Everestdən sonra / Pep Quardiola - 49

Everestdən sonra / Pep Quardiola - 49

"Harri Kasparov ona yaxınlaşan Rona Petrosyana (1963 və 1969-cu illərin şahmat üzrə dünya çempionu Tiqran Petrosyanın həyat yoldaşı) tərəf baxırdı. 1985-ci ilin 9 noyabrı idi. Uzun müddət davam edən mübarizənin sonunda Kasparov seriyanın 24-cü oyununda Karpovu məğlub edərək 22 yaşında dünya çempionu adını qazanmışdı. O, Sovet hökumətini qarşısına almış və sonda qələbə çalan tərəf olmuşdu. Yeni dünya çempionu Çaykovski adına konsert sarayına toplaşan dəstəkçilərinin təbrikini qəbul edirdi. Elə bu dəm Petrosyan onun qulağına pıçıldadı: "Sənin adına çox üzgünəm. Həyatının ən böyük günü artıq geridə qalmaq üzrədi".

Pepin həyatında tez-tez Harri Kasparov isminə rast gəlmək mümkündü. Bu iki şəxs Nyu-Yorkda yemək masası arxasında bir araya gəlmişdi və Quardiola insanların bəzi şeyləri "imkansız" adlandırma tendensiyası ilə üzləşəndə tez-tez Kasparovun 2012-ci ildəki fikirlərinə istinad edirdi. Həmin söhbətin üzərindən iki il keçmişdi, indi isə Quardiola özü Zebenerştrassedə köməkçisi Domenek Torrenlə eyni mövzu haqqında müzakirə aparırdı. Domenek: "Unut getsin, Pep. Bu, imkansızdı. Heç vaxt "Barselona" kimi oynayan bir komandan olmayacaq".

Quardiola inad edirdi: "Səhvsən, Dom. Təbii ki, bu, mümkündü. Ola bilər, həmin oyunu birə-bir başqa bir yerdə tətbiq edə bilməyəcəyik, ancaq inan mənə, eyni formada hökmranlıq etmək bacarığına sahibik. Sənə söz verirəm, yenə bacaracağıq. Bu, mümkündü".
 


Onlar 2009-cu ildə "Barça"ya 6 titul qazandıran (hələ də bənzəri təkrarlanmayıb) və 4 ilin toplamında klub muzeyinə 14 titul əlavə olunması ilə nəticələnən oyun modeli haqda fikirlərini bölüşürdülər. Titullar və rekord göstəricilər müzakirə mövzusu belə deyildi, onları həmin oyun tərzinin rüşeymləri və "Barça"da nail olduqları oyun hökmranlığı maraqlandırırdı. Hər ikisi başqa bir "Barça" ortaya çıxarmağın reallıq daxilində olmadığını bilirdi, sadəcə, Pep dominantlıq mövzusunda özündən əmin görünürdü.

Quardiolaya görə, oyun modelinə sadiq qalaraq arzusunda olduğun nəticələri qazanmalısan: "Qazandığımız uğurlar və titullar oyun tərzimiz nəticəsində ortaya çıxmalıdı".

Yəni önəmli olan prosesdi, onun davamında nəticələr özü gələcək. Əlbəttə, bəzən işlər planlara uyğun getmir, əla keçirdiyin oyundan məğlub ayrılırsan, amma ümumilikdə götürsək, oynanılan futbolun səviyyəsi qazanılan uğurlarla düz mütənasibdi. Təbii ki, ancaq uzun müddət ən üst səviyyədə oynamağa davam edən klublar dünya futbolunda dominantlıq edən həmin "Barça" ilə müqayisə olunmaq haqqı qazanacaqlar. Zirvəyə yüksəldikdən sonra isə fəth ediləcək yüksəklik qalmır.

Manuel Estiarte həmfikirdi: "Trebl" ifadəsi Quardiola üçün əlavə yük olacaq. İnsanlar həmişə onun karyerasının əvvəllərində qazandığı heyranedici zəfərləri xatırlayacaqlar, ancaq bu tip şeylər əlavə təzyiq deməkdi. Bir tərəfdən də bu, hamının arzusunda olduğu təzyiqdi. Onun nail olduqlarını kim təkrarlamaq istəməz ki?"
 


"Yüksəklikdə olmadığın müddətcə enişə keçmək ehtimalın yoxdu" - bu monqol məsəli Quardiolanın situasiyasını əla şəkildə izah edir. Edmund Hillari Everesti fəth etdikdən sonra nə hiss edirdi? Dünyada daha hündür dağ yoxdu, ancaq o, digər zirvələrə yönəldi və hündürlüyü 8 min m.-in üzərində olan daha 10 yüksəkliyi fəth etdi. Pep də eyni yanaşma ilə yoluna davam edir:

"Mürəkkəb situasiyadı. Bir tərəfdən, "Barselona"da etdiklərimin eynisini təkrarlamağım ağlabatan deyil. Digər tərəfdən isə ciddi şəkildə cəhd etmək niyyətindəyəm və həqiqətən də, inanıram ki, başqa bir komanda ilə də müstəsna futbol nümayiş etdirmək mümkündü".

Və o Münhendə bunu etdi. "Barselona" (qatıldıqları turnirlərin 73%-də) ilə müqayisədə, burada daha az titul (50%) qazanmasına baxmayaraq, o, komandanı oyuna hökmranlıq edən, "Mançester Siti", "Roma", "Arsenal", "Yuventus", "Atletiko" kimi klublara qarşı unudulmaz performanslar ortaya qoyan qələbə maşınına çevirdi. Şəklin tamamına baxsaq, Münhen klubu yüksək səviyyəli, innovativ və qalib ruhlu futbol nümayiş etdirdi. Sadəcə, Pepin "Bavariya"sı davamlılıq baxımından "Barselona"ya uduzdu. Məhz Almaniyadakı təcrübənin birbaşa təsiri sayəsində Quardiola zəhlətökən şübhələri geridə qoyaraq yeni nailiyyətlərə fokuslanmaqda qərarlıdı. O, artıq zirvəyə yüksəldikdən sonra fəth ediləcək başqa bir şeyin qalmadığını başa düşür və zəfərli günlərinin geridə qaldığını qəbul edir. Ancaq o, sadəcə, cəhd etmək istəyir. Və Quardiola, həqiqətən də, istəklərinin ehtimal daxilində olduğuna inanır:

"Məsələ qazanılan titullar deyil. Önəmli olan insanlara hiss etdirdiklərindi. İnsanlar "Barça" haqqında danışanda titulları saymırlar, onlar bizim oyun tərzimizi xatırlayırlar. Emosiyalar, ehtiras... - bir də deyirəm, əsas insanlara hiss etdirdiklərindi".

***

Hər komanda məşqçisinin şəxsiyyətini və ruh halını özündə əks etdirir. Pep bu fikirlə razıdı:

"Əlbəttə, elədi. Əhvalım yaxşı olmayanda məşq də yaxşı keçmir. Özümü yaxşı hiss edəndə oyunçulara motivasiya aşılaya bilirəm, səhvlərini düzəltməkdə yardımçı oluram, hətta ehtiyacları olanda əlavə məsləhətlər də verirəm. Sonra bu, onların performansında öz əksini tapır. Baş verəcəklərdən asılı olmayaraq, əhvalımın düşməsinə imkan verməmək - bu il qarşıma qoyduğum böyük məqsədlərdən biri də budu. Bilirsən, son bir neçə ildi ki, mövsümün bitməsinə uzun müddət qalmış yerli liqada çempion olmağın yaxşı bir şey olmadığını düşünürəm. Çünki belə olan halda, intensivliyimi qorumaq çətinləşir və bu, komandaya da yansıyır. Titulu artıq qazandığımız üçün ayağımı pedaldan çəkdiyimi düşünürlər. Elit səviyyədə konsentrasiyan 99%-ə düşəndə belə, zərər görürsən. Xırda detalları qaçırmağa başlayırsan və sonda bunun bədəlini ödəyirsən. Heç vaxt rahatlaşmamalısan - bu qədər. Maksimum zəhmət tələb olunur".

2015-ci ilin 15 avqustu idi, Quardiolanın "Bavariya"dakı sonuncu mövsümü yeni başlamışdı. Komanda bir gün öncə Bundesliqanın ilk turunda "Hamburq"u 5:0 hesabı ilə məğlub etmişdi. Quardiolanın ifadəsi ilə: "Nəhayət ki, mövsümə yaxşı performansla start verə bildik". Münhendə dözülməz isti var idi. Kölgəliklər olmasa, canlı-canlı istidən bişmək olardı.

Quardiola: "Rafa, o əlindəki nədi elə?"

Rafinya soyunub-geyinmə otağından əlində dondurma ilə çıxdı. İlk əvvəl Quardiolanın zarafat etdiyini düşünsə də, sonra məşqçinin gülmədiyini görəndə vəziyyətin ciddi olduğunu anladı. Quardiola qaldığı yerdən davam edirdi: "Rafa, bilirsən ki, xırda detalları belə gözdən qaçırda bilmərik. Dondurma da olsa, önəm kəsb edir. Əlbəttə, azacıq yeyə bilərsən, ancaq qram da olsa, çəkində artım olmasını istəmirəm. O qədər imtiyazımız yoxdu".

Rafinya dərhal soyunub-geyinmə otağına qayıtdı və dondurmanı zibil qutusuna atdı. Quardiola qərarlı idi, bu il heç kimə güzəşt olmayacaqdı: "Görürsən, mən rahatlaşanda komanda da boşalır".
 


O, uzun müddət zirvədə qalmağın rəqabət ruhunun düşməsinə izin verməmək anlamına gəldiyini başa düşürdü. Qısamüddətli belə olsa, "tənəffüs"ə yer yoxdu, çünki bu, problemləri bərabərində gətirir:

"Eyni komanda ilə üç il birlikdə işləmək çox ağırdı, çox - təbii ki, hər il radikal dəyişikliklər olmadığı müddətcə. Oyunçular, məşqçi… - komandadakı hər kəsi maksimumlarını vermələri üçün məcbur edirik. Bu, qaçılmazdı, hamımız 100%-imizi ortaya qoyuruq. Çünki ancaq hər şeyimizi verəcəyimiz təqdirdə bu layihə uğurlu ola bilər".

Pepin sehrli formulu budu: 100%-ini ortaya qoy və heç vaxt rahatlaşma.

"Bavariya"nın soyunub-geyinmə otağının yanındakı otaqda söhbət edirdik. Müəyyən zaman sonra, elit səviyyədə mübarizə aparmağın tələbləri və atletlərin komfort zonalarından uzaqlaşmaları mövzusunda danışmağa başladıq. Manuel Estiarte bizi Draqan Matutinoviçin (1991-1992-ci illərdə Estiarte və komanda yoldaşlarına Olimpiada, dünya və Avropa kuboklarında gümüş medal qazandıran xorvat su polo məşqçisi) ağır rejimi haqqında səs-küyə səbəb olan hekayələrdən danışaraq əyləndirirdi. Quardiola isə Keyti Ledekinin (5 Olimpiada qızılı, 14 dünya çempionluğu olan amerikalı üzgüçü) adını xüsusi vurğuladı:

"Bir neçə gün əvvəl Keyti Ledekinin məşq etmək üçün özündə necə enerji tapdığı və motivasiya metodları haqqında müsahibəsini oxuyurdum. Hər gün saat 04:45-də üzdüyünü deyir. Təsəvvür edin: 04:45! Müsahibədə qeyd olunmuşdu: "Hovuza tullananda özümə deyirəm: "Sən dünyada üzgüçülüyü belə önəmsəyib, hər səhər bu saatda hovuza tullanan yeganə insansan". Bu sayədə hər gün qaldığım yerdən davam etməyə özümdə güc tapıram".

Atletika üzrə çempion Loles Vives idmançıların özlərini motivasiya mənbəyi kimi görməsinin vacibliyini qeyd etməklə yanaşı, məşqçilərin motivatorluq bacarıqlarının yüksək səviyyədə olmasını da önəmli xüsusiyyət hesab edir. Ancaq bir insan necə uzun müddət bu qədər enerji sərf edə bilər?

Pep də tərəddüd edir:

"Bu, milyon dollarlıq sualdı. Uğurun açarı elə burdadı. Və düzünü deyim, mən də cavabı bilmirəm. Haqqımda heç nə bilməyən yazarlar mənim sehrli formulumdan filan bəhs edirlər. Hansı ki, onların bəhs etdikləri şey məndə heç mövcud deyil. Düşündükləri kimi, hər səhər məşqdə barmaqlarımı bir-birinə vurduqda həll yolları ortaya çıxmır. Bu, tamamilə cəfəngiyyatdı. Bütün sualların cavablarını bilmirəm. Tək bildiyim şey var: rahatlaşa bilmərik.

Biz də insanıq, hamı kimi, bizə motivasiya verən daxili impulslarımız var. Keyti Ledeki üçün keçərli olan şey hər gün o saatlarda hovuzda inadla çalışan tək insan olmasına inanmasıdı. Ancaq bir gün hər şey dəyişə bilər. Məsələn, kiməsə aşiq olar və hovuzdakı 04:45 seansları ona cəzbedici gəlməz. Sonra rejimini dəyişər və saat 06:00-da məşqə başlayar. Təbii ki, səhər 6 da erkən sayılır, ancaq fərq yaradan şey aradakı 75 dəqiqədi. O zaman aralığından asılı olaraq, hovuzdakı nəticəsini yaxşılaşdıra və ya pisləşdirə bilər. Demək istəyirəm ki, daim yüksək formada olmağınızı təmin edəcək sehrli formul yoxdu. Sadəcə, əlinizdən gəldiyi qədər çalışmağa davam etməlisiniz.

İnsanlar məni tənqid edəndə, həqiqətən də, narahat oluram, ancaq eyni zamanda, bunun xeyrimə olduğunu başa düşürəm, çünki məni ayaq üstdə saxlayan şey budu. Ona görə də, məni tənqid edən jurnalistlərə və futbol mütəxəssislərinə minnətdaram. Maykl Cordan deyirdi ki, düşmənin yoxdusa, problem var, çalış bir-ikisini tap. Haqlı idi. İdmanda daim gərgin olmalısan. Doymaq, əlindəkilərlə kifayətlənmək məhvedici ola bilər. Boşdayanma və rahatlaşma yox, yalnız daimi hərəkət və təşviş sayəsində balansı qorumaq mümkündü. Buna görə də, rahatlıqdan qaçmaq lazımdı. Buna görə də, məşqçilər oyunçularını daim təşviq etməli, çox rahatlaşmalarına mane olmalıdılar".

"Heç vaxt rahatlaşmayın" - yəqin ki, Quardiolanın Münhendəki sevimli və ən tez-tez işlətdiyi ifadə elə bu idi…"
 
Qeyd: Pep Quardiola bu gün 49-cu doğum gününü qeyd edir.

Mətn Marti Perarnaunun "The Evolution" kitabından götürülüb.

Tərcümə və tərtibat: Rüfət Məcid

Sport7.az

OXŞAR XƏBƏRLƏR