz idi. Eyni sözləri sağ cinah haqqında deyə bilmərik. Ten Haq bu mövqedə bəzən Veltmanı, bəzən isə Mazrauini sınayırdı. Veltmana nisbətən mərakeşli futbolçu hücumlara daha effektiv qoşulurdu.

Yarımmüdafiədə Frenki de Yonq "Ayaks" üçün "beyin" funksiyasını icra edirdi. Hücumların geridən qurulmasında əsas işi görən gənc hollandiyalının komandadakı rolu barədə yazının növbəti hissəsində söhbət açacam. Mərkəzdəki Lesse Şöne komandanın ən təcrübəli simalarından biri idi. De Yonq kimi, hücumların geridən qurulmasında iştirak edən danimarkalı futbolçu irəli xətdə De Yonqdan daha effektiv olurdu. Digər bir gənc hollandiyalı istedad Donni van de Bek isə, əsasən, irəli xətdəki aktivliyi ilə seçilirdi.

Hücum xəttində üç solaxay futbolçu yer alırdı: braziliyalı gənc istedad David Neres, eynilə Blind kimi, Premyer Liqadan heyətə cəlb olunan Duşan Tadiç və haqqında danışmağımıza ehtiyac olmayan Hakim Ziyeş. Onların hər üçü bu yay komandada qaldı.

Erik ten Haqın ehtiyatında danimarkalı forvard Kasper Dolberq, təcrübəli hücumçu Klas Yan Hüntelar və Deyli Sinkqraven kimi futbolçular var idi.

Taktiki təhlil: Oyunun geridən qurulması


"Ayaks" kimi oyun fəlsəfəsinin təməlində "total futbol" dayanan komandalar üçün oyunu geridən qurmaq, istiqamətləndirmək ən əsas şərtdir. "Amsterdamlılar"ın da bunu reallaşdırmaq üçün kifayət qədər yaxşı oyunçuları var idi. "Ayaks"ın geridən oyuna başlarkən "üçlü" müdafiəyə keçdiyini deyə bilərik:
 



Qapıçı Onana oyuna başlayarkən, ayaqla oynamağı çox yaxşı bacaran De Lixt və Blindin arasına "komandanın beyni" adlandıra biləcəyimiz De Yonq daxil olurdu və "Ayaks"ın hücumlarının istiqamətini müəyyənləşdirirdi:
 



Bəzən Frenki de Yonqun bu vəzifəsini komanda yoldaşı Lesse Şöne icra edirdi:
 


Yuxarıda gördüyümüz şəkillərdə De Yonq müdafiəçilərin arasına daxil olaraq komandanın hücumunu başlatmağa çalışır. Belə vəziyyətlərdə De Lixt və Blind rəqib komandanın pressinqini yarmaq üçün öz mövqelərindən irəli çıxırlar və bununla da De Yonq üçün əlavə pas variantı yaradırlar.

Frenki de Yonq bəzi hallarda müdafiəçilərin arasına yox, kənarlarına da çəkilirdi. Bu fotolarda onu sol cinah müdafiəçisinin mövqeyinə çəkilmiş vəziyyətdə görə bilərik:
 



Burda isə 21 nömrəli futbolçu sağ cinaha meyillənib:
 


De Yonq arxaya çəkiləndə təkcə ötürmə etməklə kifayətlənmir, həm də topla irəliləyərək komandanın hücumuna temp qazandıra bilirdi.

Aşağıdakı fotolarda De Yonq topu sol cinahdan götürərək mərkəzə doğru irəliləyir və komandanın təhlükəli hücumunun əsasını qoyur:
 



Ümumiyyətlə, "Ayaks" kompakt komanda olmağı ilə seçilir. Geridən oyun quruculuğu zamanı futbolçuların necə intizamlı, kompakt şəkildə mövqe aldıqlarını bu şəkillərdə görə bilərsiniz:
 



Futbolçuların intizamlı şəkildə meydana səpələnməsi "Ayaks"ın rəqibin pressinqini yarmağına kifayət qədər kömək edir.

Komandanın hücum variantları


"Ayaks"ın futbol fəlsəfəsinin ən əsas şərtlərindən biri də topu mümkün qədər ayaqda saxlamaq və dominant futbol oynamaqdır. Təsadüfi deyil ki, Münhendə "Bavariya" qarşısında 1 saatın tamamında belə bir statistika ortaya çıxmışdı:
 


"Ayaks"ın hücum xəttində istifadə etmək üçün kifayət qədər müxtəlif variantları var idi.

Hücumlar, əsasən, bir az öncə vurğuladığım kimi, Frenki de Yonqun arxadan verdiyi ötürmələrlə və ya topu irəli aparmağı ilə başlayırdı.
 


İlk olaraq, komandanın ön xətdə ən ciddi silahlarından biri olan Donni van de Bek haqqında danışmaq istərdim. Tez-tez rəqib cərimə meydançasına doğru irəliləyən yarımmüdafiəçi bu vasitə ilə həm rəqib qapısı qarşısında təhlükəli epizodlara girir, həm də rəqib müdafiəçilərin diqqətini yayındıraraq komanda yoldaşları üçün şərait yaradırdı.

Bu fotoda Van de Bekin forvard Duşan Tadiçdən də irəli gedərək rəqib qapısına yaxınlaşdığını görə bilərik:
 


Daha bir foto: VDB boşluğa açılır və rəqib qapıçı ilə üzbəüz qalır.
 


Aşağıdakı şəkildə Donni van de Bekin "Tottenham"a vurduğu qoldan öncəki epizodu görürük. Hakim Ziyeş müdafiənin arasına qaçan Van de Beki görür və topu ona ötürür. Nəticədə holland futbolçu bu fürsəti qaçırmır:
 


Bu qolda isə ən vacib hərəkətlərdən birini sağ cinah müdafiəçisi Coel Veltman edir. Qapı istiqamətində bir neçə addım ataraq rəqibin sol cinah müdafiəçisi Denni Rouzun diqqətini dağıdır və beləcə, Ziyeşin ötürməsinin dəqiq olma ehtimalını daha da artırır:
 



Komandanın hücum xəttindəki digər bir variant mərkəz hücumçusu mövqeyində çıxış edən Duşan Tadiçlə bağlıdı. Belə ki, serbiyalı futbolçu tez-tez cinahlara və yaxud mərkəzə doğru irəliləyərək rəqib cərimə meydançasına istiqamətlənən Neres, Van de Bek və Ziyeş kimi futbolçuları topla təmin etməyə çalışırdı. Gördüyünüz bu fotoda Tadiç geriyə çəkilərək top paylamaq funksiyasını öz üzərinə götürür:
 


Tadiç aşağıdakı epizodda müdafiənin arxasına doğru istiqamətlənən Van de Beki görür və ona ara ötürməsi edir:
 


Bu şəkildə isə verdiyi mükəmməl pasla Ziyeşi qapıçı ilə təkbətək çıxarır:
 



Ziyeşə verdiyi pasın bənzərini "Real"la oyunda təkrarlayan Tadiç David Neresin qolunda məhsuldar ötürmənin müəllifi olmuşdu:
 


"Bavariya" ilə səfər oyununda da yenə arxaya çəkilmiş Tadiç cərimə meydançasına daxil olmuş Mazrauiyə Boatenqin başı üzərindən ötürmə edir. Və müdafiəçi hesabı bərabərləşdirir:
 



Həmçinin "Ayaks" üçün ən vacib məsələlərdən biri mərkəzdə üstünlüyün əldə edilməsi və itirilməməsidir. Buna görə də komanda topa sahib olarkən sağ cinah müdafiəçisi Mazrauinin mərkəzə doğru meyil etməsini, mərkəzdə De Yonq-Şöne-Mazraui "üçlüyü"nün yarandığını demək olar:
 


"Ayaks"ın irəli xətdəki ən böyük "hiylə"lərindən biri hər 2 vinqerin eyni cinaha meyil etməyidir. Bəzi hücumlarda həm Ziyeşi, həm də Neresi eyni - sağ cinahda görmək mümkündür. Belə olan halda, rəqib müdafiənin diqqəti sağ cinaha yönəlirdi və kifayət qədər sürətli olan sol cinah müdafiəçisi Talyafiko üçün boşluq yaranırdı.
 


Burada isə Hakim Ziyeşin etdiyi hava ötürməsindən sonra Nikolas Talyafiko qapıçı ilə üzbəüz qalır:
 


Yenə argentinalının önündə boşluq yaranıb və "Ayaks"ın təhlükəli hücumu baş tutur:
 


Bu şəkildə isə Duşan Tadiçin "Real"a vurduğu qoldan öncəki hücumun gedişatını görürsünüz. Hakim Ziyeş boşluqdakı Talyafikonu görür və ona ötürmə edir:
 


Ardınca Talyafiko topu Van de Bekə ötürür:
 


Bundan sonra cərimə meydançasına doğru qaçan Talyafiko Luka Modriçi özü ilə birlikdə aparır:
 


Neresin də Naçonu öz üzərinə çəkməsi nəticəsində Tadiç nəzarətsiz qalır:
 


Rafael Varanın öhdəsindən gələ bilmədiyi Van de Bek Tadiçə ötürmə edir və serbiyalı futbolçu topu qapıya göndərir:
 


"Ayaks"ın irəli xətt oyunçularının 2018-19 mövsümü üzrə statistikaları belə idi: Duşan Tadiç - 56 oyun, 38 qol, 24 assist, Hakim Ziyeş - 49 oyun, 21 qol, 24 assist, David Neres - 50 oyun, 12 qol, 15 assist, Donni van de Bek - 57 oyun, 17 qol 13 assist.

Rəqib hücuma çıxarkən


Top rəqibdə olarkən belə, "Ayaks" intizamından və kompaktlığından əl çəkmir. Amsterdam klubu qarşı tərəfin oyundakı yaradıcılığını azaltmaq üçün meydanı daraltmağa çalışır:
 


Nəticədə rəqib məcburiyyətdən uzun ötürmələrdən istifadə etməyə çalışır və "Ayaks"ın topu qazanmaq şansı yüksəlir.

"Ayaks"ın pressinq planı rəqibə görə dəyişir. Bu şəkildə "Ayaks"ın meydanın rəqibə aid olan hissəsində 6 nəfərlə pressinq etdiyini görürük:
 


Çox riskli addım olsa da, pressinq bəhrəsini verir və rəqib müdafiəçi ötürmədə səhvə yol verir:
 


Gördüyünüz bu fotolarda da "Ayaks" birə-bir pressinq edir və rəqib uzun ötürmə etməyə məcbur qalır:
 



Komandanın pressinqində əsas məqsədlərdən biri də rəqibin oyunu mərkəzdən qurmağına mane olmaqdır:
 




Əsas hədəflərdən biri isə rəqibin "beyni" adlanan futbolçuları zərəsizləşdirməkdir.

Aşağıdakı fotoda "Bavariya"nın hücumlarının əsasını qoyan Tyaqo Alkantaranın ətrafında 4 "Ayaks" futbolçusunun olduğunu görürük:
 


"Ayaks"ın "Tottenhem"lə səfər oyununda istifadə etdiyi pressinqi faydalılıq baxımından ən yaxşı seçimlərdən biri adlandıra bilərik. Oyuna 3 mərkəz müdafiəçisi ilə çıxan "Spörs"ə qarşı eyni sayda oyunçu ilə pressinq edən "Ayaks" topun geridə Dele Alli və ya Viktor Vanyamaya gəlməsinə şərait yaratmırdı:
 



Aşağıdakı foto isə "Yuventus"la səfər oyunundandır. İtalyanların mərkəzdəki dinamosu olan Matuidi - Pyaniç - Emre Can "trio"su "Ayaks"ın 7 futbolçusu tərəfindən "zərərsizləşdirilib":
 


Nəticədə həmin futbolçular topu qəbul etmək üçün geriyə çəkilməli olurlar və meydanın mərkəzində boşluq yaranır. Bu da, təbii ki, "Ayaks"a topu qazanmaq üçün şərait yaradır:
 


"Real"la oyunda isə Luka Modriçin əhatəsində 6 futbolçunu görürük. Hücumun gedişatında Modriç topu əldə etsə də, təzyiqə görə ciddi fərq yaradacaq addım ata bilmir:
 


"Ayaks" müdafiədə


"Ayaks" müdafiə olunarkən yenə də "meydanı daraltmaq" planından əl çəkmir. Rəqib Amsterdam təmsilçisinin pressinqini yaranda və ya uzun ötürmə ilə topu irəliyə daşıyanda futbolçular topun olduğu zonanı daraltmağa çalışırlar. Nəticədə qarşı tərəfin oyunçuları topu ayaqlarında uzun müddət saxlaya bilmir və tələsik ötürmələr etməyə məcbur qalırlar. Bəzən topa sahib olan oyunçunun ətrafında 3-4 "Ayaks" futbolçusunun olduğunu görə bilmək mümkündür. Bu məsələ həmçinin rəqibin aut atışlarına da aiddir. Gördüyümüz fotoda "Ayaks" yenə də zonanı daraltmağa çalışır:
 


Bu cür oyun tərzi həddindən artıq yorucu olsa da, rəqibin hücumlarının kəsərini ciddi mənada azaldır.

Sistemin mənfi cəhətləri


Qüsursuz sistem yoxdu. İlk olaraq, "Ayaks"ın sistemdən istifadə etmək üçün yaxşı fiziki hazırlıq və gənc oyunçular tələb olunur. Təbii ki, hər fiziki hazırlıqlı və gənc oyunçu da bu sistemə uyğun gəlməyə bilər. Futbolçular oyun ərzində meydanda daim bir-birilərini əvəz edir, sığortalamağa çalışırlar. Oyun ərzində daim mərkəz müdafiəçilərinin yanında gördüyümüz Frenki de Yonq birdən-birə rəqib cərimə meydançasının yaxınlığında peyda ola bilir.
 


Həmçinin oyun ərzində dəfələrlə cinahlara meyil etmiş Tadiçin mövqeyine Neres və ya Ziyeşin çəkildiyini görə bilərik. Tadiç mərkəzə doğru yönələndə isə onu mövqeyində, əsasən, Donni van de Bek əvəz edir.

Bütün bu proseslərin yaxşı formada həyata keçməsində "Ayaks"ın kompakt komanda olmağının rolu böyükdü. Amma bəzi epizodlar var ki, oyunçuların mövqelərini tərk etmələri komanda üçün problem yaradır - Amsterdamda "Yuventus"la oynanılan oyunda olduğu kimi.

Gördüyünüz fotoda Blind mövqeyini tərk edərək mərkəzə yaxın olan zonada Ronaldu ilə mübarizə aparır. Kriştianu isə topu sağ cinahdakı Kanseluya ötürür:
 


Mövqeyini itirən Blindi De Lixt sığortalamağa çalışır və nəticədə onun da mövqeyi boş qalır:
 


Cərimə meydançasına daxil olan Ronaldu isə topu qapıya göndərir:
 


Ümumillikdə, oyun ərzində bu tip mövqelərin tərk edilməsinə görə, "Ayaks"ın əks hücumla üzləşdiyini və topu itirdiyini görə bilərik. Əlavə olaraq, geridən oyun qurarkən bəzi hallarda həddindən artıq çox topla oynanılması da riskli hesab edilə bilər. Bəzən qapıçı Onananın de De Lixt, Blind və De Yonqa qoşularaq pas oyunun bir halqası olması riski daha da artırır.
 


Bununla belə, fikrimcə, sadaladığım detallar sistemin müsbət özəlliklərinə kölgə salmamalıdı.

Bu mövsüm "Ayaks"dan nə gözləyək?


Hələlik "Ayaks" mövsümlərarası fasilədə 3 əsas heyət oyunçusunu itirib. Kapitan Mattays de Lixt 85 milyon avroya "Yuventus"a keçib, Frenki de Yonq isə 75 milyon avroya "Barselona"nın yolunu tutub. 33 yaşlı Lesse Şöne 1,5 milyon avroya İtaliya təmsilçisi "Cenoa"ya transfer olunub. Digər gənc ulduz Donni van de Bekin adı Madrid "Real"ı ilə birlikdə hallanır.

Gedənlərin əvəzində "Ayaks" heyətini Kvinsi Promes, Edson Alvares, Razvan Marin və Lisandro Martines kimi oyunçularla gücləndirib. Promes vinqer, Marin mərkəz yarımmüdafiəçisi, Alvarez və Martines isə mərkəz müdafiəçiləridir.

Bu cür itkilərə və yenilənməyə rəğmən ,"Ayaks" mövsümə kubokla başladı. Komanda Hollandiya Superkuboku uğrunda oynanılan matçda PSV-ni məğlub edərək mükafata sahib çıxdı. Təbii ki, "Ayaks"dan ötən ilki uğurları tələb etmək/gözləmək doğru olmaz. Bununla belə, Erik ten Haqın "sənət əsəri"nin bizi təəccübləndirməyə çalışacağını düşünürəm. Fikrimcə, Hollandiyada hər iki daxili turniri qazanmaq və Çempionlar Liqasında qrupdan çıxmaq komanda üçün yetərli olar. Bunlardan hansısa biri baş tutmasa belə, Ten Haqı və komandasını qınamaq olmaz.



OXŞAR XƏBƏRLƏR