Federasiyalar idmançılara dəstək olurmu:

Federasiyalar idmançılara dəstək olurmu: "Əmək haqqlarını yeni alıblar"

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə infeksiyanın ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Artıq 20 gündü ki, bütün növlər üzrə idmançılar zallardan, peşəkar məşqlərdən uzaq düşüblər. 

Sport7.az mütəmadi olaraq idman federasiyalarının, klubların və idmançıların yarışsız, məşqsiz qaldıqları karantin günləri ilə bağlı mövzular işıqlandırır. Ənənəmizə sadiq qalaraq bu dəfə də idmançıların vəziyyəti ilə bağlı olaraq araşdırma apardıq. 

Bir sıra idman federasiyalarının mətbuat xidmətindən idmançıların karantin günlərini necə keçirdiklərini, məşqlərdən uzaq qalmanın onlara necə təsir etdiyini və bu çətin günlərdə federasiya tərəfindən milli idmançılarına maddi-mənəvi yardım göstərilib-göstərilmədiyini soruşduq. 
 


Sənan Məhərrəmov (Azərbaycan Milli Karate Federasiyası): "Karateçilər karantin qaydalarına uyğun dövr keçirirlər. Hərəsi öz fərdi məşqini edir, fiziki və texniki formalarını qorumağa çalışırlar. Hər hansı çətinlikləri olanda federasiya tərəfindən qarşılanır. Vəziyyətin ağırlaşmasına imkan verilmir. Hər şey nəzarətdədi".
 


Kənan Məstəliyev (Azərbaycan Ağır Atletika Federasiyası): "Ağır atletika elə bir idman növüdü ki, zal olmasa məşq eləmək demə olar ki, mümkün deyil. Mütləq şəkildə avadanlıq lazımdı, ondan da evdə istifadə etmək olmaz. Ağır daşlardı. Baş üzərinə qaldırılan ştanqın çəkisi orta hesabla 100 kilo və ondan çox olur. Təsəvvür edirsiz, o çəki evin döşəməsini nə edər? (gülür)... Yüngül daşlarla işləmək də lazımi effekti vermir. Yəni bir sözlə, atletlər "artırmaq" üçün faktiki heç nə edə bilmirlər. Zallar rəsmi şəkildə bağlıdı, idman fəaliyyəti dayanıb. Ona görə də evdə müəyyən fiziki təmrinlər yetinməyə, ən azından geriləməmək üçün çalışırlar. Federasiya olaraq bir kömək də edə bilmirik, çünki özümüz də fəaliyyətsizik. Məşq, çalışmalar, yarışlar olmayandan sonra atacağımız bir addım da qalmır. Aprelin 20-ni gözləyirik. Karantin rejimi götürüləndən sonra tam gücümüzlə fəaliyyətə başlamağı planlaşdırırıq".

Mahal Məmmədov (Azərbaycan Futzal Federasiyası): "Hər kəs kimi onlar da karantin rejiminin tələblərinə riayət edirlər. Evdə daha çox vaxt keçirməyə çalışırlar. Hətta bununla bağlı çağırış xarakterli videolar çəkib göndərirlər. Biz də federasiyanın rəsmi "facebook" səhifəsındə paylaşırıq. Təbii ki, hər gün məşqə gedən insanların birdən-birə evə qapadılmasi çətindi. Amma sağlamlıq naminədirsə, dözməlidirlər və dözürlər. 
 


Məşqdən bu qalmaları mənfi təsirini mütləq göstərəcək. Əksəriyyəti çalışır ki, fərdi məşqlərlə bunu qismən kompensasiya etsinlər. Bağ evində qalanlar bu baxımdan nisbətən şanslıdırlar. Ancaq fərdi məşqlər kollektiv çalışmaların yerini vermir. Böyük zal, topla kollektiv məşqlər tam fərqlidi. Amma hazırki qadağalar sağlamlığımızı qorumaq üçündürsə, buna əməl etmək və verilən qərarları dəstəkləmək bir vətəndaş kimi futzalçıların da borcudu. Yeri gəlmişkən, çempionatımızda çıxış edən legionerlər və millinin baş məşqçisi də ölkələrinə getməyiblər, karantin günlərini Bakıda keçirirlər. Hətta onlar ölkəmizin daha təhlükəsiz olduğunu bildirirlər. Aydın məsələdi ki, çempionat bərpa olunarsa, komandalara hazırlıq keçmək üçün müəyyən vaxt veriləcək.

Bildiyim qədəri ilə, klublar müqavilə öhdəliklərini yerinə yetirir, oyunçuların maaşını ödəyir. Federasiya mütəmadi olaraq klublarla əlaqə saxlayır. Az öncə qeyd etdim ki, legionerlərin əksəriyyəti karantin günlərini Bakıda kecirir. Onların ölkəmizdə qalması üçün federasiya tərəfindən lazımı qurumlara məktublar göndərilir. Yəni federasiya klublarla daim əlaqədədi, yaranan problemlərin həllinə operativ şəkildə köməklik göstərir".
 


Tahir Hümmətov (Azərbaycan Boks Federasiyası): "Yığma üzvləri evdə fərdi məşqlərlə kifayətlənirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 20-dək hərəkət məhdudiyyəti tətbiq edib, həmçinin ölkədə bütün idman qurğularının işi dayandırılıb. Hazırlığın bərpası və təlim-məşq toplanışının təşkili növbəti qərarlardan asılı olacaq. 

Federasiya rəhbərliyi komandaya tapşırıqlarını verib. Bu müddətdə yığmamızın baş məşqçisi plan üzrə fərdi hazırlıqlara nəzarət edir, ehtiyac olduqda telefonla əlaqə də saxlayır. Bununla yanaşı, idmançılarımıza həkimimiz tərəfindən lazımı tövsiyələr verilir. Maddi məsələyə gəlincə, hansısa problem yoxdu. Boksçularımız əmək haqqlarını yeni alıblar".

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR