Əsgər harayı - YAZI

Əsgər harayı - YAZI
2013-cü ildə Bakı daha bir mötəbər yarışa ev sahibliyi etmişdi. Sizin də yadınızda olar. Paytaxtımızda Hərbiçilər arasında Futbol üzrə Dünya Kuboku keçirilirdi. Bəli, adı xeyli gurultulu səslənən bu turnirdə bizim ölkəmizdə təmsil olunurdu.
 
Nazim Süleymanovun baş məşqçisi olduğu komandamız bütün çətinliklərə rəğmnən qrup mərhələsini əla keçirmişdi. Yarımfinalda uğursuzluqla üzləşən millimiz 3-cü yer uğrunda görüşdə də uduzdu. Didye Droqbanın həmyerliləri bizimkiləri minimal fərqlə üstələdilər və bürünc medala yiyələndilər. Süleymanovlu komandamız isə 4-cü yerlə kifayətləndi. Komandanın çox qısa müddətdə formalaşmasını, hazırlıq üçün elə də yaxşı şəraitin yaradılmasını nəzərə alanda pis nəticə deyildi. Bunu mövcud reallıqları bilən, futbolçuların və məşqçilər korpusunun fədakarlığını görənlər nəticələri qiymətləndirirdi.
 
Üstündən beş il keçəndən sonra mən həmin turniri və komandamızın orda qazandığı nəticəni yenidən xatırlamalı oldum. Çünki 2013-cü ildəki yarışdan sonra ölkəmizdə hərbiçilərdən ibarət komandaya, əsgər futboluna diqqətin artacağına ümid edirdim. Fikirləşirdim ki, bu dünya kuboku və orda qazandığımız nəticələr Müdafiə Nazirliyi üçün əlavə stimula çevrilər. Bundan ötrü elə də böyük işlərin görülməsinə də ehtiyac yox idi. MOİK-in ənənələrini bərpa etmək, ordu stadionunda illərdi sürən təmiri yekunlaşdırıb, komandanı doğma meydanına qaytarmaq özü böyük addım olardı. Yaxşı yadımdadı, 90-cı illərin sonlarında MOİK ölkə çempionatının elitasında daimi iştirakçılardan sayılırdı. Özü də o qədər də asan təslim olan rəqiblərdən deyildi. Adlı-sanlı komandalarla başa-baş mübarizə aparır, tez-tez sürpriz nəticələrə imza atırdı. Gediş-gəliş üçün əlverilşli məlanda yerləşən stadionun tribunaları da dolu olurdu. Əsgərlərin öz komandalarını hərbi orkestrin müşayəti ilə dəstəkləməsi də rəngli görüntülər yaradır, xeyli maraqlı alınırdı. İndi hanı o günlər?
 
MOİK xeyli vaxtdı ki, elitanı tərk edib, birinci divizionda gün keçirir. Zaman-zaman komandanın dirçələcəyini, bu barədə Müdafiə Nazirinin şəxsən göstəriş verdiyini eşidirik. Nazirlər dəyişir, amma futbola olan münasibət dəyişmir. Ötən müddət ərzində orduya dövlət qayğısı da xeyli artıb. Azərbaycanda müasir standartlara cavab verən xeyli sayda hərbi hissələr inşa olunub, əsgərlərimizin təhcizatı nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Bütün bunlar alqışlanmalıdı. Necə deyərlər, istəməyənin gözü çıxsın. Bütün bunların fonunda ordu stadionunun təmirinin bitmək bilməməsi, 25-30 nəfərdən ibarət futbol komandasına yetərincə qayğı göstərilməməsi, büdcənin artırılmaması təəssüf doğurur. Səbəbi isə laqeydlik, futbola barmaqarası baxılmasıdı.
 
Halbuki, MOİK-ə diqqəti artırmaqla, birbalaca xərcə düşməklə Müdafiə Nazirliyi həm ölkə futboluna xidmət etmiş olar, həm də ordumuzun ictimaiyyət arasındakı nüfusu güclənər. Futbolun təbliğat vasitəsi kimi necə əhəmiyyətli olmasını hamımıza məlumdu. MOİK-in güclənməsi sayəsində yeniyetmə və gənc futbolçuların orduya cəlb edilməsi, əsgərlikdən yayınma hallarının qarşısının alınması da mümkün olar. Rəsmən açıqlanmasa da, biz bilirik ki, əsgər yaşı çatan futbolçuların orduya getməməsi üçün ya klublar, ya da onların valideynləri xərcə düşür, müxtəlif gizli vasitələrə əl atılır. MOİK güclənsə, futbolçular üçün yaxşı şərait yaradılsa, heç buna ehtiyac da qalmaz. Əsgər yaşına çatan perespektivli futbolçular peşəkar klubda çıxış edər, futbol oynayar. Eyni zamanda da vətən qarşısında borclarını ödəyərlər. Elə digər həmyaşıdları və maddi vəziyyəti digər üsullardan yararlanmağa imkan verməyən digər futbolçular kimi. 
 
Biz onu da yaxşı bilirik ki, xeyli sayda gənc futbolçu sırf hərbi xidmət üzündən sevdikləri top oyunundan uzaqlaşmalı olur. Çünki onlar İdman Akademiyasına daxil ola bilmirlər. Çoxlarının istifadə etdiyi üsuldan yararlanmaq üçünsə tələb olunan qədər pulları olmur. 18 aylıq xidmətə yollanan futbolçu orda topdan, müntəzəm məşqlərdən uzaq düşür. Belədə həmin futbolçunun karyerası bitir. İl yarımdan sonra yenidən əvvəlki formanı bərpa etmək, peşəkar futbola qayıtmaq elə də asan iş deyil. Hətta mümkünsüzdü.
 
Bütün bunlar barədə yazmağa birinci divizonda yarışan MOİK-in nəticələrini görəndən sonra qərar verdim. Azər Bağırovun çalışdırdığı kollektiv 6 turdan sonra turnir cədvəlinin şəriksiz lideridi. "Hərbiçilər” mövsümün əvvəlindən bəri məğlubiyyət üzü görməyiblər. Futbol ənənələri ilə, uşaq komandaları ilə öyünən "Neftçi”nin əvəzedici komandası, ölkə futbolununn lideri "Qarabağ” MOİK-ə aşağıdan yuxarı baxır. Mövsümə əla başlayan "Sumqayıt-2” də Azər Bağırovun komandasına müqavimət göstərə bilmədi. Deməli, gənc çalışdırıcının və onun formalaşdırdığı kollektivin perespektivi var. Yetər ki, Müdafiə Nazirliyi, şəxsən cənab Zakir Həsənov da bu perespektivi görsün, MOİK-in böyük uğurlarının təməli elə bu gündən qoyulsun. Bundan heç kim itirməyəcək, hamımız qazanacağıq.
 
Əsgərlərin harayını eşidin, bu komandanın perespektivini qiymətləndirin, cənablar.
 
Mənbə: "Futbol+” qəzeti, Amal Abuşov
 

Xəbər lenti