Fərid Atakişiyev: “Niyəsə hər şey son saniyələrdə başımızda “çatlayır”

Fərid Atakişiyev: “Niyəsə hər şey son saniyələrdə başımızda “çatlayır”
Futzal üzrə Yüksək Liqanın 23-cü turunda keçirilən EKOL – "FK.İD.Futsal” qarşılaşması gərginliyi ilə yadda qaldı.
 
Fasiləyə 4:0 hesabı ilə qalib yollanan EKOL ikinci hissədə az qala "sürpriz”lə üzləşəcəkdi. Belə ki, rəqib buraxdığı qollardan 3-nün əvəzini çıxmağı bacardı. Yalnız görüşün başa çatmasına 2 dəqiqə qalmış Fərid Atakişiyevin boş qapıya vurduğu qol fərqi yenidən 2 topa çatdırmaqla bərabər, oyunun nəticəsini də müəyyənləşdirdi.
 
Sport7.az matçdan sonra Atakişiyevin AFF-in facebook səhifəsinə verdiyi müsahibəni təqdim edir.
 
- Fasiləyə qədər 4 qol vuran EKOL ikinci hissədə niyə ayıla bilmirdi?
 
- Buna hazır idik. Çünki bu komanda ilə son iki oyunumuz fərqli ab-havada keçib. 2:0 hesabı ilə qalib gəldiyimiz matçı 2:2, 5:1 hesabı ilə udduğumuz görüşü 5:5 hesabı ilə yekunlaşdırmışdıq. Bu cür gedişat ancaq "FK.İD.Futsal”la oyunda baş verir. Bilmirəm, səhvlər edirik, yoxsa arxayınlıq yaranır... Əsas odur ki, seriyanın təkrarlanmasına imkan vermədik. 
 
- Maraqlıdır ki, bu seriya son iki oyunda belə alındı. Nəticə çıxarmağa nə mane olur?
 
- Yenə deyirəm, bu cür ssenari ancaq "FK.İD.Futsal”la oyunlarda yaşanır. Deyirik ki, son saniyələrə qədər mübarizə aparacağıq, dayanmayacağıq, ancaq niyəsə hər şey son saniyələrdə başımızda "çatlayır”. Bu dəfə də təkrarlansaydı, bilmirəm necə olacaqdı.
 
- Hesab 4:3 olan zaman xüsusilə də "Olimpik Star”dakı hadisələrin təkrarlanacağını bir anlıq olsa belə, düşündün? (Qeyd: Cari mövsümün 3-cü dövrəsi çərçivəsində keçirilən oyunun gedişində EKOL 5:1 hesabı ilə öndə olsa da, sonra 34 saniyə qalmış debütant hesabı bərabərləşdirmişdi).
 
- 4:0-dan sonra ardıcıl 3 top vurmaları hadisələrin ona doğru getdiyini göstərirdi. Üstəlik, bizdə də psixoloji baxımdan müəyyən gərginlik yarandı. Yaxşı ki, sona yaxın həlledici qolu vura bildik.
 
- Həmin qolu da sən vurdun.
 
- Buna görə sevinirəm. Vacib olan komandama kömək etmək idi. 
 
- Növbəti oyunda "Neftçi” ilə qarşılaşacaqsınız. Bu dueldə hansısa sürpriz yaşana bilərmi??
 
- Bu da bizim "El Klassiko”du. Onlarla bu mövsümdə 3 oyun keçirmişik və hamısında qalib gəlmişik. Təbii ki, rəqib revanş almağa çalışacaq. Elə etməliyik ki, xal itirməyək. 
 
- EKOL-un məqsədi bürünc medal qazanmaqdı, yoxsa gümüş medala iddiası davam edir?
 
- Şansımız var. Ancaq medalın əyyarı haqda düşünmürük. Meydana çıxdığımız oyunlarda qalib gəlmək istəyirik. Hər oyunda qələbə qazansaq, istəyimizi reallaşdıracağıq. 
 
- Bu yolda əsas rəqibiniz olan "Marafon Futsal”ı uda bilməmisiniz. Bu uğursuz seriya son dueldə də davam edəcək?
 
- İmkan verməməliyik ki, çempionatı onlarla uğursuz duellə yekunlaşdıraq.
 
Sport7.az

Xəbər lenti