"Kamran Quliyev bəlkə də azarkeşləri güllələyərdi" - MÜSAHİBƏ

Azərbaycanın tanınmış menecerlərindən olan Erkin İbrahimov "Neftçi"də baş verənlərlə bağlı danışıb.

O Sport7.az-a müsahibəsində həm hazırkı duruma toxunub, həm də çıxış yollarından danışıb.

- Erkin bəy, baş verənlərlə bağlı fikirləriniz necədi? Kim haqlıdı və ya haqsızdı?

- İstənilən halda azarkeş haqlıdı. Azarkeş olmasa, futbol da olmaz. Düzdü bizdə futbol sənayesi o qədər də inkişaf etməyib. Amma məsələn, İngiltərədə qiyməti milyardlarla ölçülən müqavilələr var ki, bunun da fakiki təminatı azarkeşdi. Azarkeş olmasa futbolçular o pulları almaz. Bizdə bir qədər əcaib sistemdi. Yenə də hər şeyin əsasında azarkeş marağı olmalıdı. Futbolçunu futbolçu edən azarkeşdi. Qısası, bu qəbulolunmazdı. Bu klubu idarə edənlərdən asılı olan məsələdi. "Neftçi" "Sumqayıt" deyil. Təbii ki, "Sumqayıt"da da hansısa proseslər baş verir. Ancaq burda daha həssas olmaq lazımdı. Əvvəlcə komandanın baş məşqçisi, daha sonra vitse-kapitanı azarkeşlərə nəsə deyir. Klub rəhbərliyi vaxtında Bordinə, Petrova lazımi reaksiyanı göstərsəydi, Dabo da qələt edib, bu cür paylaşıma yol verməzdi. Məsuliyyət sırf klubu idarə edənlərin üzərinə düşür. Bordinlə Petrovun etdikləri bir ayıb, Dabonun yol verdiyi hərəkət isə artıq biabırçılıqdı. Əvvəlcə klubun azarkeşləri, daha sonra fanatların ən aktiv səhifəsi təhqir olundu. Buna sadəcə söz tapa bilmirəm.

- Görünür, o qədər də ciddi uğura nail olmayan "Neftçi"nin baş məşqçisindən tutmuş, bəzi futbolçuları çox özündənrazılıq edir. Sizcə bu yekəxanalıq hardan gəlir?

- Ondan gəlir ki, "Arsenal"la oyundan sonra "Neftçi" çox tərifləndi. İstər Bordin, istər futbolçular olsun. Düzdü, "Arsenal"ı keçmək "Neftçi" üçün böyük uğurdu. Amma bu çox şişirdildi. Yazılanlar istər-istəməz Bordinə çatdırılır. Bir tərəfdən eyforiyaya qapıldılar. Digər tərəfdən, deyərdim ki, futbolçular hələ hansı klubda oynadıqlarını dərk etməyiblər. Ola bilsin, məsələn, Dabo "Qəbələ"də bundan əvvəl hansısa hərəkətlərə yol verib. Belə hallarla rastlaşırıq. Yadımdadı, o vaxt Roman Qriqorçuk "Qəbələ" azarkeşlərinə çox pis sözlər demişdi. Sonradan üzr istədi. Yaxud bu yaxınlarda "Qarabağ"ın futbolçusu Miçel, daha əvvəl isə Qara Qarayev oxşar ritorikaya yol verdilər. Bu sırf "Neftçi" ilə bağlı deyil. Sadəcə, doğurdan da "Neftçi"nin fəal azarkeşləri çoxdu. Heç bir klubda "Neftçi" Fan Page" kimi "feysbuk" səhifəsi də yoxdu ki, bəyənmələr, şərhlər yazılsın, aktivlik izlənilsin. Yəni belə şeylər başqa klublarda keçsə də, "Neftçi"də keçməz. Çünki bir qədər ağır klubdu. Doğurdan da xalq komandasıdı. İstər Çingiz Abdullayev, istər Kamran Quliyev hər açıqlamasında "Neftçi"nin xalq komandası olduğunu deyir. Xalq komandası xalqa yaxın olmalıdı. Tənqid edirlərsə bu cür reaksiyalar göstərmək olmaz. Sizə deyim ki, xaricdə, məsələn, PSJ kimi bir adam tərəfindən maliyyələşən, yaxud dövlət klubları heç öz azarkeşlərinə belə reaksiya vermir. Hələ yaxşı ki, Kamran Quliyev öz cibinin pulu ilə klub saxlamır. Yoxsa, bəlkə də azarkeşləri güllələyərdi və deyərdi ki, "öz pulumla komanda saxlayıram, yaxşı edirəm". Amma belə deyil. Kamran Quliyev prezident olsa da, SOCAR-dan, yəni dövlətdən maaş alır. Hətta, mən deyərdim ki, Bordinin, Petrovun, Dabonun açıqlamaları SOCAR-ım imicinə zərbədi. Bunları da fikirləşmək lazımdı. Ümumiyyətlə hamıya aiddi, nəsə danışanda, "feysbuk"da post paylaşanda bir qədər düşünmək lazımdı. Ələxsus da söhbət "Neftçi"dən gedirsə. Bordinlə Petrov yəqin ki, emosional olub. Dabo isə soyuq başla o hərəkətə yol verib. Belə insan isə klubda qalmamalıdı. Təbii ki, rəhbərliyin qüruru varsa.

- Bu futbolçuların saxlanılması "Neftçi" ilə azarkeşlərinin münasibətinə nə dərəcədə təsir edər? Baxmayaraq ki, məsələnin mənəvi olmaqdan əlavə, peşəkar tərəfləri də var...

- Transfer pəncərəsinin bağlanmasına hələ vaxt var. Dabo da özünü elə aparır ki, sanki klubda qalmaq istəmir. Məncə, o biclik edir. Yəqin ki, özünə yeni klub tapıb, hər şey edir ki, qovulsun və "Neftçi"dən təzminat alsın. Klub futbolçu müəyyən ay ərzində göndərə, transferə çıxara bilər. Belədə onun haqqı yeyilməz, çünki hələ 10 gün var və yaxşı futbolçu üçün bu, kifayət qədər normal vaxtdı. Baxın, "Qəbələ"də Monrozun olayı vardı. Belə hallarda klub futbolçunun vəkili kimi çıxış edir. Dabo bu cür tərbiyəsizlik edirsə, sabah Monroz da "Neftçi"də hansısa olay çıxara bilər. Yaxud, Dario "Neftçi"dən gedir və telefonunu söndürür. İki gündən sonra Koreyadan mesaj yazır ki, "burdayam, məni buraxın". Üstəlik klub rəhbərliyi haqda xoş olmayan sözlər deməsinə baxmayaraq, geri qaytarılır. Klubun da qüruru, prinsipləri olmalıdı. Bir çıxış yolu var - Dabo getməlidi. Yoxsa sabah digər legionerlər, yaxud, yerli gənc futbolçular da oxşar hərəkətlərə yol verə bilər. Məncə, birdəfəlik göstərməlidilər ki, bu klubun rəhbərliyi var, sərt addımlar ata bilər. Heç bir futbolçunun hüququ da klubunkundan üstün ola bilməz. 

- Azarkeşlər çılğıncasına rəhbərliyi "istefa"ya səsləyir. Sizcə bu cür addım atılmalıdımı?

- Rəhbərliyi "istefa"ya səsləmək bir qədər ağırdı. Bir tərəfdən ikinci yer var. Avrokuboklarda da çoxdandı mərhələ keçməmişdilər. Nə də olsa "Arsenal" bu gün UEFA-nın reytinqində 6-cı yerdə gedən Rusiya Premyer Liqasının üzvüdü. "İstefa" məncə, çox radikal qərardı. Tutalım ki, rəhbərlik və Bordin getdi. Yeni gələnlər deyəcək ki, "bunlar mənim futbolçularım, komandam deyil". Kamran Quliyev də iddialı açıqlamalar verir ki, "Neftçi" çempionluğa oynamalıdı və oynayacaq". Mən də azarkeşləri bir qədər anlamadım ki, niyə oyunun elə 1-ci dəqiqəsindən rəhbərliyi, məşqçiləri istefaya səsləyirlər. Bordinə və Petrova bu mənada haqq qazandırıram ki, emosional olublar. Futbolda belə hallar yaşanır. Məncə, buna ehtiyac yoxdu. Ancaq durum belə davam etsə, digər fubolçular da özlərini pis aparsa, yaxud xaos olsa və vəziyyət nəzarət altından çıxsa o zaman düşünmək olar. İndi "Neftçi"də durum çox pisdi, amma kritik deyil. 

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR