Fələyin də baş açmadığı Babək Quliyev

Fələyin də baş açmadığı Babək Quliyev

AFFA-nın Hakimlər Komitəsi yenidən formalaşdırılması və ora heç bir yerli mütəxəssisin deyil, məhz avstriyalı sabiq hakim Fritz Ştuxlikin  sədr təyin olunması birmənalı qarşılanmadı.  Futbol İctimaiyyətinin bir qisminin düşüncələrində hardasa "ümid çırağı" parıldasa da, böyük kütlə heç də ciddi dəyişiklik olmayacağını, hətta proseslərin mənfi yönə istiqamətlənə biləcəyini anlayırdı. Hansı ki, illərlə həmin kütlə Azərbaycan futbolunun içində olub, hazırda Hakimlər Komitəsinin tərkibini təşkil edən bəzi sabiq hakimlərin necə "oyunlara təyinat aldığını" dəfələrlə görüb. Zaman da məhz həmin kütlənin düzgün düşündüyünü sübut etməkdədi. 

Aydın məsələdi, Avstriyada vaxtilə sıradan bir hakim kimi fəaliyyət göstərmiş, dünya futbolunda elə də tanınmayan və elə öz ölkəsində Hakimlər Komitəsinin sədri vəzifəsindən qovulan Ştuxlikin Azərbaycanda hakimbaşı təyin olunması yalnız AFFA-nın, daha da dəqiqləşdirsək baş katib Elxan Məmmədovun maraqlarına uyğun gəlir. Yəni, Ştuxlik rəsmən Hakimlər Komitəsinin sədri vəzifəsini yerinə yetirməsinə baxmayaraq, fiqurdu. Bunu sadəcə, onun ətrafına yığışanlara baxıb, anlamaq çətin deyil. İllər öncə elə AFFA tərəfindən rüşvət iddiaları ilə yaşıl meydanlardan qovulan, böyük futboldan "təmizlənən" Babək Quliyev, Elçin Məmmədov kimi hakimlərə indi sözügedən qurumda mötəbər vəzifələr verilib - Elçin Məmmədov Hakimlər Komitəsinin tərkibində yer alır, Babək bəy isə hakim-inspektor kimi fəaliyyət göstərəcək. Əslində Ştuxlikin naşılığını normal qarşılamaq mümkündü. O Azərbaycan futbolunda baş verənləri harda görüb ki, müəyyən insanları da tanısın? Çox güman AFFA-da sözügedən sabiq FİFA referilərini yeni sədrə fərqli şəkildə, "əfsanə" kimi təqdim ediblər və o da təbii olaraq razılıq verib. Açığı, bunun özü dərin bir fəlsəfi mövzudu. Heç fələk də baş açmır...

Fələyin baş açmadığı sabiq hakimlərimizdən biri də elə Babək bəydi. Hə, vaxtilə FİFA dərəcəli, istedadlı hakimlərimizdən olub, bunu da deyək. Ancaq... İndi oxucularımıza bir məsələ barədə danışım, kefləri açılsın. Təxminən iki ay öncə, daha doğrusu Hakimlər Komitəsinin tərkibi müəyyənləşəndən sonra Quliyevlə əlaqə saxlayıb kənarda qalması ilə bağlı fikirlərini öyrənmək istəmişdik. Təbii ki, məqsədimiz vaxtilə istedadına görə seçilən hakimlərdən biri olduğu üçün onun da diqqətdən kənarda qalmaması idi. Ən azı sabiq həmkarları kimi ona da diqqət yönəldiləməsi niyyətindəydik. Çünki digər həmkarları kimi Quliyevə də sevimli peşəsi ilə bağlı AFFA-da vəzifə veriləcəyi gözlənilirdi. Həmin vaxt sosial şəbəkələrdə "tüğyan edən" Quliyevlə dialoqumuz isə fərqli alındı:

- Babək bəy, salam, necəsiz?

- Çox sağ olun.

- Bir məsələ ilə bağlı fikirlərinizi soruşmaq istəyirdim. Yəqin ki, xəbəriniz oldu, AFFA-nın Hakimlər Komitəsinin tərkibi müəyyənləşdi. Hamı gözləyirdi ki, siz də orda... (sualı tamamlamağa imkan vermir)

- Qardaş, mən heç kimə müsahibə vermirəm. Özümə söz vermişəm, qutardı.

- Niyə?

- Nə bilim, istəmirəm də. Mən idman mediasına inanmıram. Qutardı getdi, bir kəlmə.

- Səbəb nədi ki?

- İnanmıram də qardaş, inanmıram. Sual verirsiz, mən də deyirəm ki, inanmıram.

- İnanmamaq başqa məsələdi. Mən soruşmaq istəyirəm ki... (yenə də sözümüz yarımçıq qalır)

- Başqa sözünüz var, əzizim?

- Xeyr yoxdu...

- Sağ olun.

Bir anlıq düşünmüşdük ki, adam qəti qərarını verib və daha mətbuatda çıxış etməz, görünməz. Ancaq nədənsə idman mətbuatına inanmayan, danışmaq istəməyən həmin Babək Quliyev srağagün elə "İdman Azərbaycan"da efirə çıxdı və bülbül kimi "cəh-cəh vurdu". Futbolun bir tərəfindən "girib", o biri tərəfindən "çıxdı", fikirlərini izah etdi, özü də ətraflı şəkildə. Əcəba, verdiyi sözü geri götürməyə Babək bəyi vadar edən nə oldu? Eyni sualı yenə vermək istərdim - Səbəb nədi ki? Vəzifə qoxusu, yoxsa..? Hər halda görünən odu ki, istəyinə nail olan sabiq FİFA referisinin dili açılıb və hətta mediaya da inanmağa başlayıb. 

Atalarımızın abır-həya ilə bağlı bir çox dəyərli sözləri, məsəlləri var. Ancaq belə xırda məqamlara toxunub, sizi yormaq istəmirəm. Sadəcə, bir adamın 2 ayın içərisində nəyəsə görə önəmli dərəcədə dəyişə biləcəyinin əyani şahidi olmaq üçün yuxarıdakı təzadları oxumaq yetərlidi. Nə deyək? Başqa sözümüz yoxdu, cənab Quliyev, sizə uğurlar...

Səbuhi NƏRİMANOĞLU

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR