"Çexiyalı hakimlər bizimlə yola getmir" - Qurban Qurbanov

UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Vilyareal"la qarşılaşan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Türk qardaşlarımızı Cümhuriyyət bayramı münasibətiylə təbrik edirəm. Daha möhkəm olmağı arzulayıram. Çox təcrübəli, texnikalı rəqibə qarşı oynadıq. Futbolçularıma təşəkkür edirəm. Sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. Buna görə razı qaldım. La Liqa ilə Azərbaycan çempionatı arasında böyük fərq var. Ustalıq səviyyəsi özünü göstərdi. Hər bir belə oyun bizim üçün bir təcrübədi. Rahil də, Abbas da əllərindən gələni etdilər. 2-ci hissədə bir qədər yorulduq. Oyunçu çatışmazlığı da var.

Azarkeşsiz olsaq da, onların varlığını hiss edirdim. Futbolçularıma da bu ruh verdi. Sanki doğma evimizdə oynayırdıq. Yaradılan şərait ürəyimcə oldu. Məyus oldum ki, nəticə ürəkaçan olmadı.
 
Mən istəyirəm ki, futbolçularım hamısı sağlam olsun. 5 futbolçu dəyişikliyi imkan verir ki, rotasiya edəsən. Rəqib bundan yararlandı. Amma bizim zədəli futbolçularımız vardı. Ona görə də tam istədiyimizi edə bilmədik.
 
Çexiyalı hakimlər bizimlə yola getmir. Bakıda Zelinka "İnter"ə vurduğumuz təmiz qolu saymamışdı. Bu gün də hakim ilk dəqiqələrdən verdiyi sarı vərəqəylə futbolçularımın gözünü qorxutdu. Onsuz da doğma meydanda oynaya bilmirik. Gərək hakimlər də diqqətli olsunlar. 
 
Rusiyanın "Matç TV" kanalının bizim oyunları göstərməməsinin səbəbini dəqiq bilmirəm. Belə bir şey varsa, heç onlara fikir verməmək lazımdı.
 
Rahil Məmmədova əhsən deyə bilərəm. Uzun müddət zədəli oldu. "Zirə"ylə oyunda da yaxşı oynadı, əlindən gələni etdi. Sarı, qırmızı vərəqələr futbolun içində olan məqamlardı. Əsas olan onun oyuna yanaşmasıdı.
 
Hər 2-3 gündən bir oyun keçiririk. Bizim üçün çox çətindi. İndi Bakıya qayıdırıq, orda oyunumuz var. Sonra yenə də Sivasa gələcəyik. Bütün bunlar bizim üçün çətinlikdi. "Sivasspor" da bu gün məğlub oldu, hər iki komanda üçün vacib oyun olacaq.
 
Türkiyədə özümüzü evdəki kimi hiss etdik. Ona görə də Bakıda oynasaydıq, qalib gələrdik deyə bilmərəm. Çünki rəqibimizin səviyyəsi ortadadı. 
 
Heyətin güclənməsi həm ölkə çempionatı, həm də Avropa Liqası üçün vacib sayıram. Amma indi elə bir vəziyyətdi ki, transfer etmək çox çətindi. Ümumi problemdi. Abbas Hüseynov son vaxtlarda 7-8 səfərə gedib. İstər-istəməz fiziki yorğunluq olur. Amma ona istirahət verə bilmirik. Ölkə çempionatında da qələbələrimizin sayının az olması bununla bağlıdı. Çalışırıq ki, səviyyəmizi qoruyaq". 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR