Fərhad Vəliyev: "Topa sıçradım, zərbə güclü olduğu üçün dəf edə bilmədim"

Fərhad Vəliyev:
Azərbaycan Kubokunun yarımfinalında baş tutan "Keşlə" - "Sumqayıt" matçında Meza-Kollinin son dəqiqələrdə vurduğu qol "Keşlə"yə qələbə qazandırdı. 

Qolun gözəl alındığına söz yox. Belə desək avropasayağı idi. Futbolçu topu çox ustalıqla canlı səddin üzərindən qapının yaxın, yəni qapıçının qoruduğu küncünə göndərmişdi. Amma nəticənin belə alınmasında "Sumqayıt"ın təcrübəli qolkiperi Fərhad Vəliyevin də böyük "əməyi" oldu. Oyun ərzində bir neçə dəfə səhvə yol verən Fərhadın sonuncu dəqiqədəki xətası isə komandasına baha başa gəldi. 

Təcrübəli qapıçı ilə həm oyun həm də turu keçmək perspektivi ilə bağlı danışdıq. Fərhad Sport7.az-a müsahibəsində bəzi məsələlərə də toxundu:

- Əvvəlcə oyunla bağlı fikirlərini bildirərdin. Məğlubiyyətin səbəbi nə idi?

- Bildiyiniz kimi kubok iki oyundan ibarətdi. İlk oyunda əlbəttə, səfərdən sərfəli nəticə ilə dönməyə çalışdıq, amma alınmadı. Heyətdə həm zədəli, həm də sarı vərəqə cəzalıları vardı. Əsas heyətin bəzi futbolçuları oyunu buraxdı. Düşünürəm ki, onlar dönəndən sonra ikinci oyunda "Keşlə"ni məğlub edib, finala vəsiqə qazanan tərəf biz olarıq. Uşaqlar əlindən gələni etdi. Açığı, oyunumuz da yaxşı alınmadı. 90-cı dəqiqədə qol buraxdıq. Bu bir qədər bizim üçün üzüntülü oldu. Amma ikinci oyunu evdə keçirəcəyik. Qapımızı toxunulmaz saxlamağa və qələbə qazanıb növbəti mərhələyə adlamağa çalışacağıq. 

- Məğlubiyyət komandada ab-havanı korlamayıb ki?

- Düşünürəm ki, korlamaz. İnşallah, Avrokuboklarda iştirak etməyə çalışacağıq.

- Turu keçmək perspektivi ilə bağlı fikirlərin necədi?

- Kollektiv olaraq buna inanırıq. İkinci oyunu evdə keçirəcəyik. 0:1 elə hesabdı ki, "Keşlə"nin qapısına 1 və daha artıq qolla yol tapa bilərik. 

- Komandada nə çatmadı? Cavab matçında hansı səhvləri təkrarlamamağa çalışacaqsız?

- Baş məşqçimiz tövsiyələrini verəcək. Birinci oyunda qura bilmədiyimiz hücumları evdə reallaşdırmağa, hücumda daha çox olmağa çalışacağıq.

- Oyunsonrası mətbuat konfransında  Samir Abasov bəzi futbolçuların özlərini "ulduz" hiss etdiyini və "havada" olduğunu bildirib. Həqiqətən komandada belə bir ab-hava hiss olunur?

- Kənardan baxanda, ola bilər ki, hansısa futbolçu "boşalsın". Çempionatda neçə turdu məğlub olmuruq. Amma düşünürəm ki, "ulduzlaşma" yoxdu. Hansısa oyunçu yorğun ola bilər. Mənə görə kollektivdə heç kim özünü "ulduz" kimi aparmır. Bəlkə də baş məşqçi emosional olduğu üçün hakim onu meydandan kənarlaşdırdı. Amma belə şeyin kollektivdə olduğunu düşünmürəm.

- Buraxılan qolda özünü nə dərəcədə günahkar sayırsan?

- Topu dəf edə bilərdim. Amma çalışsam da alınmadı. Epizod gözümün qabağındadı. Rəqib futbolçu canlı səddin üzərindən yaxın küncə zərbə vurdu. Canlı səddi yaxın küncdə qurub, mərkəzdə dayanmışdım. Topa sıçradım, amma zərbə güclü olduğu üçün dəf edə bilmədim.

- Oyun zamanı da bəzi səhvlərin oldu. Məsələn, ilk hissənin sonlarına yaxın çıxışda səhvə yol vermişdin. Bütün bunlar nə ilə bağlıdı?

- Heç nə ilə əlaqədar deyil. Sadəcə, istəyirəm ki, əlimdən gələni edim. "Keşlə"nin oyun üslubunu analiz etmişik, tez-tez irəliyə uzun ötürmələri olur. Çıxışlarda komandaya kömək etmək məşqçinin tapşırığı idi. Bundan sonrakı oyunlarda da qorxmadan çıxışlarda kömək etməyə çalışacağam. Əlbəttə, bunların bəzilərində səhv mümkündü. O da həmin epizodlardan biri idi. Amma bu səhvləri təkrarlamamağa çalışacağam.

- Məşqçi bildirdi ki, ən azı mövsümün sonuna qədər komandada qalacaqsan. Bu haqda düşüncələrin necədi? Getmək vaxtıdı, yoxsa oynamağa gücün var? Daha neçə il oynamaq fikrindəsən?

-  Əlbəttə oynamağa gücüm var. Klubla müqavilə müddətini uzatmağı düşünürəm. Hələ ki, danışıqlar olmayıb. Düşünürəm ki, yaxşı olar. "Sumqayıt"da qalmaq fikrim var. 

- Bəs rəhbərlik müqavilə müddətini uzatmasa yenə oynamağı düşünəcəksən, yoxsa karyeranı bitirməyi?

- Əlbəttə, karyeramı davam etdirmək istəyirəm. Hələ oynamağa gücüm var.

Sport7.az

Xəbər lenti